Meydan TV əməkdaşlarının posterini seçki qutusuna atan fəala 30 sutka həbs verilib (Yenilənib)

Foto: Cəlal Cavadovun şəxsi arxivi

Bir sutkaya yaxındır ki, saxlanılan gənc fəal Cəlal Cavadova 30 sutka həbs cəzası verilib.

Bu barədə Nəsimi Rayon Məhkəməsi qərar çıxarıb.

O, İnzibati Xətalar Məcəlləsinin 206-cı (şəxsi istehlak miqdarında narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham olunub.

Yaxınları isə ittihamı qəbul etmir, onun seçki məntəqələrindən birində qutuya Meydan TV-nin həbsdə olan əməkdaşlarının fotosunu atmasına görə cəzalandırıldığını deyirlər.

————————————————————

Daxili İşlər Nazirliyi Cəlal Cavadovla bağlı müəmmaya aydınlıq gətirmir 

Bir sutkaya yaxındır ki, gənc fəal Cəlal Cavadovdan xəbər yoxdur. 

Yaxınlarının bildirdiyinə görə, yanvarın 30-da saat 16.00-dan onunla əlaqə kəsilib.

Gənc fəalın Nəsimi rayonu, 22-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanması barədə məlumatlar yayılsa da, bu xəbər rəsmi qaydada təsdiqlənməyib. Ailəsinə də onun yeri haqda nəlumat verilməyib.

Vəkili Cəlal Cavadovun yerini müəyyənləşdirmək üçün Ombudsman Aparatına müraciət edib. 

Həmçinin Daxili İşlər Nazirliyinin “102” xidmətinə də məlumat verilib. Lakin bu müraciətlər də nəticəsiz qalıb.

Onun yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri ilə ilə əlaqədar saxlandığı ehtimal olunur.

Seçki məntəqələrindən birində qutuya Meydan TV-nin həbsdə olan əməkdaşlarının fotosu atılıb. Beləliklə, həm seçki saxtakarlığına, həm də müstəqil jurnalistlərin həbsinə etiraz ifadə olunub.

İddia olunur ki, hüquq-mühafizə orqanları həmin məntəqədə səs verənlərdən birinin Cəlal Cavadov olduğunu müəyyənləşdirib və qutuya da həmin fotonu məhz gənc fəalın atmasına görə onu saxlayıb.

Daxili İşlər Nazirliyi ötən bir sutka ərzində Cəlal Cavadovun saxlanılıb-saxlanması, onun yeri barədə sualları cavabsız qoyub.

Ana səhifəXəbərlərMeydan TV əməkdaşlarının posterini seçki qutusuna atan fəala 30 sutka həbs verilib (Yenilənib)