“Meydan TV işi” üzrə həbs olunanların məhkəməsi keçirilib (Yenilənib)

“Meydan TV işi”nə görə həbs olunanlar. Foto-kollaj: Meydan TV

Onların həbs müddətinin artırılması məsələsinə baxılıb

Martın 14-də Xətai Rayon Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunanların həbs müddətinin artırılması məsələsinə baxılıb.


Martın 15-də Xətai rayon Məhkəməsində keçirilən prosesdə “Meydan TV işi” üzrə həbs olunan daha bir jurnalist Nurlan Qəhrəmanlı (Libre) barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə daxil olan təqdimata baxılıb.

Təqdimat təmin olunub. Onun da həbs müddəti 3 ay uzadılıb.


Martın 14-də məhkəmə “Meydan TV işi” üzrə həbs olunan jurnalistlər Aysel Umudova, Şəmşad Ağayev (Ağa), Fatimə Mövlamlının da həbs müddətinin daha 3 ay uzadılması barədə qərar verib.

Məhkəmə prosesləri ayrı-ayrılıqda keçirilib.


Məhkəmə həmçinin “Meydan TV işi” üzrə həbs olunan jurnalistlər Xəyalə Ağayeva, Natiq Cavadlı barəsində olan həbs qətimkan tədbirinin 3 ay müddətə uzadılması barədə qərar qəbul edib.


Məhkəmə Ramin Cəbrayılzadə (Deko) barəsində qərar verib. Onun barəsində olan həbs qətimkan tədbirinin 3 ay müddətə uzadılması barədə qərar qəbul olunub.

Məhkəmə “Meydan TV işi” üzrə saxlanılan vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov barəsində də qərar verib. Onun barəsində də olan həbs qətimkan tədbirinin 3 ay müddətə uzadılması barədə qərar qəbul olunub.

“Meydan TV işi” üzrə saxlanılan jurnalist Nurlan Qəhrəmanlının (Libre) məhkəmə prosesi isə vəkilin qatıla bilməməsi səbəbindən təxirə salınıb.


2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə onların barəsində istintaq dövrü üçün ilkin olaraq 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.

Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıb. Eyni ittihamla onun da barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi. Ülvi Tahirovun Meydan TV-yə aidiyyəti yoxdur.

2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa) də saxlanılıb. Onun barəsində 2 ay 1 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

Fevralın 20-də isə jurnalist Nurlan Libre (Qəhrəmanlı) “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində 1 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Fatimə Mövlamlı da fevralın 28-də “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb. Xətai Rayon Məhkəməsi martın 1-də istintaq dövrü üçün jurnalistin 1 ay 9 gün müddətinə həbs olunması qərarını çıxarıb.

Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, telefonları, kompüterləri və digər şəxsi əşyaları götürülüb.

Həbs olunan jurnalistlər özlərini təqsirli bilmir, Meydan TV əməkdaşlarının tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bəyan ediblər.

Hazırda oxşar ittihamlarla 30-dək jurnalist, ictimai fəal həbsdədir. Onlar ittihamı qəbul etmir, peşə fəaliyyətləri ilə əlaqələndirirlər. Hakimiyyət təmsilçiləri ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər.

Beynəlxalq insan haqları qurumları, Qərb rəsmiləri də hökuməti haqsız tutulanları azad etməyə çağırırlar.

Ana səhifəSiyasət“Meydan TV işi” üzrə həbs olunanların məhkəməsi keçirilib (Yenilənib)