“Meydan TV işi” üzrə həbs olunan jurnalistlərə məhkəmədə etiraz etdikləri üçün akt tərtib edilib.
Aktda qeyd edilib ki, onlar dövlət ittihamçısının çıxışına mane olublar və əlləri ilə şüşə qəfəsi döyəcləyərək səs-küy salıblar.
Akt gizir Turac Rəcəbov, kiçik gizir Tural Quliyev, mühafizəçi Babək Babayev tərəfindən tərtib edilib.
Saxlanılan jurnalistlərin əksəriyyətinin akt tərtib olunduqdan sonra izahat verməkdən imtina etdiyi bildirilir.
“Etirazımız şüşə qəfəsin içindən bizi çıxarmamaları, vəkilimizin yanında əyləşməyimizə imkan verilməməyi ilə bağlı olub. Bu aktla isə məhkəmə zalında bizə qarşı eyni davranışların davam edəcəyinin mesajını verirlər. Əgər növbəti proseslərdə də bizi şüşə qəfəsin içərisindən çıxarmasalar, çıxış etmək üçün imkan yaradılmasa və mikrofonlarımız söndürülsə zaldakı etirazlarımız eyni qaydada davam edəcək”, – deyə jurnalistlər bildirir.
Fevralın 13-də “Meydan TV işi” üzrə həbs olunan jurnalistlərin növbəti məhkəmə prosesi keçirilib. Məhkəmə zamanı hakim Aytən Əliyeva jurnalistlərin çıxışına maneə yaradıb. Onları şüşə qəfəsdə saxlayıb.
Hakim Əliyeva məhkəmə boyu jurnalistlərin etirazlarını nəzərə almayıb və nəticədə onlar saxlanıldıqları qəfəsin şüşələrini döyəcləyərək etirazlarını bildiriblər.
2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov həbs edilib.
Bu iş üzrə saxlanılanlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət açılıb.
2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), daha sonra digər jurnalistlər – fevralın 20-də Nurlan Libre (Qəhrəmanlı), fevralın 28-də Fatimə Mövlamlı, mayın 7-də Ülviyyə Əli (Quliyeva), avqustun 27-də isə Əhməd Muxtar bu iş üzrə həbs olunub.
Avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb, iş üzrə həbs edilən şəxslərə ümumilikdə Cinayət Məcəlləsinin 7 maddəsi ilə ittiham irəli sürülüb.
Həbs edilən jurnalistlər ittihamları qəbul etmirlər və hesab edirlər ki, siyasi sifarişlə həbs olunublar, məqsəd ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.