"Müəssisənin rəisi şəxsən özü Zamin Salayevə iki dəfə ağır işgəncə verib"
Demokratik Qüvvələrin Milli Şurası hakimiyyəti siyasi təzyiq və repressiyalara son qoymağa çağırıb.
Bu barədə Milli Şuranın sentyabrın 28-də yaydığı bəyanatda qeyd olunur.
Milli Şura hesab edir ki, Azərbaycan hakimiyyəti gerçək müxalifətə və vətəndaş cəmiyyəti fəallarına qarşı basqıları dayandırmalıdır: "Bunun ən bariz nümunələri AXCP üzvləri Niyaməddin Əhmədov və Zamin (Əlizamin) Salayevin başına bugünlərdə gətirilən hadisələrdir. AXCP sədrinin ictimai əsaslarla mühafizəçisi olan Niyaməddin Əhmədov ötən ilin aprelindən həbs edilib. Ona qondarma "terroru maliyyələşdirmə" ittihamı ilə 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası istənilib. Niyaməddin Əhmədov həbsdə olduğu bu müddətdə dəfələrlə ağır işgəncələrə məruz qalıb. Ondan AXCP sədri Əli Kərimliyə qarşı ifadə tələb olunub, amma o bundan imtina edib. Ona ağır işgəncələrin verilməsi də, uzunmüddətli həbs cəzasının istənilməsi də məhz Əli Kərimliyə mühafizəçilik etməsinə, onun əleyhinə yalan ifadə verməməsinə görədir. Şərlənərək həbs edilən digər AXCP fəalı Zamin Salayev də saxlanıldığı 17 saylı cəzaçəkmə müəssisəsində işgəncələrə və haqsız cəzalanmaya məruz qalıb. Zamin Salayev başına gələnləri növbəti məhkəməsilə əlaqədar köçürüldüyü istintaq təcridxanasından partiya dostlarına çatdıra bilib. Bəlli olub ki, ondan bəyanat verərək partiyadan çıxmasını istəyiblər, imtina cavabı aldıqda isə işgəncə veriblər və 10 gün cəza kamerasında (kars) saxlayıblar. Müəssisənin rəisi Şakir Qəniyevin şəxsən özü də ona iki dəfə ağır işgəncə verib".
Milli Şura ədliyyə generalı, hüquqşünas Vidadi Mirkamal son illərdə aldığı qanuni pensiyanın bir hissəsindən məhrum edildiyini bildirib: "Üstəlik, onun indiyə qədər aldığı pensiyadan 103 min manatı dövlətə geri ödətmək üçün əmlakını siyahıya alıblar. Bu cür qanunsuz şəkildə ağır maddi sanksiyaya məruz qalmaq Milli Şura rəhbərliyinin başına buna qədər də gəlib. Bir müddət əvvəl Milli Şuranın Koordinasiya Mərkəzinin digər üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin evinə və maşınına qondarma iddialarla həbs qoyulmuş və o, evinin hərracda satılması təhdidi ilə 91 min manat qanunsuz cərimə ödəməyə məcbur edilmişdi. Məhz siyasi əqidəsinə görə bütün iş və gəlir əldə etmək imkanlarından məhrum olunmuş insanları üstəlik belə ağır maddi sanksiyalara məruz qoymaq da mənəvi terrorun bir formasıdır. Bütün bunlara qədər isə Azərbaycan cəmiyyəti Milli Şuranın sədri, dünyaca tanınmış alim Cəmil Həsənliyə qarşı rejimin törətdiyi miskin mənəvi terrorun şokunu yaşadı. Daha bir mənəvi terror AXCP tərəfdrlarından olan Laçın Vəliyev adlı şəxsə törədilib. Laçın Vəliyevi polisə apararaq tələb ediblər ki, AXCP Rəyasət Heyətinin üzvlərindən onun yaxın münasibətdə olduğu Bəxtiyar İmanovun əleyhinə yalan ifadə versin, ya da narkotik ittihamını üzərinə götürüb həbsi ilə razılaşsın. Onu öz evində gizli kamera yerləşdirərək lentə aldıqları, öz həyat yoldaşı ilə olan məhrəm görüntülərlə şantaj ediblər, o da başqasına şər atmaqdansa saxta narkotik ittihamını üzərinə götürüb həbsilə razılaşmışdı və hazırda həbsdədir. AXCP-nin başqa bir fəalı Aqil Hümbətovun başına gətirilənlər də Azərbaycan hakimiyyətinin siyasi rəqiblərinə qarşı hansı alçaq vasitələrlə mübarizə apardığını göstərir. Aqil Hümbətovu sosial şəbəkədə şəxsən ölkə başçısı İlham Əliyevə ünvanladığı sərt tənqidlərinə görə əvvəlcə heç bir əsas olmadan ruhi əsəb xəstəxanasına saldılar, sonra da qurama bir ittihamla həbs etdilər. Bu sadalanan hadisələr hakimiyyətin davam edən təzyiq və repressiyasına aid nisbətən daha qabarıq olanlarıdır".
Bəyanatda ictimai-siyasi fəal Bəxtiyar Hacıyevin Daxili işlər naziri Vilayət Eyvazova yazdığı tənqidi qeydə görə, hətta Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılov tərəfindən hədələndiyi də vurğulanır.
"Milli Şura 100 nəfərdan artıq siyasi məhbusun varlığını, Tərtərdə hərbçilərə qarşı törədilən dəhşətli işgəncə cinayətlərinin hələ də ört-basdır olunduğunu da əlavə etməklə bir daha vurğulayır ki, daxildə belə bir ictimai-siyasi mühitin mövculuğu dövlətimizin gələcəyi üçün təhlükəlidir və İlham Əliyev hakimiyyəti öz məsuliyyətini, nəhayət anlamalı, izlədiyi bu idarəçilik üsulundan imtina etməlidir. Milli Şura həmçinin xalqımıza çağırış edir ki, onun sözünü deyən, haqqını müdafiə edən prinsipial siyasətçiləri, ictimai fəalları müdafiə etməyi bacarsın, haqsız yerə məhbəslərdə yatan siyasi məhbusların azadlığı üçün səsini ucaltsın", – bəyanat bu fikirlərlə bitir.