Məktubda deyilir ki, “Erməni girovların qanunsuz tutulması və qondarma məhkəmə prosesləri” adlı qətnamə əsassız və qeyri-obyektivdir
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinə martın 13-də qəbul etdiyi qətnamə ilə bağlı etiraz məktubu göndərib.
Məktubda deyilir ki, “Erməni girovların qanunsuz tutulması və qondarma məhkəmə prosesləri” adlı qətnamə əsassız və qeyri-obyektivdir.
“Suverenlik, qanunun aliliyi və ədalət prinsiplərinin saya alınmadığı bu qətnamədə Azərbaycanın ağır cinayətlərdə iştirak etmiş şəxsləri məhkəmə qaydasında təqib etmək kimi qanuni hüququ tanınmır. Bundan əlavə, qətnamədə son otuz il ərzində mövcud olmuş tarixi şəraitə və Ermənistanın qanunsuz hərəkətləri nəticəsində Azərbaycan xalqının çəkdiyi böyük iztirablara bilərəkdən göz yumulur”.
“Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ilə yaxın işğal altında saxlayıb, dinc Azərbaycan vətəndaşlarına qarşı saysız-hesabsız müharibə cinayətləri törədib. Bu cinayətlərə etnik təmizləmə, insan hüquqlarının ciddi pozuntuları və Azərbaycanın mirasının sistemli şəkildə məhv edilməsi də daxildir. Avropa Parlamenti bu vəhşiliklər, o cümlədən Xocalı soyqırımı barəsində daim susmağa üstünlük verib. Bu soyqırımı aktı zamanı erməni silahlı qüvvələri uşaqlar, qadınlar və qocalar da daxil olmaqla, 613 günahsız insanı qəddarcasına qətlə yetirmişlər. Azərbaycanın itkin düşmüş 4 minə yaxın dinc sakininin taleyi hələ də məlum deyil, lakin selektiv və qərəzli yanaşmaya əsaslanan Avropa Parlamenti bu cinayətləri görməzdən gəlir, çünki Azərbaycana qarşı haqsız və saxta iddiaları üstün tutur”, – sənəddə deyilir.
Diqqətə çatdırılır ki, “Beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan silahlı separatçılıq, sülh və insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və terrorçuluq da daxil olmaqla, ağır cinayətlərdə təqsirli bilinənləri məsuliyyətə cəlb etmək üçün tam qanuni hüquqa malikdir”.
“Qətnamədə Azərbaycanın 2023-cü ildə “blokada” və “etnik təmizləmə” həyata keçirməsi barədə irəli sürülən ittihamlar başqa bir şey deyil, diqqəti haqsızlığın əsl günahkarlarından – onilliklər ərzində Azərbaycan torpaqlarını işğal etmiş, 750 min azərbaycanlını zorla yurdlarından qovmuş və işğal altında saxladıqları bütün şəhər və kəndləri yerlə-yeksan etmiş Ermənistan silahlı qüvvələrindən yayındırmağa yönələn siyasi motivli uydurmalardır”, – etiraz məktubunda deyilir.
Məktubda Avropa Parlamentinin sanksiyalar, sazişlərin dayandırılması və diplomatik məhdudiyyətlər barədə çağırışları pislənilir və Azərbaycanın daxili işlərinə qarışmaq kimi qəbul edilir:
“Bu cür siyasi motivli hərəkətlər regionda sabitliyə xidmət etmir, əksinə, yalnız gərginliyi artırır və davamlı sülhə nail olmaq perspektivlərini sarsıdır. Heç bir xarici müdaxilə və ya ədalətsiz ittiham bizi qanunun aliliyini qorumaqdan və ölkəmizə qarşı cinayət törədənləri məsuliyyətə cəlb etməkdən çəkindirə bilməz. Hazırda məhkəmə qarşısına çıxarılan şəxslər hərbi əsirlər deyil, Azərbaycan qanunvericiliyini pozmuş, ədalətli və şəffaf məhkəmə prosesi çərçivəsində məsuliyyətə cəlb edilməli olan cinayətkarlardır. Bütün tərəflər belə bir reallığı qəbul etməlidirlər ki, Azərbaycan öz xalqını və ərazisini qanunsuz işğaldan və silahlı separatizmdən qorumaq kimi suveren hüququnu həyata keçirir. Beləliklə, Avropa Parlamentinin qətnaməsi sülhü və ya ədaləti deyil, düşmənçiliyi qızışdırmaq və birtərəfli siyasi gündəliyi təşviq etmək cəhdidir”.
2025-ci il martın 13-də Avropa Parlamenti Bakıda saxlanılan ermənilərin hərbi əsir kimi tanınması və dərhal azad edilməsi ilə bağlı qətnamə qəbul edib.
Qətnamədə deyilir ki, Azərbaycan hakimiyyəti həbs edilmiş Ermənistan vətəndaşlarını dərhal azad etməlidir.
Qarabağda müxtəlif dövrlərdə separatçıların “prezidenti” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Harutyunyan, “xarici işlər naziri” Davit Babayan, “parlament sədri” Davit İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan da daxil olmaqla, Azərbaycanda həbsdə olan 15 nəfərin məhkəməsi davam etdirilir.
Onların işinə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev, hakimlər Camal Ramazanov və Anar Rzayevdən (ehtiyat hakim Günel Səmədova) ibarət tərkibdə baxılır.
Təqsirləndirilən separatçılar 2023-cü ilin sentyabrında Qarabağda keçirilən əməliyyat nəticəsində saxlanılaraq Bakıya gətiriliblər.
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan və digərləri qondarma “Dağlıq Qarabağ Respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunurlar.
Onlara qarşı təcavüzkar müharibə aparma, soyqırım, əhalini məhvetmə, köləlik, əhalini deportasiyaetmə, təqib, insanları zorakılıqla yoxaçıxarma, işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, hərbi soyğunçuluq, qəsdən adam öldürmə və başqa çoxsaylı ittihamlar irəli sürülüb.
2020-ci ilin sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
2023-cü il oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
2025-ci il martın 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında Ermənistanla sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesinin yekunlaşdığını deyib.
Ermənistanın Xarici İşlər Nazirliyi də elə həmin gün məlumat yayaraq Bayramovun dediklərini təsdiqləyib.