İyulun 13-də Meydan TV-yə şikayət ilə müraciət edən Astara sakini Famil Bağırov 15 sutka həbs edilib.
Bu barədə Bağırovun yaxınları Meydan TV-yə məlumat verib.
Onların sözlərinə görə, Famil Bağırov hazırda Binəqədi rayonu Müvəqqəti Saxlanma Təcridxanasında saxlanılır:
“Bu gün öyrəndik ki, Binəqədidə saxlanma mərkəzindədir. Yanına yemək və pul buraxılmır. Yalnız quru qida və siqaret apara biliblər. Hansı maddə ilə saxlanıldığını da deməyiblər”.
Bağırov iyulun 14-də Yasamal Rayon 28-ci Polis Bölməsinin 4 əməkdaşı tərəfindən saxlanılıb. Həmin gün gecə ailəsi ondan xəbər ala bilib.
Famil Bağırovun atası Zahidağa Bağırov 2016-cı ilin may ayında qəza keçirib. Zahidağa Bağırov yol kənarı ilə gedərkən DSX-nin əməkdaşı Samir Nadirov idarə etdiyi xüsusi zirehli avtomobillə onu vurub.
Famil Bağırovun sözlərinə görə, həmin il Astara Rayon Polis Böməsinin İstintaq Şöbəsinin müstəntiqi Bəhruz Qulamov və Astara Rayon Prokuroru Zakir Saatov hadisəni törədən şəxsi cinayət məsuliyyətindən azad edib.
İyulun 13-də Famil Bağırovun Meydan TV-də şikayəti yayımlanmışdı. Polislər Bağırovdan videonun silinməsini tələb ediblər.