Milli Şura mitinq qərarı verdi

Foto: Meydan TV

Tofiq Yaqublu: “Məqsədimiz Ukrayna xalqına dəstəyimizi ifadə etməkdir”

Demokratik Qüvvələrin Milli Şurası aprelin 2-ə Ukraynaya dəstək mitinqi keçirmək barədə qərar qəbul edib.

Bu barədə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu “Facebook” səhifəsində məlumat yayıb.

Aksiyanın saat 15.00-dən 17.00-dək keçirilməsi nəzərdə tutulur.

T.Yaqublu bildirib ki, mitinq üçün “Məhsul” stadionu, “Nərimanov” metrostansiyasının yanındakı park və “Ukrayna” dairəsi təklif olunub.

“Mitinqin məqsədi Azərbaycan xalqının Rusiyanın hərbi təcavüzünə məruz qalmış Ukrayna xalqına dəstəyini ifadə etməkdir. Mitinq şəhər hakimiyyəti ilə razılaşdırılacağı təqdirdə keçiriləcək”, – deyə Yaqublu bildirib.

Xatırlatma

Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı hücuma başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Ana səhifəSiyasətMilli Şura mitinq qərarı verdi