Məzahir Pənahov bələdiyyə seçkilərinin gələn il keçiriləcəyini deyir

Azərbaycanda seçkilər. Foto: Andy.LIU/shutterstock

MSK sədri: “Seçkilər 2025-ci il yanvarın 25-dən sonra gözlənilir”

Azərbaycanda bələdiyyə seçkilərinin keçiriləcəyi vaxt dəyişdirilib.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov noyabrın 6-da məlumat verib.

Bildirib ki, bələdiyyə seçkiləri bu ilin dekabrında deyil, 2025-ci il yanvarın 25-dən sonra gözlənilir.

Onun sözlərinə görə, həmin vaxta qədər hazırkı çağırış bələdiyyə şuralarının səlahiyyət müddəti başa çatacaq.

Əlavə edib ki, bələdiyyə seçkilərinin dəqiq tarixi noyabrın axırında açıqlanacaq.

Seçki Məcəlləsinə əsasən, bələdiyyə seçkiləri hər beş ildə bir keçirilir. İndiyədək həmişə bu seçkilər dekabrda olub.

Məzahir Pənahov. Foto: MSK

Sonuncu bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-də keçirilib.

Bəzi siyasi təhlilçilər və hüquqşünaslar bələdiyyə seçkilərinin vaxtında keçirilməməsini qanunsuz sayırlar.

Milli Məclisin bəzi üzvləri isə bu barədə tənqidlərə cavab verərkən bu gecikməni noyabrın 11-dən 22-nə kimi Bakıda keçiriləcək BMT İqlim Konfransı (COP29) ilə izah ediblər.

Azərbaycanda bələdiyyə seçkilərinin qısa xronikası
Azərbaycanda ilk dəfə bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib və ən çox bələdiyyə üzvü Yeni Azərbaycan Partiyasından olub.

Həmin il ölkədə 2700 bələdiyyə yaradılsa da, sonradan kiçik bələdiyyələrin birləşdirilməsi nəticəsində bələdiyyələrin sayı 1771- ə endirildi.

Səsvermənin nəticəsi olaraq 20456 nəfər bələdiyyə üzvü seçilib.

Seçkilər nəticəsində Azərbaycanda 51 şəhər, 8 şəhərdə rayon, 123 qəsəbə və 2 409 kənd bələdiyyəsi seçilib.

Yanvarın 18-də Milli Məclisin Regional Məsələlər Komitəsinin iclasında hakim Yeni Azərbaycan Partiyası üzvü Siyavuş Novruzov seçkilərin 2024-cü ilin dekabr ayında keçiriləcəyini bildirmişdi.

O həmçinin bələdiyyələrin saylarının nəzərdən keçirilməli olduğunu da söyləmişdi.

Fevralın 1-də isə Siyavuş Novruzov müsahibəsində bələdiyyələrin saylarının azaldılmalı olduğunu, bələdiyyə sədrlərinin birbaşa xalq tərəfindən seçilməsinin vacibliyini və namizədlik üçün lazım olan sənədlərin azaldılmasının bildirmişdi.

Fevral ayının sonunda Milli Məclisə “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” Qanun layihəsi daxil olub.

Oktyabrın 18-də Milli Məclis “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna Əlavə − “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsini müzakirəyə çıxarıb.

Milli Məclis 1400 bələdiyyənin birləşdirilərək ümumi sayının 685-ə endirilməsini təsdiqləyib.

Azərbaycanda indiyə qədər 6 bələdiyyə seçkisi keçirilib. Bu da 1999, 2004, 2009, 2011, 2014 və 2019-cu illəri əhatə edir.

Ana səhifəSiyasətMəzahir Pənahov bələdiyyə seçkilərinin gələn il keçiriləcəyini deyir