“Vəzifəli şəxslər 10 min 500, hüquqi şəxslər isə 20 min manat cərimələnəcək”
Milli Məclisin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik layihəsi qəbul olunub.
Dəyişikliyə əsasən, taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi üçün rüsum 3 min manat olacaq.
Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün rüsum 125 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi üçün isə rüsum 25 manat təşkil edəcək.
Azərbaycanla xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-muntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün 250 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi üçün isə 75 manat rüsum ödəniləcək.
Həmçinin İnzibati Xətalar Məcəlləsinə belə bir dəyişiklik edilib.
Taksi sürücüsü haqqında, o cümlədən hər bir taksi sifarişi üzrə məlumatları informasiya sisteminə ötürməyən vəzifəli şəxslər 10 min 500, hüquqi şəxslər isə 20 min manat cərimələnəcək.
Taksilərə rəqəmsal taxoqraf cihazı quraşdırılacaq.
Həmin cihaz vasitəsilə avtomobilin sürətinə, hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatlar fasiləsiz qeydə alınacaq.
Bu dəyişiklik “Avtomobil nəqliyyatı haqqında” Qanunda əksini tapıb.
Taksi avtomobillərinə gediş haqqının məbləğinin hesablanması üçün taksometr də quraşdırılacaq.
Bu il mayın 3-dən “PASHA Holding” Azərbaycanın “taksi bazarı”na da daxil olub.
O vaxtdan da taksilərlə bağlı məsələ rəsmi səviyyədə gündəmə gəlib.
Holdinqin “Umico” brendi (Competo MMC) Ukraynanın “Uklon” taksi şirkəti ilə əməkdaşlığa başlayıb.
Bu prosesdə “PASHA Holding”in tərəfdaşı olan “Uklon Azərbaycan” MMC fevralda “PASHA Holding”lə eyni ünvanda (Neftçilər pr., ev 153) qeydiyyatdan keçib, nizamnamə kapitalı 100 000 ABŞ dollarıdır.
Hazırda Azərbaycanda fəaliyyət göstərən xarici investisiyalı taksi şirkətlərinin sayı beşdir:
“Uber” (Rusiya, “Yandex”), “Bolt” (Estoniya), “Yango” (Rusiya, “Yandex”), “Maxim” (Azərbaycan), “Uklon Azərbaycan”(“Umico”, “PAŞA Holding”).
Ekspertlər hesab edir ki, qanuna edilən dəyişikliklər ölkədə taksi qiymətlərinin artmasına və nəzarətin güclənməsinə səbəb olacaq.
Rəsmi qurumlar isə dəyişiklikləri vətəndaşların təhlükəsizlik və mənafeyinin qorunması ilə izah edirlər.