Milli Şuranın toplantısında mitinq hazırlığı haqda fikirlər səsləndi

Source:


Cəmil Həsənli: “Biz Şimali Koreya modelinin içərisindəyik və ölkədə İlham Əliyevin şəxsi hakimiyyəti qurulub”


Əli Kərimli: “Hakimiyyət Azərbaycanda başlanmaqda hər zaman gözlənilən böyük demokratik hərəkatın qarşısını almaq üçün cəmiyyətdə qorxu yaratmaq məqsədilə indiki prosesləri məqsədyönlü şəkildə həyata keçirir”

Avqustun 1-də Demokratik Qüvvələrin Milli Şurası Sülh və Demokratiya İnstitutunun ofisində qurumun həbsdə olan direktoru Leyla Yunusun həbsi ilə əlaqədar toplantı keçirir.

Meydan TV-nin əməkdaşının verdiyi məlumata görə, tədbirə partiya liderləri, ictimai xadimlər, ziyalılar, fəal gənclər, media mənsubları qatılıb.

Milli Şuranın sədri Cəmil Həsənli bildirib ki, Leyla Yunus həbs olunan gün qurumun “Azərbaycanın narkotrafik məkanına çevrilməsi” adlı tədbirində məruzəçiydi: “O, “Narkotik ittihamı ilə həbs olunan siyasi və vicdan məhbusları” adlı məruzəsiylə çıxış edəcəkdi. Bir gün əvvəl onun məruzəsini müzakirə etmişdik. Leyla xanım bildirmişdi ki, hazırki siyasi məhbus siyahısında 13 nəfər narkotika ittihamı ilə həbs edilən şəxsin adı var. Çox maraqlıdır ki, həbs olunan blogerlərin hamısına narkotika ittihamı irəli sürülüb və bunlar beynəlxalq hesabatlara daxil edilib. O, xüsusilə din xadimlərinin narkotik ittihamı ilə həbs edilməsinin ciddi narahatlıq doğurduğunu bildirdi.  Əfsus ki, Leyla xanım həmin məruzəni edə bilmədi”.

Cəmil Həsənli Leyla Yunusun həbsinin bir çox səbəbləri olduğunu dedi: “Amma indiki halda bu həbsin həyata keçirilməsinin bir səbəbi də Azərbaycan hakimiyyətinin başı üzərini almış narkotika ittihamının ictimai fikirdə möhkəmlənməsindən ibarətdir. Mən bir il əvvəl Azərbaycanın Şimali Koreya modelinə doğru getdiyini yazanda, dostlarım “hadisələri mürəkkəbləşdirirsən, “qara rəngdə görürsən” deyə etiraz edirdi. Amma proqnozlarımın doğrulmağını arzulamazdım. Təəssüf ki, biz Şimali Koreya modelinin içərisindəyik, diktaturura hakimiyyəti içərisində yaşayırıq və ölkədə İlham Əliyevin şəxsi hakimiyyəti qurulub. Bu günlərdə müstəqil QHT-lərə, gənclərə qarşı basqılar, xüsusən narkotika ittihamları diktatura, repressiv və avtoritar rejimin bərqərar olmasına yönəlmiş hərəkətdir”.

AXCP sədri Əli Kərimli bildirib ki, hazırda baş verənlər demokratik qüvvələrə qarşı repressiya dalğasıdır: “Hakimiyyət Azərbaycanda başlanmaqda hər zaman gözlənilən, istisna olunmayan böyük demokratik hərəkatın qarşısını almaq üçün cəmiyyətdə qorxu yaratmaq məqsədilə indiki prosesləri məqsədyönlü şəkildə həyata keçirir. Əsas məqsəd demokratik qüvvələri müdafiəyə sövq etmək, cəmiyyətdə qorxu yaratmaqla mübarizə əzmini zəiflətmək və ictimaiyyətə mesaj vermək ki, Azərbaycan hökuməti heç bir beynəlxalq ictimaiyyətlə hesablaşmır. Leyla xanım vətəndaş cəmiyyətinin ən nüfuzlu təmsilçisidir, onun həbsi sadə məsələ deyil. O zaman biz hazırki situasiyada aksiyalara hazırlaşmalıyıq və iqtidara cəmiyyətin əzminin ölmədiyini göstərməliyik”.


Toplantı davam edir.

Ana səhifəXəbərlərMilli Şuranın toplantısında mitinq hazırlığı haqda fikirlər səsləndi