23 yaşlı müstəntiq Meydan TV əməkdaşlarına qarşı açılan cinayət işi üzrə istintaq qrupunun üzvüdür
Turizm sahəsində çalışan Leyla İbrahimova Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) təzyiqə məruz qaldığını deyir.
Səbəb isə saxta ittihamı rədd etməsidir.
Xətai Rayon Məhkəməsinin 25 aprel 2025-cil il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 178.2.2, (dələduzluq təkrar törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrilə təqsirləndirilən Leyla İbrahimova barəsində 1 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Leyla İbrahimova deyir ki, müstəntiqə rüşvət vermədiyi üçün ona qarşı qərəzli ittiham irəli sürülüb, zorakılığa məruz qalıb.
“Bakı Şəhər Polis İdarəsinə könüllü şəkildə getdim. Müstəntiq Fərid Şükürlünün mənə ilk sualı “nə qədər pulla gəlmisən?” oldu. Heç bir pulla gəlmədiyimi deyəndə “o zaman səni yüz faiz həbs edəcəyəm”, -söylədi. Qarşıma saxta axtarış qərarı və saxta ittiham qoydu”,- Leyla İbrahimova Meydan TV əməkdaşına danışıb.
Leyla İbrahimova “Orxan” adlı şəxsdən turizm xidməti göstərmək adı ilə 10 min manata yaxın vəsait almaqda və mənimsəməkdə ittiham olunur.
Leyla İbrahimova həmin şəxsi tanımadığını deyib və üzləşmə tələb edib:
“Ekspertiza keçmək adı ilə məni müstəntiqin yanından çıxarıb, yandakı otağa apardılar. İçəri bir polis girdi. O, mənə nalayiq söyüşlər söyərək niyə sənədi imzalamadığını soruşdu. Sonra sol qulağımın üzərindən sillə vurdu. Üzümdə sillənin izi ilə müstəntiqin otağına dönəndə vəkilim Araz Allahverdiyev də orada idi. Onlara dedim ki, məni öldürsələr də, qol çəkməyəcəyəm”.
Leyla İbrahimovanın sözlərinə görə, istintaq idarəsinin rəis müavini Həbib Həbibli də onu ittiham qəbul etməyəcəyi təqdirdə “qaranlıq otağa” salacağı ilə təhdid edib.
Həmçinin Leyla İbrahimova guya BŞBPİ-yə axtarışla gətirilməsi ilə bağlı sənədə də qol çəkməyəcəyini bildirəndə, ona qarşı təkrar zorakılıq göstərilib:
“İkinci dəfə həmin otağa aparılanda artıq içəridə məni nə gözlədiyini bilirdim. Yenə təhqir olundum, sillə ilə vuruldum. Qışqırandan sonra müstəntiqin otağına apardılar. Baş verənlərə şahid olub, heç bir etiraz etməyən vəkilim Araz Allahverdiyevdən imtina etdiyimi bildirdim. Müstəntiq mənə icazə vermədi. Məsələni ictimailəşdirəcəyimi deyəndə Fərid Şükürlü “sahiblərinə deyərsən ictimailəşdirər” deyib, – istehza etdi”.
Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Leyla İbrahimova Meydan TV əməkdaşı ilə eyni kameradadır.
23 yaşlı müstəntiq Fərid Şükürlü isə Meydan TV əməkdaşlarına qarşı açılan cinayət işi üzrə istintaq qrupunun üzvüdür.
Hər iki iş üzrə müstəntiq olan Fərid Şükürlü “sahiblərin” dedikdə Meydan TV əməkdaşlarını nəzərdə tutub.
23 yaşlı müstəntiq Polis Akademiyasını bitirən kimi birbaşa BŞBPİ-yə müstəntiq kimi işə başlayıb.
Mətbuatda adının hallanmasında maraqlı olan Fərid Şükürlü sanksiya məhkəməsində Meydan TV əməkdaşına, “siz bizi pisləyin ki, irəli gedək” deyə işarə də vurub.
Leyla İbrahimova haqqında 2024-cü ildə də axtarış elan olunub. Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq təkrar törədildikdə) maddəsi ilə məhkəmədən yayındığı əsas gətirilərək dekabrın 12-də barəsində müddətsiz həbs qətimkan tədbiri seçilib.
Analoji iş üzrə Yasamal Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli qərarı ilə Leyla İbrahimovanın azadlığı 1 il 9 ay 24 gün müddətinə məhdudlaşdırılıb. O, yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək şərti ilə məhkəmə zalından sərbəst buraxılıb. Dörd gün azadlıqda olan turizm işçisi aprelin 24-də yeni ittihamla həbs olunub. O, bu ittihamı qanunsuz hesab edir, işin ədalətli aparılmasını istəyir.
“Mən məhkəmənin hökmünə əsasən, hazırda azadlıqda olmalıyam. Lakin Bakı Şəhər Baş Polis idarəsi rüşvət vermədiyim üçün saxta ittihamla məni həbs etdi. İdarə məni həbsdə saxlamaq üçün ortaya yeni zərərçəkən çıxardı. Tələb edirəm ki, Fərid Şükürlü barəsində araşdırma aparılsın, qanunamüvafiq şəkildə cəzalandırılsın. Həmçinin azadlıq hüququmun bərpa olunmasını tələb edirəm”, – Leyla İbrahimova deyib.
Yeni ittihamla, ondan tələb olunan məbləğlə razılaşmayan Leyla İbrahimova apelyasiya şikayəti verəcək.
Onun sözlərinə görə müstəntiq Fərid Şükürlü təkcə ona yox, işdə zərərçəkmiş kimi tanınan şəxslərə də təzyiq göstərir.
“İş üzrə 3 zərərçəkən könüllü olaraq şikayətlərini geri götürmək istəsə də, müstəntiq buna mane olur. Saxlanılmazdan iki gün öncə idarəyə şikayəti geri götürməyə gedən bir zərərçəkənə “indi vaxtım yoxdur”, – deyərək onu qəbul etməyib. Müstəntiqdən bunun səbəbini soruşanda “səni tutmağa əsasım olsun” deyərək əməlinə haqq qazandırdı”.
Meydan TV əməkdaşı Fərid Şükürlüdən Leyla İbrahimovanın dediklərinə cavab istəyəndə, müstəntiq istehza ilə gülüb və yalnız adı ilə müraciətə irad bildirib: “Fərid yox, Fərid müəllim”.
Meydan TV-nin məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə ünvanladığı sorğu cavablandırılmayıb.
Leyla İbrahimovanın vəkili Araz Allahverdiyevdən onun dediklərinə münasibət öyrənmək mümkün olmayıb.