“Tənqidçi jurnalistika cinayət sayıldığından burdayıq”
Meydan TV-nin əməkdaşları Aynur Qənbərova (Elgünəş), Xəyalə Ağayeva, Aytac Əhmədova (Tapdıq), Natiq Cavadlı və Ramin Cəbrayılzadənin (Deko), eləcə də bu iş üzrə təqsirləndirilən vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov haqqında istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə Xətai Rayon Məhkəməsinin 8 dekabrda çıxardığı qərarlardan verilmiş şikayətlərə baxılıb.
Jurnalistlərin şikayətləri üzrə Bakı Apelyasiya Məhkəməsində keçirilən qapalı məhkəmə proseslərində özləri də iştirak edib.
“Azərbaycanda tənqidi jurnalistika cinayət elan olunduğuna görə buradayam”
Aynur Elgünəş haqqında həbs qərarından şikayətə hakim Fərid Əyyubovun sədrliyilə baxılıb.
Məhkəmədə məlum olub ki, Fərid Əyyubov apelyasiya şikayətinə baxır, amma araşdırdığı məsələ ilə bağlı cinayət işinin materialları məhkəməyə gətirilməyib. Müdafiə tərəfinin etirazına baxmayaraq, o, bu vəziyyətdə də məhkəmə prosesi keçirib və bir neçə dəqiqə ərzində jurnalist haqqında 4 aylıq həbs qətimkan tədbiri qərarının qüvvədə saxlandığını elan edib.
Aynur Elgünəş bildirib ki, heç bir cinayət törətməyib. Amma Azərbaycanda tənqidi jurnalistika cinayət, peşəkar jurnalistlər də cinayətkar elan olunduğuna görə bu gün o da həbsdədir. Vəkili Elçin Sadıqov hüquqlarını müdafiə etdiyi şəxs haqqında qərarın əsassız olduğunu vurğulayıb.
“Eşq olsun Meydan TV-yə!”
Xəyalə Ağayevanın haqqında həbs qərarından verilmiş şikayətə hakim Zaur Hüseynovun sədrliyilə baxılıb.
Məhkəmədə Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi apelyasiya şikayətinə etiraz edib və jurnalist haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərarın qüvvədə saxlanmasını xahiş edib. O bildirib ki, həbsdən buraxılarsa, istintaqdan yayına bilər, şahidlərə təsir göstərə bilər.
Xəyalə Ağayevanın vəkili Nazim Musayev isə bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə qaçaqmalçılıq ittihamı verilib, lakin onun ölkəyə qanunsuz yolla valyuta gətirməsi və yaxud bu cinayətdə iştirakı barədə heç bir sübut ortaya qoyulmayıb:
“Xəyalə Ağayeva nə vaxtsa, ölkəyə qaçaqmal yolu ilə valyuta gətirib? Yaxud da gətirilməsində onun rolu nədən ibarət olub? Bununla bağlı bircə sübut varmı?”
Vəkil Xəyalə Ağayeva haqqında həbs qərarının ləğvini istəyib. Müdafiəçi bildirib ki, Xəyalə Ağayevanı həbsdə saxlamadan da istintaq davam etdirilə bilər. O, müvəkkili haqqında ev dustaqlığı qətimkan tədbirinin seçilməsi barədə vəsatət verib.
“Mənim həbsim sırf jurnalist fəaliyyətimlə bağlıdır. Eşq olsun Meydan TV-yə!” – bunu isə qısa çıxışında Xəyalə Ağayeva bildirib.
Hakim apelyasiya şikayətini təmin etməyib. Xəyalə Ağayeva haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərar qüvvədə qalıb.
“Ev dustaqlığı barədə qaldırdığımız vəsatətə ümumiyyətlə, münasibət bildirmədi”, – vəkil Nazim Musayev məhkəmədən sonra jurnalistlərə açıqlamasında bildirib.
“Jurnalistlərin həbsi Avropa Konvensiyasının pozulmasıdır”
Aytac Tapdığın haqqında həbs qərarından verilmiş apelyasiya şikayəti də təmin olunmayıb.
Məhkəmədə onun vəkili Cavad Cavadov bildirib ki, jurnalistlərin, o cümlədən Aytac Əhmədovanın valyuta qaçaqmalçılığında iştirakı barədə sübut-dəlil olmadan onun haqqında həbs qərarı İnsan Haqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 5-cı (azadlıq və toxunulmazlıq hüququ), 18-ci (konvensiyadan kənar məqsədlərlə hüquq və azadlıqların məhdudlaşdırılması) maddələrinin pozulmasıdır.
Aytac Tapdıq özü də jurnalist fəaliyyətinə görə həbs olunduğunu deyib.
Məhkəmədən sonra jurnalistlərə açıqlama verən vəkil Cavad Cavadov bildirib ki, Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasında saxlanılan müvəkkilinin saxlanma şəraiti ilə bağlı şikayəti yoxdur: “Ailəsilə əlaqə saxlayır”.
Ramin Deko da məhkəmədə çıxışında jurnalist fəaliyyətinə görə həbs olunduğunu vurğulayıb. Vəkili Nemət Kərimli onun haqqında həbs qərarının əsassız olduğunu bildirib. Lakin hakim Elbəy Allahverdiyev apelyasiya şikayətini təmin etməyib.
Vəkil Nemət Kərimli məhkəmədən sonra jurnalistlərə açıqlamasında məhkəmədə müvəkkili ilə konfidensial ünsiyyətə imkan verilməməsindən narazılıq edib. Həmçinin əlavə edib ki, Ramin Dekonun ev dustaqlığına buraxılması üçün yenidən vəsatət verəcək.
“Mənim əlim haram pula dəyməyib”
Natiq Cavadlı haqqında həbs qətimkan tədbiri seçilməsi barədə qərardan şikayətə hakim Mehriban Qarayeva baxıb.
Məhkəmədə vəkil Zibeydə Sadıqova bildirib ki, istintaq orqanı ilkin sübutlar təqdim etmədən həbs qətimkan tədbirilə bağlı məhkəməyə təqdimat verib. Xətai Rayon Məhkəməsi də sübutları istəmədən təqdimatı təmin edib. Bu isə vətəndaşın hüquq və azadlıqlarının pozulmasıdır:
“Məlum deyil ki, Natiq Cavadlını məhkəmə hansı sübutlar əsasında həbs edib?”
Natiq Cavadlı özü də məhkəmədə çıxış edərək bildirib ki, jurnalist fəaliyyətinə görə həbsdədir. O bildirib ki, 33 ildən çoxdur jurnalistdir. Bu müddətdə peşəkar fəaliyyətinə görə mükafatlara layiq görülüb:
“Mənim əlim heç vaxt haram pula dəyməyib. Mən deputatlardan müsahibələr götürürdüm, dövlət qurumlarından açıqlamalar alırdım. Əgər cinayətkar fəaliyyətlə məşğul idimsə, niyə mənə müsahibələr, açıqlamalar verirdilər?”
Eyni zamanda Apelyasiya Məhkəməsində Meydan TV ilə əlaqəsi olmayan, lakin bu iş üzrə saxlanılan vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirovun istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə Xətai Rayon Məhkəməsinin 8 dekabrda çıxardığı qərardan verilmiş şikayətinə baxılıb. Onun da apelyasiya şikayəti təmin olunmayıb.
Meydan TV-nin 6 əməkdaşı – Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Ramin Cəbrayılzadə (Deko) və Natiq Cavadlı, həmçinin vətəndaş cəmiyyətinin nümayəndəsi və Meydan TV ilə heç bir əlaqəsi olmayan Ülvi Tahirov dekabrın 6-da saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə onların hər birinin barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, telefonları, kompüterləri və digər şəxsi əşyaları götürülüb.
Həbs olunan jurnalistlər özlərini təqsirli bilmir, Meydan TV əməkdaşlarının tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bəyan edib.
Son 13 ay ərzində Azərbaycanda 25-ə yaxın jurnalist həbs olunub.