“Meydan TV işi” üzrə həbsdə olan jurnalistlərin fevralın 20-də keçirilən məhkəməsi onların hakimlərə etirazları ilə yadda qalıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində əvvəl məlumat verilib ki, vəkil Zibeydə Sadıqova təqsirləndirilən şəxslərdən daha iki nəfərin müdafiəsinə qoşulub. O, “arqument.az” saytının rəhbəri Şəmşad Ağa (Ağayev) və Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirovun da hüquqlarını müdafiə edəcək.
Digər jurnalist Ülviyyə Əli (Quliyeva) isə vəkillərindən biri Türkel Süleymanovdan imtina edib.
“Siz bizim hüquqlarımızı pozursunuz”
Jurnalist Xəyalə Ağayeva bildirib ki, 12 nəfərin hamısı saxlandıqları şüşə qəfəsdən çıxarılaraq, vəkillərinin yanında əyləşmələrini tələb edirlər. O xatırladıb ki, təqsirləndirilən şəxslərin vəkillərinin yanında əyləşməsi barədə məhkəmənin qərarı var.
Hakim Aytən Əliyeva bildirib ki, məhkəmənin qərarı olmasına baxmayaraq, ötən məhkəmə iclasında baş verənlərə görə onlar şüşə qəfəsdən çıxarılmayacaq. Hakim xatırladıb ki, Aysel Umudova ötən iclasda stolun üstünə çıxacağını demişdi.
Aysel Umudova hakimin arqumentinə belə cavab verib:
“Siz bizim hüquqlarımızı pozursunuz və bunun günahını mənim üstümə atmağa çalışırsınız. Mən demişdim ki, sözümü kəssəniz, stolun üstünə çıxacağam. Birincisi, çıxmamışdım. İkincisi, mənə görə edirsinizsə, məni saxlayın, digərlərini çıxarın”.
Aytac Əhmədova isə bildirib ki, ötən məhkəmə iclasında etiraz etdiklərinə görə saxlandıqları Bakı İstintaq Təcridxanasında zorakılığa məruz qalıblar. Onun sözlərinə görə, əvvəl onların haqqında akt tərtib edilib. Hədələniblər ki, əgər məhkəmədə etirazları davam etdirsələr, “karsa” salınacaqlar:
“Siz şahmat taxtasındakı piyadalarsınız. Bizi nə zorbalıqlarınızla, nə kars hədələrinizlə çəkindirə bilməzsiniz. Əliyev iqtidarının bacarmadığını siz bacaracaqsınız? Belə özbaşınalıqlarınızı davam etdirsəniz, məhkəməyə gəlməkdən imtina edəcəyik”.
“Bizi nə karsla, nə qoluzorlularınızla qorxuda bilməzsiniz“
Təcridxanada baş verənlərlə bağlı danışan Xəyalə Ağayeva bunları bildirib:
“Ötən məhkəmədə etirazlarımıza görə təcridxanada bizdən izahat istənildi. 2 gün əvvəl təcridxanada “şmon” adı altında bizə zorakılıq edilib. Mənim səsim üzləşdiyim zorakılıqda qışqırıqlarıma görə qısılıb. Əvvəla, sizin borcunuzdur təcridxanaya sorğu göndərib, zorakılıq faktını araşdırasınız. Bundan başqa, rəis Elnur İsmayılov bizə deyir ki, növbəti dəfə məhkəmədə bizə akt tərtib olunsa, bizi karsa salmalı olacaq. Mən təklif edirəm, lazım olan aktı gecikdirməyəsiniz, bu gün bizimlə bərabər təcridxanaya göndərəsiniz. Çünki bizi nə karsla, nə qoluzorlularınızla qorxuda bilməzsiniz. Bu məhkəmə boyu pozulan bütün hüquqlarımıza qarşı etiraz edəcəyik”.
Ülviyyə Əlinin (Quliyeva) vəkili Rövşanə Rəhimli onun səhhətində ciddi problemlər olduğunu bildirib. Vəkil deyib ki, hüquqlarını müdafiə etdiyi şəxsin ixtisaslaşmış müayinəyə ehtiyacı var. Bunun üçün Penitensiar Xidmətin Müalicə Müəssisəsində şərait yoxdur.
Ülviyyə Əli şüşə qəfəsdən çıxarılmasını istəyib. O bildirib ki, nəfəs çatışmazlığından əziyyət çəkir:
“Məni buradan çıxarın, özüm xəstəliklərim barədə məlumat verəcəm”.
Hakim onun çıxmasına icazə verib.
Ülviyyə Əli bildirib ki, 2017-ci ildə başında şiş aşkarlanıb. Qaraciyərində piylənmə, böyrəyində kristallaşma kimi problemlər var. Onun sözlərinə görə, saxlanılarkən zorakılığa məruz qalıb, nəticədə həbsindən sonra başağrıları artıb. O, özəl xəstəxanalardan birində müayinədən keçməsinə şərait yaradılmasını istəyib. Ülviyyə Əlinin vəsatətində deyilir:
“2017-ci ildə başımda, daha dəqiq desək, hipofiz vəzinin yanında mikroadenoma şişi aşkar edilib. Həkim hər il MRT və KT müayinəsindən keçməyi məsləhət görmüşdü ki, şiş müşahidə altında saxlanılsın. Həmçinin illərdir insulin rezistentliyi, B12 çatışmazlığı, hipoqlikemiya, leykositlərin yüksəlməsi və hipotireozdan əziyyət çəkirəm.
Bundan əlavə, qaraciyərimdə ikinci dərəcəli piylənmə, böyrəyimdə kristallar, ürəyimdə taxikardiya, qalxanabənzər vəzimdə isə genişlənmə aşkar edilib. Həbs olunduğum gün polis tərəfindən üzləşdiyim zorakılıqdan sonra zaman-zaman başımda küt ağrılar, başgicəllənmələri, göz qaralmaları yaşayıram. Keçirdiyim yüksək stress nəticəsində mədəmdə spazmlar və öyümə refleksləri qazanmışam.
Hər il mikroadenoma şişinin müşahidə altında saxlanılmasına görə MRT və KT müayinəsindən keçirdim, lakin 2025-ci ildə həbs olunmuşam deyə artıq 10 aya yaxındır ki, keyfiyyətli tibbi müayinədən məhrumam. Çünki həbsxanada bu təchizatlar mövcud deyil. İstintaqa bu barədə vəsatətlə müraciət etsək də icazə verilməyib.
Hazırda keyfiyyətli tibbi yardım almaq üçün yeganə müraciət edə biləcəyim yer Bakı Ağır Cinayətlər Məhkəməsidir. Bütün dediklərimlə bağlı sübutlar mövcuddur. Məhkəmədən ümumi “check-up” olunmağım üçün özəl xəstəxanada müayinə şəraitinin yaradılmasını istəyirəm”.
Vəkil Cavad Cavadov hüquqlarını müdafiə etdiyi Aytac Tapdıq (Əhmədova) və Nurlan Librenin (Qəhrəmanlı) ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb.
Aytac Tapdıq vəsatətə münasibət bildirərkən deyib ki, azadlıq onun haqqıdır:
“Mən bəraət tələb edirəm”.
Nurlan Libre isə digər jurnalist həmkarlarının da buraxılmasını istəyib.
Vəsatət təmin olunmayıb.
Xəyalə Ağayevanın vəkili Nazim Musayev xatırladıb ki, təqsirləndirilən şəxslərin müdafiəçilərin yanında əyləşməsi barədə qərarı bu məhkəmə tərkibi vermişdi. Bu səbəbdən də öz qərarına hörmətlə yanaşmalı və icra etməlidir:
“Ya da həmin qərarı ləğv edin. Məhkəmə öz qərarını yerinə yetirmirsə, qərəzli yanaşır”.
Vəkil məhkəmə tərkibinə etiraz vermək üçün vaxt istəyib. Digər vəkillər də eyni mövqedən çıxış edib.
Vəkillərə etirazı hazırlamaq üçün vaxt verilib.
Aytən Əliyevanın sədrliyilə məhkəmə tərkibinə etiraz verən vəkillər bildirib ki, hakimlər öz qərarına hörmət etmir.
“Hazırlıq iclasında qərar verilmişdi ki, təqsirləndirilən şəxslər vəkillərinin yanında əyləşsin. Avropa Məhkəməsinin presedent qərarlarında da təqsirləndirilən şəxslərin məhkəmədə bu cür şüşə qəfəsdə saxlanması işgəncə, ləyaqəti alçaldan davranış kimi qiymətləndirilir. Həbsdə saxlanılan şəxsə ən azı, 4 kvadrat metr yer ayrılmalıdır. Burada 5 kvadrat metr yerə 12 nəfər salınıb. Məhkəmənin öz qərarını icra etməməsi onun gələcək davranışlarını şübhə altına almağa əsas verir”, – deyə Nazim Musayev bildirib.
Vəkil Cavad Cavadov qeyd edib ki, təqsirləndirilən şəxslər müdafiəçilərilə məsləhətləşə bilmir, havasız şəraitdə saxlanılır.
Təqsirləndirilən jurnalistlər də hakimlərə etirazı müdafiə ediblər.
Şəmşad Ağa bildirib ki, əgər məhkəmə araşdırması aparmaq niyyəti yoxdursa, o zaman təqsirləndirilən şəxslərə əziyyət verib məhkəməyə gətirməsinlər:
“Bizi boş yerə niyə yorursunuz? Bu adamlar da əziyyət çəkib, bizə görə məhkəməyə gəlirlər. Necə ki, Çar Nikolay əmr verirdi, icra edirdilər, bizim haqqımızda da Prezident Administrasiyasından nə əmr verilsə, siz də onu elan edin, qurtarsın getsin”.
Digər jurnalistlər – Aytac Tapdıq, Xəyalə Ağayeva və s. etirazla bağlı fikirlərini bildirmək istəsələr də, hakim imkan verməyib. Nəzarətçilər şüşə qəfəsdə olan mikrofonu çıxarıb.
Hakimlər etirazın baxılmamış saxlanması barədə qərar qəbul edib.
Daha sonra vəkil Zibeydə Sadıqova Şəmşad Ağanın ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıb. Vəkil bildirib ki, Şəmşad Ağanın ailəsində ardıcıl itkilər olub:
“Əvvəl 16 yaşlı qardaşı qızı vaxtsız vəfat etdi, bu yaxınlarda anası dünyasını dəyişdi. Bu adam məhkəmədən yayınmayacaq. Əksinə, sonadək məhkəməyə gəlib-getməkdə, bəraət almaqda maraqlıdır”.
Meydan TV-nin baş redaktoru Aynur Elgünəş (Qənbərova) əlavə edib ki, Şəmşad Ağanın ailəsinə ardıcıl çox zərbələr dəyib. Hazırda bacısının da vəziyyəti ağırdır.
Ev dustaqlığına buraxılması barədə vəkilinin vəsatətinə Şəmşad Ağa özü belə münasibət bildirib:
“Buradakıların hamısına bəraət verilməlidir”.
Prokuror bu vəsatətə də etiraz edərək bildirib ki, Şəmşad Ağa haqqında həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün əsas yoxdur.
Prokurorun bu çıxışına təqsirləndirilən şəxslər və məhkəmə zalında olan yaxınları etiraz edib:
“Fikrini əsaslandır”.
Məhkəmə bu vəsatəti də təmin etməyib.
Daha sonra vəkillər məhkəmənin Bakı İstintaq Təcridxanasında jurnalistlərdən Xəyalə Ağayeva, Aytac Tapdıq və Aysel Umudovaya qarşı baş verənlərlə bağlı Baş Prokurorluğa təqdimat göndərməsi barədə vəsatət qaldırıblar.
Müdafiəçilər bildirib ki, jurnalistlər fevralın 18-də istintaq təcridxanasında rəis müavini Cavid Gülalıyev və digər əməkdaşlar tərəfindən zorakılığa məruz qalıb:
“Vəzifəli şəxslər tərəfindən baş vermiş zorakı hərəkətlər araşdırılmalı, hüquqi qiymət verilməlidir. Təcridxanada müşahidə kameraları da var. Məhkəmədə təqsirləndirilən şəxs ona qarşı zorakılıqdan şikayətlənərsə, bunu araşdırmaq məhkəmənin də vəzifəsidir”.
Jurnalist Aytac Tapdıq bildirib ki, istintaq təcridxanasının rəis müavini Cavid Gülalıyev yumruğunu havaya qaldıraraq, onların başını əzməklə hədələyib, qollarını burublar:
“Biz yaxşı bilirik ki, o da şahmat taxtasındakı piyadadır, bu sifarişlər Prezident Administrasiyasından gəlir”.
Hakim bildirib ki, baş verənlərin araşdırılması üçün Baş Prokurorluğa təqdimat göndərilməyəcək, lakin Bakı İstintaq Təcridxanasının özünə sorğu veriləcək.
Təqsirləndirilən şəxslər və müdafiəçilər buna etiraz edib:
“Biz onlardan şikayət edirik, siz də onlara sorğu verirsiniz. Onlar deyəcək ki, biz eləmişik?”.
Vəkil Rövşanə Rəhimli istintaq təcridxanasından kamera görüntülərinin alınması barədə vəsatət qaldırıb.
Aysel Umudova isə bildirib ki, fevralın 18-də təcridxanada kameraya rəis müavini və ona yaxın əməkdaş daxil olanda o, sanitar qovşaqda olub:
“Dedim ki, bir dəqiqəyə çıxıram. Əlibala Rəhimli adlı şəxs tualetin qapısını sındırdı. Bu, cinsi qısnama deyil, nədir? Heç kim zəmanət verə bilməz ki, bu adamlar sabah bizi orada zorlamayacaqlar”.
Məhkəmə istintaq təcridxanasından kamera görüntülərinin alınması barədə vəsatəti də təmin etməyib.
Proses martın 13-nə qədər təxirə salınıb.