Meydan TV-nin əməkdaşlarının həbsinə reaksiyalar 

Foto-kollaj: Meydan TV

“COP29 iqlim konfransının başa çatdığı vaxtda Meydan TV-nin bir neçə jurnalistinin saxlanılması demokratik hökumətlərə sillədir” 

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Meydan TV-nin əməkdaşlarının saxlanılmasına reaksiya verib. 

O, “X” sosial şəbəkəsində bu haqda yazıb. 

“Meydan TV ilə əməkdaşlıq edən jurnalistlərin həbsini dərin təəssüf hissi ilə qarşıladım. Azad və müstəqil mətbuat istənilən demokratiyanın mühüm elementləridir. Jurnalistlər həbs, hədə-qorxu və zorakılıq qorxusu olmadan məsələləri işıqlandıra bilməlidirlər”, – səfir bildirib. 

“Sərhədsiz Reportyorlar Təşkilatı”  Meydan TV-nin jurnalistlərini azad etməyə çağırıb 

Beynəlxalq qeyri-hökumət təşkilatları – “Sərhədsiz Reportyorlar” (“Reporters Sans Frontières”, RSF) və Jurnalistlərin Müdafiəsi üzrə Beynəlxalq Komitəsi (“Committee to Protect Journalists”, CPJ) beynəlxalq ictimaiyyəti həbs olunan jurnalistlərin azadlığa buraxılması ilə əlaqədar çağırış ediblər. 

“Sərhədsiz Reportyorlar” “Meydan” TV-nin əməkdaşlarının həbsini pisləyib.  

““Sərhədsiz Reportyorlar” yeni həbsləri pisləyir, onları və uydurma ittihamlarla rüsvayçı şəraitdə saxlanılan digər 13 jurnalisti dərhal azad etməyə çağırır”, – Təşkilatın məlumatında deyilir. 

Jurnalistlərin Müdafiəsi üzrə Beynəlxalq Komitəsi də Azərbaycanda altı jurnalistin və KİV əməkdaşının, o cümlədən Meydan TV-nin 5 əməkdaşının və bir müstəqil jurnalistin saxlanılmasını pisləyib. 

“Günortaya yaxın müstəqil jurnalist Ramin Cəbrayılzadə (Ramin Deko kimi də tanınır) qonşu Gürcüstandan gələrkən Bakı Hava Limanında saxlanılıb. Orada o, avropayönlü etirazları işıqlandırıb. Eyni zamanda, şəhərin müxtəlif yerlərində hüquq – mühafizə orqanları Almaniyada yerləşən müstəqil KİV – Meydan TV ilə əməkdaşlıq edən Natiq Cavadlı, Xəyalə Ağayeva, Aytac Tapdıq, Aynur Elgüneş və Aysel Umudovanı saxlayıblar”, – Komitənin bəyanatında bildirilir. 

Altı nəfərin hamısı qanunsuz valyuta qaçaqmalçılığında şübhəli bilinərək Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb, Komitə Meydan TV-yə istinadən bildirib. Saxlanılan jurnalistlərin bəzisinin mənzilində axtarış aparılıb. 

“Bakıda Birləşmiş Millətlər Təşkilatının COP29 iqlim konfransının başa çatdığı vaxtda Meydan TV-nin bir neçə jurnalistinin saxlanılması Azərbaycan hakimiyyətinin KİV-ə qarşı amansız təqibləri davam etdirmək niyyətinin əlaməti, həm Birləşmiş Millətlər Təşkilatına, həm də bu yaxınlarda azərbaycanlı rəsmi şəxslərin əlini sıxmaq üçün Bakıya gələn demokratik hökumətlərə sillədir”, – Komitənin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Səid bildirib. 

“Azərbaycan hakimiyyəti Natiq Cavadlı, Xəyalə Ağayeva, Aytac Tapdıq, Aynur Elgünəş, Aysel Umudova və Ramin Dekonu, eləcə də, son aylarda analoji ittihamlarla həbs edilmiş ondan çox digər aparıcı jurnalisti dərhal azad etməli və müstəqil mətbuata qarşı görünməmiş hücumu dayandırmalıdır”, – o əlavə edib. 

“Son bir ildə Azərbaycan hakimiyyəti ən azı 15 jurnalisti öz peşə fəaliyyətinə görə qisas almaq üçün ağır cinayət törətməkdə ittiham edib, onlardan 13-ü ilkin həbsdədir. Dəmir barmaqlıqlar arxasında olanların əksəriyyəti Azərbaycanın qalan son müstəqil KİV-ində çalışır və Qərb donorlarından vəsait alınması ilə bağlı valyuta qaçaqmalçılığı ittihamlarına məruz qalırlar”-, Komitə xatırladıb. 

Müstəqil jurnalist, reportyor Ramin Cəbrayılzadə (Deko), və Meydan TV-nin əməkdaşları Aynur Qənbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı  “qaçaqmalçılıq”da şübhəli bilinərək dekabrın 6-da  saxlanılıblar. Jurnalistlərə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət açılıb.  

Günortadan etibarən, müstəqil jurnalist Ramin Deko saxlanılıb.  

Bundan sonra jurnalistlər – Aynur Elgünəş, Natiq Cavadlı, Xəyalə Ağayeva, Aytac Tapdıq və Aysel Umudovadan da xəbər almaq mümkün olmayıb. Daha sonra hökumətyönlü mediada onların da saxlanılması barədə xəbərlər tirajlanıb. 

Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb ki, Ramin Cəbrayılzadə (Deko) ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanılıb.  

Digər jurnalistlərin də bu iş üzrə araşdırmaya cəlb olunduğu açıqlanıb. 

Saxlanılan jurnalistlərin əksəriyyətinin evində axtarış aparılıb, avadanlıqları və şəxsi əşyaları götürülüb. 

Meydan TV rəhbərliyi bəyanat yayaraq qeyd edib ki, polis tərəfindən səslənən ittihamlar əsassızdır və jurnalistlərin saxlanması qanunsuz, eyni zamanda müstəqil mediaya qarşı repressiyadır. 

Ötən ilin noyabrından etibarən Azərbaycanda onlarla jurnalist “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib.  

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları ittihamları uydurma hesab edir və jurnalistlərin dərhal azadlığa buraxılmasına çağırır.

Ana səhifəXəbərlərMeydan TV-nin əməkdaşlarının həbsinə reaksiyalar