ABŞ Azərbaycanla Ermənistanı təxribatlardan yayınmağa çağırıb
Vaşinqton Azərbaycanı və Ermənistanı gərginliyi aradan qaldırmağa və sülh prosesini qorumaq üçün təxribatlardan yayınmağa çağırıb.
Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller Qarabağda iyunun 27-də atəşkəsin pozulmasından bir neçə saat sonra “Twitter”də yazıb.
Metyu Miller həm də “biz Dağlıq Qarabağda insanların həlak olmasından çox narahatıq”,- deyə əlavə edib.
Departamentin mətbuat katibinin baş müavini Vedant Patel gündəlik brifinqdə bildirib ki, son hadisələr hərbi əməliyyatlardan yayınmaq və danışıqlar prosesində möhkəm və layiqli sülhə nail olmaq zərurətini göstərir.
V.Patelin sözlərinə görə, Vaşinqtonda ABŞ-ın rəhbərliyi altında xarici işlər nazirləri ilə danışıqlar konstruktiv olub:
“Biz bu gün də, sabah da bu müzakirələri inkişaf etdirməyə davam edirik, buna görə cədvəldə heç bir dəyişiklik yoxdur”.
V.Patel “Turan”ın yerlərdə gərginliyi nəzərə alaraq, xarici işlər nazirlərinin diqqətlərini danışıqlara cəmləşdirib-cəmləşdirməməsi haqqında sualına cavabda hər hansı şərh verməkdən çəkinib.
O, belə deyib: “Bu, dövlət katibinin bilavasitə məşğul olacağı məsələdir və Qafqazda danışıqlar üzrə baş müşavirimiz Lu Bono da daxil olmaqla, komandamızın digər üzvləri kimi, o da bu prosedə bilavasitə iştirak etməyə davam edir. Biz xarici işlər nazirləri ilə birlikdə bu məsələ ilə məşğul olmağa davam edəcəyik”.
İyunun 28-də Ceyhun Bayramov və Ararat Mirzoyan Ağ Evdə prezident Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.
C.Sallivan görüş barədə “Twitter” qeydində vurğulayıb ki, Ermənistanı və Azərbaycanı sülhə doğru irəliləməkdə davam etməyə, habelə etimadı möhkəmləndirmək üçün təxribatlardan yayınmağa və gərginliyi azaltmağa çağırıb.
Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında danışıqlar iyunun 29-dək davam edəcək.
İyunun 27-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində atəşkəs pozulub. Ermənistan və Azərbaycan atəşkəs rejiminin pozulmasında bir-birini günahlandırıb.
Azərbaycan Müdafiə Nazirliyi bir əsgərinin yaralandığını, Ermənistan Müdafiə Nazirliyi isə 4 hərbsçisinin öldüyünü bildirib.
Azərbaycan və Ermənistan arasındakı Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb.
Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu nəzarətə götürüb.
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.
Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.