Mingəçevir İstilik Elektrik Stansiyasında yenə ölüm faktı qeydə alınıb. Stansiya əməkdaşlarının Meydan TV-yə verdiyi məlumata görə, sentyabrın 14-də Mehman Mustafayev adlı mütəxəssis yüksəklikdən yerə düşərək həyatını itirib. Hadisəyə səbəb kimi M.Mustafayevin ayağının altındakı dəmirin qırılması göstərilir.
Şahidlərin sözlərinə görə, 47 yaşlı M.Mustafayev əslən Neftçala rayonundandır. Onun “SFV GROUP” MMC-nin işçisi olduğu bildirilir.
MMC havalandırma sistemlərinin quraşdırılması ilə məşğuldur. Meydan TV əməkdaşı şirkətdən hadisə ilə bağlı sorğusuna cavab ala bilməyib. Rəsmi qurumlar da hər hansı açıqlama yaymayıblar. Amma Mingəçevir Şəhər Xəstəxanasından adının açıqlanmasını istəməyən mənbə hadisəni təsdiqləyib.
Bu, son bir ayda ikinci hadisədir. Avqustda Mingəçevir şəhər sakini, İES-də fəhlə kimi çalışan 1985-ci il təvəllüdlü Yəhyayev Sənan Ramik oğlu iş zamanı hündürlükdən yıxılaraq 6000 kv-lıq elektrik naqilinin üzərinə düşüb. Hadisə nəticəsində 34 yaşlı Sənan yanaraq
vəfat edib
.
Sənan Yəhyayev ailənin yeganə oğlan övladı olub.
Ondan əvvəl, bu il fevralın 19-da isə İES-in fəhləsi, Salyan rayon sakini, 1994-cü il təvəllüdlü Nihat Barat oğlu Mirzəyev ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarət alıb, xəstəxanaya götürülüb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.