Azərbaycan hökuməti yeni özəlləşmə proqramı nəzərdə tutub
Azərbaycan hökuməti yeni özəlləşmə proqramının həyata keçirilməsini nəzərdə tutur.
Bu barədə fevralın 12-də iqtisadiyyat naziri Mikayıl Cabbarov “Postpandemiya dövründə vergi sistemi” konfransında çıxışında deyib.
Nazir bildirib ki, birbaşa xarici investisiyaların təşviqi mexanizmi təkmilləşdirilməlidir: “Eyni zamanda, hesab edirik ki, dövlət investisiya proqramları dövlət-özəl tərəfdaşlığı çərçivəsində genişlənməlidir”.
Məlumatı "Report.az"
yayıb
.
Mikayıl Cabbafrov sahibkarların vəziyyətinə də toxunub: “Xüsusilə orta sahibkarların imkanları daha da genişlənməlidir. Belə demək olarsa, əl-qolu tam açılmalıdır”.
Nazirin sözlərinə görə, hökumət kiçik və orta biznesin Ümumi Daxili Məhsulun formalaşmasında dominant mövqeyinə nail olunmasını nəzərdə tutur: “Kiçik və orta biznesin dövlət satınalmalarında iştirakı təşviq edilməli, onlar dövlət sifarişlərinə daha çox cəlb edilməlidir. Haqsız rəqabətə yol açan hallara son qoyulmalıdır. Bunun üçün institutsional islahatlar və yeni qanunvericilik təşəbbüsləri həyata keçiriləcək”.
Mikayıl Cabbarov bir sıra milli prioritetlərin müəyyən edildiyini açıqlayıb: “Birincisi dayanıqlı, artan rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması, ikincisi dinamik inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin formalaşdırılması, üçüncüsü işğaldan azad olunmuş ərazilərdə böyük qayıdışa nail olmaq, dördüncüsü Azərbaycanın rəqabətli və insan kapitallı innovasiyalar məkanına çevrilməsi, beşincisi təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməkdir. Həmin proiritetlərin reallaşdırılması, ölkənin iqtisadi gücünün artırılması, davamlı və yüksək iqtisadi artımın, milli iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığının təmin edilməsi, rəqabətli insan kapitalının, vətəndaş institutlarının mövcud olması Azərbaycanın təkcə regionun deyil, inkişafda olan ölkələrin daha yuxarı sıralarında olması kimi hədəflərə nail olunmasına xidmət edəcək”.
Nazirin sözlərinə görə, iqtisadi inkişaf planlarına yenidən baxmaq və bu inkişafı Qarabağda da tətbiq etmək imkanı yaradıb: “İlk növbədə dayanıqlı iqtisadi inkişafı hədəfləyirik. Çalışacağıq ki, postpandemiya dövründə, qısa müddət ərzində sahibkarlıq subyektlərinin gəlirlərinin ilkin səviyəsi və istehlak fəallığı bərpa edilsin. Bu addımlar həmçinin yeni iş yerlərinin yaradılmasına təkan verməlidir. İkinci mühüm məqam biznesin və investisiyaların canlandırılmasına, qeyri-neft-qaz sektorunun sürətli artımına nail olmaqdır. Bu sahədə qeyri-neft məhsullarının daha da stimullaşdırılması özəl investisiya qoyuluşunun təşviq edilməsi əsas prioritetlərdən olacaq. Sahibkarların maliyyələşməyə çıxış imkanları genişləndirilməlidir. Biznesin təşviqi alətlərinə biz yenidən baxmağa hazırlaşırıq. Dövlətin yanaşması belədir ki, təşviq mexanizmlərinin iqtisadi səmərəsi artırılmalıdır və priroritet sahələr üzrə təşviqedici vergi siyasətinə üstünlük veriləcək”.