Meydan TV-nin həbsdə olan baş redaktoru Aynur Elgünəş həbsxanadan yazır:
Məhkəməmiz başlandı. 30 cildlik istintaq materialına, 560 səhifəlik ittiham aktına baxanda aydın görmək olur ki, hakimiyyət bizdən “mütəşəkkil dəstə” yaratmaq üçün xeyli əziyyət çəkib, amma nail ola bilməyib. İfadələri, toplanan sübutları sadəcə təbəssümlə vərəqlədim. Az qala bir cild bütünlüklə tutulan şəxslərin bir-birinə zəngləri ilə bağlıdır. Uzun-uzadı nömrələr, danışıq dəqiqələri, 5 ildə (2019-2024) neçə dəfə zəng etdiyimiz yazılıb. Sən demə, istintaq qənaətə gəlib ki, Əhməd Muxtarla 2020-2024-cü illərdə 345 dəfə, Aysel Ümüdovayla 2020-2023-cü illərdə 115 dəfə, Şəmşad Ağayla 2020-2022-cü illərdə 38 dəfə, Ülvi Tahirovla 2020-2024-cü illərdə 79 dəfə, Aytac Əhmədovayla 4 ildə 46 dəfə telefonla danışmışam, deməli, əlbirəm. Halbuki, biz dostluq etdiyimizi, eyni zamanda əksəriyyətimizin Meydan TV-də işlədiyini heç vaxt gizlətməmişik. Üstəlik, sosial şəbəkələrdən bir-birimizlə daha çox əlaqə saxlayırdıq. Bunun üçün bu qədər kağız korlamağa gərək yox idi.
Başqa bir fakt “GetContact” proqramında adımızın necə qeyd olunması ilə bağlıdır. Bu, yandaş medianın əsas mənbə kimi “Wikipedia”ya istinad etməsi kimi bir işdir. İstənilən şəkildə düzənlənə bilən “fakt”ı necə ciddiyə almaq olar? Hər halda, yekə-yekə rütbə sahibləri bunu bilməmiş deyil. Sadəcə, əmindirlər, onsuz da heç kim onlara inanmır. İstənilən saxtakarlığı edə, bunu yeridə bilərlər. Cəzasızlıq mühitində hər şey sərbəstdir. Elə evimdə aparılan, axtarışa rəhbərlik edən polisin dediyi də bu idi: “Qanunsuzluğu biz edirik, özümüz də həll edəcəyik”. Bu boyda “cinayət işi”ndə bir dənə istər Meydan TV-yə, istərsə də Bakı Jurnalistika Məktəbinə bağlı sənədin əsli yoxdur. Hətta özlərinin təşkil etdiyi ekspertiza belə onlara təqdim edilən imzaların saxta olduğunu təsdiqləyib. Yəni, saxta imzalı kompüterdə hazırlanmış sənədlər istintaqın əsas sübutlarıdır.
Bir də ifadələr var. Həbs qorxusu ilə ağlına gələni söyləyən insanların ifadələri. Bu ifadələri özüm üçün iki hissəyə bölmüşəm: Yaxınlarını qorumaq məcburiyyətində qalanlar və indiyədək həyatımızı zəbt edən sarmaşıqlar. Səmimiyyətlə deyirəm, bu sarmaşıqların həyatımdan təmizlənməsi üçün həbsə dəyərdi…
Həbsimin əsas səbəbi istintaqın cinayət işinə əlavə etməkdən imtina etdiyi əsas fakt isə budur: 3 iyun 2024-cü ildə Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizlik Xidmətinin təqdimatı ilə barəmdə güdülmə və digər axtarış-əməliyyət tədbirləri haqda qərar çıxarıb. Təqdimatda deyilir ki, Meydan TV-nin əməkdaşı Aynur Qənbərovanın ölkədə ictimai-siyasi sabitliyi pozmaq məqsədi ilə xaricdəki təşkilatlardan dəstək və tapşırıq aldığı ilə bağlı məlumat əldə olunub. Məhkəmə isə qarar verir ki, 6 ay ərzində mənim telefonum, teleqraf, poçt və bank məlumatlarım izlənilsin, evimə səsyazan, video və kino çəkən qurğular yerləşdirilsin və s. Deməli, həbsimə qədər olan müddətdə izlənmişəm və bunlar məni dövlətə xəyənətdə və yaxud xarici qüvvələrə işləməkdə ittiham edəcək əsas tapa bilmədikləri üçün qaçamalçılıqda təqsirləndiriblər.
Bu fakt göstərir ki, mən düz 6 ayın tamamında həbs olunmuşam. Bu ilin yanvarında Bakı Appelyasiya Məhkəməsi qərardan verdiyimiz şikayəti rədd edib. Dekabrın 12-də keçirilən məhkəmənin hazırlıq iclasında vəsatətlə çıxış edərək həmin qərarın bizimlə bağlı cinayət işinə əlavə olunmasını və DTX-nın barəmdə topladığı materialları məhkəməyə təqdim etməsini istədim. Bu qərar mənim məhz siyasi sifarişlə həbsimi təsdiqləyir. Vəsatətlə bağlı məhkəmə baxışı zamanı qərar veriləcək. Hazırlıq iclasında prokuror işə əlavə olunmasına qarşı çıxdı.
Hakimin nə qərar verməsi əsas mahiyyəti dəyişməyəcək. Bu iş artıq Avropa Məhkəməsinin icraatındadır.
Hakimiyyət qərəz və nifrətini o qədər bariz şəkildə nümayiş etdirir ki, qanunla verilən imtiyazları belə tanımır. Mən düz bir ildir əlil kimi aldığım pensiyamdan məhrum edilmişəm. Bank kartıma blok qoyulub. Halbuki o pulu mənə dövlət büdcəsindən verirdilər. Hansısa ofşor hesabdan ödənilmirdi.
Proses yeni başlayıb. Meydançılar bu dəfə müttəhim kürsüsündədir, amma qələmləri də əllərində. Yazacağıq…
Aynur Elgünəş