“Meydan TV” nin əməkdaşları və “Meydan TV işi”nə görə həbs edilmiş jurnalistlər “Euronews” kanalına müraciət ünvanlayıblar
Müraciətdə deyilir:
2022-ci ildə qəbul edilmiş beynəlxalq Konvensiya və standartlara zidd, həmçinin Venesiya Komissiyasından mənfi rəy almış mürtəci “Media haqqında” qanunun qəbulundan sonra Azərbaycanda müstəqil medialara və jurnalistlərə qarşı təzyiq və repressiyalar total xarakter alıb.
2023-cü ildə “Abzas Media” əməkdaşlarının həbsi və ofisinin bağlanması ilə başlanan proses 2024-cü ildə “Toplum TV” və “Meydan TV” əməkdaşlarının həbsi ilə davam etdirildi, sözügedən media orqanlarının ofisləri də qapadıldı. Azadlıqda qalan az sayda media nümayəndələrinin bir qismi siyasi təzyiqlərdən dolayı ölkəni tərk etdi, ölkəni tərk edə bilməyən və etmək istəməyən jurnalistlərin də Azərbaycandan çıxışına qadağa qoyuldu, bəziləri isə hələ də istintaq altındadır.
Bundan sonra Azərbaycan hakimiyyəti xarici media orqanları olan “Amerikanın Səsi”, BBC və “Azadlıq Radiosu”nun Bakıdakı fəaliyyətini rəsmən qadağan etdi, nümayəndəlikləri bağladı. Bütün bu repressiv təzyiqlərin fonunda “Media reyestri”ndən qeydiyyatdan keçməsinə baxmayaraq yeganə müstəqil xəbər agentliyi olan “Turan” Agentliyi fəaliyyətini dayandırıldığını bəyan etdi. Hazırda “Abzas Media”, “Toplum TV” və “Arqument.az” kimi yerli media orqanları, yeganə müstəqil çap mediası olan “Azadlıq” qəzeti və xarici media resursları olan BBC, “Amerikanın Səsi”, “Azadlıq Radiosu” və Meydan TV ölkə daxilində fəaliyyət göstərə bilmirlər.
Bir sözlə, ölkə daxilində heç bir müstəqil media qalmayıb, jurnalistlərin isə fəaliyyət imkanları məhdudlaşdırılıb. Dövlətin nəzarətində olan media resursları və TV-lər hakimiyyətin narrativləri ilə həbs olunmuş jurnalistlərin əleyhinə siyasi sifariş əsasında təbliğat aparırlar. İndi Azərbaycanda fəaliyyət göstərən yeganə Qərb mediası “Euronews” kanalı və onun 15 nəfərlik əməkdaşı olan Bakı ofisidir. “Euronews” kanalı isə uzun illərdir ki, müstəqil və tərəfsiz media adına iddialıdır, həmçinin Avropa dəyərlərinə, fundamental azadlıqların təməli sayılan ifadə azadlığına sadiq olduğunu bəyan edir. Ona görə də biz, həbsdə olan jurnalistlər “Euronews” kanalını, onun Bakı ofisində çalışan həmkarlarımızı siyasi sifariş əsasında aparılan məhkəmə proseslərimizi canlı yayımlamağa çağırırıq!
- Aynur Elgünəş
- Şəmşad Ağa
- Natiq Cavadlı
- Ramin Deko
- Aysel Ümüdova
- Aytac Tapdıq
- Xəyalə Ağayeva
- Ülviyyə Əli
- Fatimə Mövlamlı
- Nurlan Qəhrəmanlı
- Əhməd Muxtar