“Hər məntəqəyə 800-900 seçici düşür”
Növbədənkənar Prezident seçkiləri ilə bağlı azad edilmiş ərazilərdə səs verəcək seçicilərin sayı açıqlanıb.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
MSK sədri bildirib ki, artıq indiyədək azad olunmuş ərazilərdə 26 seçki məntəqəsi yaradılıb:
“Azad olunmuş ərazilərdə təxminən 23 minə yaxın seçici səs verəcək. Hər məntəqəyə 800-900 seçici düşür. Bu, kifayət qədər yaxşı rəqəmdir”.
2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
İlham Əliyev dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb.
Bu günə qədər ölkə başçısı İlham Əliyev, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, deputat Zahid Oruc, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (BAXCP), deputat Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev və Fuad Əliyev namizədliklərini irəli sürüblər.
AXCP və Müsavat isə seçkiləri boykot edəcəklərini açıqlayıblar.
Ümid və Haqq Ədalət partiyaları seçkidə İlham Əliyevi dəstəkləyəcəklərini bildiriblər.
Azərbaycanda sonuncu dəfə Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib.
Həmin seçkilər də növbədənkənar olub.
İlham Əliyev 20 ildir ki, Prezident vəzifəsini icra edir.