MeyArt: Əkrəm Əylisli: İstərdim ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı olsun”

Dünən – 10 dekabr dünya İnsan Haqları Gününü qeyd edirdi. Biz də Azərbaycandaki insan haqlarının durumu ilə bağlı bəzi incəsənət adamlarının fikirlərini öyrənməyə çalışdıq. Azərbaycanda kitabları qadağan olan yazıçı Əkrəm Əylisli deyir ki, nəinki Azərbaycanda, bütün dünyada insan haqları tapdalanır:

“Mən siyasətçi olmadığım üçün sözü birbaşa deyən adamam. Bu haqda da birbaşa danışmaq çətindir. Azərbaycan haqqında cəsarətlə danışmaq mənlik deyil. Çünki alayarımçıq danışmağın tərəfdarı deyiləm. Arzu edərdim ki, məsələn, Azərbaycanda nümayiş (sərbəst toplaşmaq) azadlığı olaydı, insanların öz fikirlərini sərbəst ifadə etməsi üçün şərait yaradılaydı. İndi bunların zamanı deyil, ya insanlarımız hər şeyə laqeyiddir. Bunlar mürəkkəb məsələlərdir”, – Əkrəm Əylisli deyir.

Müğənni Nura Suri isə hesab edir ki, insanlar ilk növbədə öz hüquqlarını tələb etməyi bacarmalıdırlar: “Nədənsə, bizdə insanlar üzdə kiminsə üzünə gülüb, arxada sakitcə öz dostları, qonşuları arasında nəyisə müzakirə edə bilirlər. Amma siz onlara mikrofon uzatsanız və yaxud da onların haqları tapdalanarsa, haqlarını tələb etməyi bacarmırlar. İçlərində bir az qorxaqlıq var. İnsan haqlıdırsa, qorxmamalıdır. Haqqını tələb etməyi bacarmalıdır”.

Sənətçi Əli Mirəliyevsə işsizlik məsələsinə toxunub. O deyib ki, ölkədə insanların sosial təminatı yoxdur.  

“Azərbaycanda insanların haqları yoxdur. İnsanlar acından ölürlər. Məmurlar, icra başçıları insanların problemləri ilə maraqlanmırlar. Qaziyə deyirlər ki, get, kimə istəyirsən, şikayət et. O da şikayəti kimə etsin? Ona ayda 80 manat pul verirlər. Dözə bilmir, ya özünü asır, ya da ağzını tikir”.

Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı BMT-nin Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyasına qoşulur. Festivalın təşkilatçıları bu kampaniya çərçivəsində film nümayişləri keçirib. Sevil Qadın Sənədli film festivalının məqsədi filmlər vasitəsilə həyatın içində qadınların üzləşdiyi ayrıseçkiliyə, haqsızlıqlara qarşı həssaslığı artırmaqdır. 

Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə teatrda noyabrın 21-dən başlayan yoxlamalardan narazılıq edib. O deyib ki, Mədəniyyət Nazirliyinin Teatrda apardığı yoxlama zamanı nazirlik nümayəndələrinin səlahiyyətlərindən sui-istifadə edir. Direktor açıqlayıb ki, bütün bu baş verənlər teatrın 90 illik yubileyi keçmiş nazir müavini ilə aralarında olan söhbətdən sonra başlayıb. Belə ki, yubileydən sonra ölkədə olan teatrların dövlət planı azaldılsa da, Kukla teatrında bu artırılıb. 

Rəşad Əhmədzadə mədəniyyət naziri Anar Kərimovla görüşdüyünü də vurğulayıb: “Nazirlə görüşdən sonra düşündük ki, yoxlama tezliklə bitər, amma əksi oldu: vaxtı uzadıldı və daha da sərtləşdirildi. Nazirə sual verdim ki, niyə bizim teatrda olmursunuz? Kollektiv sizi görmək istəyir, heç yubiley tədbirimizə də gəlmədiniz. Dedi ki, görüşərik. Mən orada nazirdən xahiş etdim ki, teatra gələn yoxlamanın teatrdan anlayışı olsun”.

Həmçinin direktor bildirib ki, onun adı heç bir korrupsiya faktında hallana bilməz. 

Mədəniyyət Nazirliyi isə bildirib ki, bu cür yoxlamalar digər müəssisələrdə də aparılacaq.

ABŞ-ın “Time” jurnalı “2022-ci ilin adamı”nı seçib. Bu şəxs Ukrayna Prezidenti Volodimir Zelenski olub. Bununla yanaşı, nəşr Zelenskini “Ukraynanın ruhu” elan edib. Zelenski etdiyi video çıxışla Ukraynanın azadlıq mübarizəsində dəstək olanlara təşəkkür edib.

“Ukraynalıların mübarizəsini, dünyada bir çox insanın könlündə əks-səda verən azadlıq ruhunu təmsil etmək mənim üçün şərəfdir”, – deyə Zelenski bildirib.

Həmçinin Britaniyanın “Financial Times” qəzeti də bir neçə gün əvvəl Zelenskini “İlin adamı” seçmişdi.

“Avroviziya-2023”də Azərbaycanı təmsil edəcək ifaçı və mahnı seçimi başlayıb. Gələn il keçiriləcək mahnı müsabiqəsində iştirak etmək istəyən ifaçılar və bəstəkarlar dekabr ayının 31-nə qədər öz ifalarını, demo şəklində bəstələdiyi mahnılarını, yaxud öz ifasında olan və Avroviziya üçün hazırlanmış yeni mahnılarını mailto:song@eurovision.az elektron ünvanına göndərə bilərlər. 

“Avropa Yayım Birliyinin qaydalarına əsasən, mahnının xronometrajı 3 dəqiqədən çox olmamalıdır.

Ana səhifəVideoMeyArt: Əkrəm Əylisli: İstərdim ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı olsun”