Millətçilər Con Malkoviçin Bolqarıstandakı premyerasını pozmağa çalışıblar

Foto: Reuters

Polis binaya basqın edən kütlənin qarşısını çətinliklə alıb

Bolqarıstanın İvan Vazov adına Milli Teatrında amerikalı aktyor və rejissor Con Malkoviçin səhnələşdirdiyi “Silahlar və insan” tamaşasının premyera nümayişləri küçə iğtişaşları ilə müşayiət olunub.

Teatrın qarşısına toplaşan ifrat sağçı qüvvələrin nümayəndələri İrland əsilli britaniyalı dramaturq və yazıçı Corc Bernard Şounun eyniadlı pyesi əsasında tamaşanın hazırlanmasından narazı qalıblar.

Hollivud aktyoru Con Malkoviçin Milli Teatrda çıxışı hələ premyeradan əvvəl vətənpərvər dairələrdə narazılıq doğurduğu bildirilir.

Bolqarıstan Yazıçılar İttifaqı bəyanat yayaraq, Cord Bernard Şounun pyesini “bolqar xalqına təhqir” adlandırıb.

Biz, bolqar yazıçıları bilirik ki, Corc Bernard Şounun müxtəlif dramatik irsi arasından bu tamaşanın seçilməsi təsadüfi deyil. Bu, ölkəyə və xalqımıza qarşı açıq eyhamdır, şərdir. Vətənimizin azadlığı və birliyi uğrunda cəbhələrdə həlak olan minlərlə qurbana rişxənddir”, – İttifaqın bəyanatında deyilir.

Bernard Şou “Şokoladlı Əsgər” adı ilə də tanınan “Silahlar və insan” komediyasında bir sevgi hekayəsi fonunda qəhrəmanlıq və vətənpərvərlik romantizmini satirikləşdirib.

Əvvəlcə o, uydurma ölkədəki hərbi münaqişəni təsvir etmək niyyətində olub.

Sonda isə 1885-ci il Serb-Bolqar müharibəsinə köçürüb. Bunun üçün o, hətta bir müddət Bolqarıstanda məskunlaşıb.

“Silahlar və insan” 4 pyesdən (1894-1896) ibarət silsilədir.

Müəllif çap edildikdən sonra toplunu istehza ilə “Xoş pyeslər” adlandırıb.

Silsiləyə həmçinin “Kandida”, “Taleyin seçilmişi”, “Gözləyəcəyik və görəcəyik” pyesləri daxildir.

“Silahlar və insan”da baş qəhrəman bolqar Raina həmyerlisi, zabit Sergeylə evlənməyə hazırlaşır, lakin sonra düşməni, serblərin tərəfində vuruşan isveçrəli muzdlu Bluntşliyə aşiq olur.

Müəllif müharibə haqqında qəhrəmanlıq hekayəsinə gülür. Məsələn, Bluntşli döyüşə patron əvəzinə şokoladlar aparır.

Onun üçün şokolad daha faydalı görünür.

Müəllifin əsas mesajı üçüncü pərdədə, pyes irəlilədikcə, həm hərbi işlərə, həm də Raina ilə münasibətinə daha ayıq baxmağa başlayan Sergey tərəfindən ifadə edilir:

“Ey müharibə, müharibə! Vətənpərvərlərin və qəhrəmanların arzusu! O bir yalandır. Bluntşli də sevgi kimi boş bir iddiadır”.

“Silahlar və insan” ilk dəfə 1894-cü ildə Londonda səhnəyə qoyulub və kommersiya baxımından uğurlu olub.

Eyni zamanda, həm Böyük Britaniyada, həm də Bolqarıstanda tənqid edilib.

İngilislər – vətənpərvərliyi və hərbçiləri lağa qoyduqlarına, bolqarlar isə həmvətənlərini kifayət qədər tərifləmədiklərinə görə narazılıq ifadə ediblər.

Bolqarlar xüsusən də, guya bütün ölkə üçün bir kitabxanaya sahib olduqlarına dair iradlardan və natəmizliklərinin eyhamlarından inciyiblər.

Tamaşa əvvəllər Bolqarıstanda heç vaxt tamaşaya qoyulmayıb.

Tamaşanın premyera günü, bu il noyabrın 7-si Bolqarıstan uğrunda mühüm “Slivnitsa” döyüşünün ildönümünə təsadüf edib.

Axşam saatlarında teatr binası etirazçılar, mühafizəkar və millətçi partiyaların nümayəndələri ilə mühasirəyə alınıb.

Onlar tamaşaçıları içəri buraxmayıb, tamaşanın ləğv edilməsini və direktor Vasil Vasilevin istefasını tələb ediblər.

Sonuncu iğtişaşçıların və jurnalistlərin qarşısına çıxıb və toplaşanları əvvəlcə tamaşaya baxmağa, sonra isə onu tənqid etməyə çağırıb.

Teatrın mühafizəsi və polis binaya basqın edən kütlənin qarşısını çətinliklə alıb.

Nəticədə noyabrın 7-də tamaşa bir neçə qonaq, jurnalist və digər girişlərdən içəri keçməyi bacaran tamaşaçıların gözü qarşısında nümayiş etdirilib.

Qalanlarına isə biletlərinin pulunun qaytarılacağı vəd edilib.

Teatrın əməkdaşı Vasilka Bumbarova mətbuata açıqlamasında indiyədək millətçiliyin belə aqressiv təzahürü ilə rastlaşmadığını deyib:

“Amma biz tamaşanı oynadıq və hesab edirəm ki, bu, bizim qələbəmizdir. Biz yaradıcılıq hüququnu müdafiə etdik və heç bir senzura olmadan bu mətni qanuniləşdirdik. Mənə elə gəlir ki, Malkoviç öz tapşırığının öhdəsindən gəldi. Jurnalistlər tamaşada təhqiredici heç nə olmadığını ictimaiyyətə göstərmək üçün materiallar yayımlayıblar. Tamaşanın müzakirəsi zamanı hamı bəyənərək danışdı. İndi dünya teatr ictimaiyyətindən böyük dəstək alırıq. Tamaşanın biletləri isə yanvara kimi satılıb”.

Rejissorluq karyerasına Nyu-Yorkda məhz bu tamaşanın istehsalı ilə başlayan Con Malkoviç Bolqarıstanın “Filter” nəşrinə tamaşada heç bir şəxsi qərəzli mövqe olmadığını deyib.

Mən sizin ölkəyə kimisə incitmək üçün gəlməmişəm. Fikrimcə, bu, Şou qəhrəmanların müharibə zamanı dünyaya baxışını təsvir etdiyi yumoristik, bir qədər də absurd tamaşadır. Hesab edirəm ki, müəllif tamaşanı Bolqarıstanda qoyub, çünki bu ölkə dünyada o qədər də tanınmır. Burada təbii ki, şəxsi qərəzlik yoxdur”, – Con Malkoviç deyib.

Ana səhifəMədəniyyətMillətçilər Con Malkoviçin Bolqarıstandakı premyerasını pozmağa çalışıblar