“Sənəd qurumun özünün nizamnaməsinə qarşı tam hörmətsizlikdir”
Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsi Avropa Parlamentinin “Avropa İttifaqı-Azərbaycan münasibətləri” adlı hesabatına etiraz edib.
Komitənin bəyanatında bildirilir ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamədə Azərbaycanın sülhə nail olmaq səyləri qəsdən gözdən salınıb. Bu səbəbdən qətnaməyə etiraz edilir və şiddətlə qınanır:
“Sənəddə Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınması beynəlxalq hüquqa, eləcə də bu qurumun özünün nizamnaməsinə qarşı tam hörmətsizlikdir.
“Bu qətnamənin mətnindən dözülməz korrupsiya qoxusu gəlir”
Sənəd Azərbaycanın Qarabağ iqtisadi rayonunda vəziyyətin destabilizasiyasına yönəlmiş yalan və təhqiredici ritorika ilə doludur.
Avropa Parlamenti nəinki öz nüfuzuna xələl gətirən bu qətnamənin qəbul edilməsinin qarşısını ala bilməyib, həm də xaos və müharibə yolu ilə Cənubi Qafqaz bölgəsindəki çirkin planlarını həyata keçirməyə çalışan qüvvələrin alətinə çevrilib. Bu, dərin məyusluq və hiddət doğurur”.
Bəyanatda iddia edilir ki, “bu qətnamənin mətnindən dözülməz korrupsiya qoxusu” gəlir.
Milli Məclis avropalı parlamentariləri yenidən düşünməyə çağırıb…
Sənədin sonunda Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi avropalı parlamentariləri yenidən düşünməyə çağırıb: “Avropa Parlamentini odun üstünə yağ tökməməyə, revanşist qüvvələri bəsləməməyə, qarşılıqlı hörmət və anlaşmaya əsaslanan konstruktiv dialoqa çağırırıq”.
Avropa Parlamenti martın 15-də keçirilən plenar iclasında səs çoxluğu ilə “Avropa İttifaqı-Azərbaycan münasibətləri” adlı hesabat qəbul edib.
Hesabatda bildirilir ki, Azərbaycanda insan haqlarının durumu ağırdır, siyasi məhbuslar var, müstəqil mediaya basqı edilir, bu yöndə yeni qanunlar qüvvəyə minib.
Həmçinin qeyd edilir ki, Azərbaycan hökumətini beynəlxalq öhdəliklərini yerinə yetirmir, təməl azadlıqlar və insan haqlarını pozur.
Həmçinin son zamanlar Azərbaycanın Avropa ilə enerji mübadiləsinə toxunulan sənəddə qeyd edilir ki, Avropa İttifaqının Azərbaycanla enerji sektorunda əməkdaşlığınının güclənməsi bu ölkədə insan haqlarının və demokratiyanın pozulmasına göz yummağa gətirib çıxarmamalıdır.
Avropa Parlamenti Azərbaycanı ifadə və media azadlığına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına, təməl insan hüquqlarının təmin edilməsinə, habelə siyasi məhbusların azad olunmasına çağırıb.
Sənəddə Avropa İttifaqına çağırış edilib.
Bildirilib ki, Azərbaycanda insan hüquqlarını kobud şəkildə pozan rəsmilərə, xüsusilə də bu hərəkətlərə yol verən hüquq-mühafizə nümayəndələrinə hədəfli sanksiyalar qoyulmalıdır.