Mərhumun ailəsi şəhər prokurorunu günahlandırır
İyulun 19-da Mingəçevir Şəhər Prokurorluğunda ölüm hadisəsi baş verib. 1991-ci il təvəllüdlü Turalə Natiq qızı Aslanova prokurorluğun ikinci mərtəbəsindən düşüb. Onun özünü ataraq intihar etdiyi bildirilir.
Turalə Aslanova xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Turalə Aslanovanın ailə üzvləri onun ölümünə görə Mingəçevir şəhər prokurorunu, onun köməkçisini, müstəntiqi ittiham edir. Atası Natiq Aslanov Meydan TV-yə bildirib ki, prokurorluqda Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə cinayət işi açılıb, qızı da şahid qismində dindirilməyə cəlb edilib.
Atasının sözlərinə görə, Turalə Aslanova məsələnin obyektiv araşdırılması, bu işin Mingəçevir Şəhər Prokurorluğundan alınması üçün Baş Prokurorluğa məktub yazıb. Lakin onun məktubuna əhəmiyyət verilməyib.
“Səs yazıları, mesajlar var. Prokurorun köməkçisi deyir: “Mənə göstəriş verilib ki, araşdırma, mən də araşdırmamışam”. Bu mesajlar araşdırılmalıdır. Qızım deyirdi ki, adamların pulu qaytarılmalıdır. Borcu olan Kəmalə Quliyeva əhəmiyyət vermirdi. Kəmaləni qoruyurdular. Kimlər, niyə qoruyurdu? Mənim qızımı öldürdülər”, – Natiq Aslanov bildirib.
O əlavə edib ki, qızı keçmiş polis əməkdaşı olub. Turalə Aslanova polis şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsində çalışıb.
Baş Prokurorluğun Mətbuat Xidməti də hadisə barədə məlumat yayıb. Məlumatda bildirilir ki, Turalə Aslanova vəkili Emin Kiçikbəyovun iştirakıyla dindirməyə dəvət olunub. O, bir neçə nəfərin ümumilikdə 413 min manatı ələ keçirməsi faktı üzrə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə istintaq olunan cinayət işi üzrə dindirməyə çağırılıb:
“İstintaq hərəkətinin gedişində Turalə Aslanova şəhər prokurorluğunun inzibati binasının 2-ci mərtəbəsində yerləşən dindirmə otağının pəncərəsindən özünü yerə atıb, nəticədə ağır bədən xəsarəti alıb. Dərhal Mingəçevir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Hazırda hadisə ilə bağlı Baş Prokurorluq tərəfindən araşdırma aparılır”.