Aydın Balayev: “Dünya tarixşünaslığında İkinci Dünya Müharibəsi adlanır”
Milli Məclisin martın 30-da keçirilən iclasında II Dünya Müharibəsinin 1941-1945-ci illərdəki mərhələsinin necə adlandırılması sualı diskussiyalara səbəb olub.
Parlamentin birinci vitse-spikeri Əli Hüseynli “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.
Ə. Hüseynli bildirib ki, bu yubiley medalı həmin dövrdə ön cəbhədə, arxa cəbhədə fəaliyyət göstərən, düşmən arxasında döyüşən azərbaycanlılar o cümlədən, o dövrdə faşistlərə qarşı döyüşən əcnəbilərin təltif edilməsi üçün nəzərdə tutulub.
Millət vəkili Fazil Mustafa isə bildirib ki, II Dünya Müharibəsini Böyük Vətən Müharibəsi kimi təqdim etməkdən çəkinmək lazımdır:
“Bunu faşizm üzərində böyük qələbə kimi qəbul etməliyik. Qarşıdan 28 aprel gəlir. Biz bu hadisələrə müstəqil dövlət təfəkkürü ilə qiymət verməliyik. Hadisənin 100 illiyini qeyd etməliyik. Söhbət bolşevik Rusiyası tərəfindən bizim müstəqilliyimizə son qoyulmasından gedir. Bu gün Jirinovski kimi insanlar Böyük Vətən Müharibəsi anlayışından istifadə edib bizi konfederasiyaya dəvət edirlər. Bizim üçün ən böyük Vətən Müharibəsi Qarabağ müharibəsidir”.
Millət vəkili Musa Qasımlı qeyd edib ki, Böyük Vətən Müharibəsi başlayanda SSRİ-də yalnız Bakı-Tehran aviareysi işləyirdi:
“Azərbaycanın nəqliyyat kommunikasiya məsələlərinə də böyük töhfələri olub. Bu gün Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan tarixi köklərinə böyük hörmət bəslənilir, Ermənistanda isə nasizm hökm sürür. Ona görə də bu medalın qəbulu həm bu gün, həm keçmiş, həm də gələcəyə hörmət baxımından böyük önəm daşıyır”.
Millət vəkili Hikmət Babaoğlu da 1941-1945 illərinin Böyük Vətən Müharibəsi kimi təqdim edilməsini dəstəkləyib: “O vaxt SSRİ bizim böyük vətənimiz idi”.
Millət vəkili Qüdrət Həsənquliyev deyib ki, 1941-ci ildə almanlar hücum edəndə azərbaycanlılar öz vətəni uğrunda döyüşürdü.
“Bu insanlar heç faşizmin mahiyyətini bilmirdi, vətənləri uğrunda savaşırdı. Ermənistanda faşizmin qəhrəmanı Njdeyə heykəl ucaldırlar. Ona görə də, bunun Böyük Vətən Müharibəsi kimi qəbul edilməsi anlaşılandır”.
AMEA-nin Sovet dövrü tarixi şöbəsini rəhbəri, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev Meydan TV-nin sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan 70 il SSRİ-nin tərkibində olduğundan o dövrdən qiymətləndiriləndə Böyük Vətən Müharibəsi adlanırdı, hamı da o cür deyirdi. Müasir tarixşünaslıqda sovet-alman müharibəsi kimi adlanır:
“Münasibətlər və fikirlər dəyişir. Məncə, sovet-alman müharibəsi də adlandırmaq olar. Amma o zaman Azərbaycan SSRİ-nin tərkibində olduğundan Böyük Vətən Müharibəsi də adlandırmaq mümkündür. Yəni zaman və məkanında qiymət vermək lazımdır”.
Tarixçi-professor Aydın Balayev isə Böyük Vətən Müharibəsi ifadəsinin əleyhinədir.
Onun fikrincə, müstəqilliyin ilk illərində bu ifadədən imtina edilmişdi və İkinci Dünya Savaşı kimi yazılırdı və deyilirdi. O qeyd edib ki, son illərdə yenidən ona qayıdıblar:
“Halbuki, dünya tarixşünaslığında Rusiya tarixçilərindən başqa heç kim bu ifadəni işlətmir. Dünya tarixşünaslığında İkinci Dünya Müharibəsi adlanır. Hansı Böyük Vətən Müharibəsindən danışırlar? Rusiyanın? Mən bu ifadənin əleyhinəyəm”.