Milli Şura: Hakimiyyət pandemiya məhdudiyyətlərini fürsətə çevirib

Demokratik Qüvvələrin Milli Şurası hesab edir ki, Azərbaycan hakimiyyəti korrupsiya, pulyuma cinayətləri və COVİD-19 pandemiyasından öz siyasi opponentlərinə qarşı qeyri-insani sui-istifadəsilə bütün dünyanı heyrətləndirib.

Source: Foto: sosial şəbəkə


“Fərqli fikir daşıyıcılarına qarşı təzyiq və təqiblər var”

Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) qarşı repressiyalar haqda bəyanat yayıb.

Milli Şura bildirir ki, hakimiyyət pandemiya dövrünün yaratdığı məcburi məhdudiyyətləri fürsət bilir. Siyasi müxaliflərə, fərqli fikir daşıyıcılarına qarşı total təzyiq və təqib kampaniyası aparır:

“Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu uydurma ittihamla şərlənərək həbs olunub. Bundan əlavə, yaxınlarda Milli Şuraya qarşı dünya tarixində presidenti olmayan kibercinayət törədildi”.

Milli Şura hesab edir ki, yeni repressiya və təqib dalğasının başlıca hədəfi Azərbaycan Xalq Cəbhəsi Partiyası və onun sədri Əli Kərimlidir:

“Əli Kərimli aprelin 14-dək qismən, 15 apreldən isə tamamilə internet blokadasına alınıb. Onun və ailə üzvlərinin internetə çıxışı kəsilib. Kərimli ailəsinə mobil şəbəkə üzərindən danışıq imkanı günün müəyyən saatlarında verilir. Bəzən günlərlə mobil telefonları kəsilir. Bu absurd təqibin məqsədi ölkənin ən reytinqli müxalifət liderinin cəmiyyət, ətraf aləm və hətta partiyadaşları ilə ünsiyyətini minimum səviyyəyədək məhdudlaşdırmaq, onun siyasi fəaliyyətini bloklamaqdır. Hətta Əli Kərimlinin televiziya kabelini düzəltməyə gələn usta Ceyhun Məcidov 30 sutka inzibati həbs cəzasına məhkum edilib. Onun heç bir siyasi mənsubiyyəti və fəaliyyəti yoxdur”.

Bəyanatda AXCP fəalları Aqil Hümbətovun, haqlarında cinayət işi açılan Niyaməddin Əhmədovun və Səid Məmmədzadənin həbsi xatırlanıb:

“Səid Məmmədzadənin həbsi eynilə Tofiq Yaqubluya qarşı quraşdırılmış cinayət işinin ssenarisinin oxşarıdır. 30 sutka inzibati cəzası bitəndən dərhal sonra birbaşa Dövlət Təhlükəsizlik Xidmətinə aparılan Niyaməddin Əhmədova qarşı Cinayət Məcəlləsinin 241.1-ci maddəsilə terrorçuluğu maliyyələşdirmək ittihamı irəli sürülüb. Əli Kərimlinin ictimai əsaslarla çalışan cangüdəni Niyaməddin Əhmədova qarşı gülünc və əsassız ittiham irəli sürülüb. AXCP və Əli Kərimliyə qarşı illərdir davam edən repressiyaları rejimin arzuladığı məcraya yönəltmək və Əli Kərimlini terrorçuluqda ittiham edərək həbs etmək istəyirlər”.

Demokratik Qüvvələrin Milli Şurası hesab edir ki, Azərbaycan hakimiyyəti korrupsiya, pulyuma cinayətləri və COVİD-19 pandemiyasından öz siyasi opponentlərinə qarşı qeyri-insani sui-istifadəsilə bütün dünyanı heyrətləndirib.

Tofiq Yaqublu bu il martın 22-də saxlanıb. Bir gün sonra Nizami rayon Məhkəməsinin qərarıyla onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin (CM) 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar vasitəsilə xuliqanlıq) maddəsiylə suçlanır. İddia olunur ki, avtomobil qəzası zamanı o, digər maşının sürücüsünü və yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. Tofiq Yaqublu ittihamı rədd edir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir. O, saxlanmamışdan öncə – martın 22-də “Facebook” səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı:

“Dostlar, ciddi təxribatla üzləşmişəm. 8-ci kilometr bazarında park halındakı maşınımı qəsdən, nümayişkaranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır”.

Tofiq Yaqublu ilə münaqişə yaşadığı bildirilən şəxs isə onun hücumuna məruz qaldığını iddia edib.

Bir müddətdir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin mobil, ev telefonu və internet əlaqələrinin kəsildiyi bildirilir.

Aprelin 17-də Abşeron Rayon Məhkəməsinin qərarıyla AXCP-nin başqa bir üzvü Vüqar Əbilli də polisə müqavimətdə suçlanaraq, inzibati qaydada 20 sutka həbs olunmuşdu.

AXCP sədrinin köməkçisi Faiq Əmirli, mühafizəçiləri Ruslan Əmirov, Niyaməddin Əhmədov, partiya fəalları Baba Süleymanov və Nicat Abdullazadənin hər birinə 30 sutka həbs cəzası verilmişdi.

Faiq Əmirliyə növbəti dəfə mayın 25-də Sabirabad Rayon Məhkəməsinin qərarı ilə 15 gün inzibati həbs cəzası verilib. O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə təqsirli bilinib. Özü ittihamları qəbul etmir.

Ana səhifəSiyasətMilli Şura: Hakimiyyət pandemiya məhdudiyyətlərini fürsətə çevirib