Şübhəli şəxsləri 16 ildən 20 ilədək həbs cəzası gözləyir
Qərbi Gürcüstanda rus vətəndaşını qətlə yetirməkdə ittiham edilən iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
OC Media yazır ki, onlar 16 ildən 20 ilə qədər, yaxud ömürlük azadlıqdan məhrum edilə bilərlər.
Onların müdafiəçiləri hadisənin narkotiklərlə əlaqəli olduğunu iddia edirlər.
İki şübhəli şəxs – Revaz Pakeliani və Bezhan Çkadua – Qərbi Gürcüstandakı Zugdidi yerli məhkəməsinin qarşısına çıxarılıb.
Onlar silahlı banditzm, ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə və qanunsuz silah əldə etmə və saxlama ilə ittiham edilirlər.
“Azadlıq” radiosunun verdiyi məlumata əsasən, hər iki şəxsin girov tələbi rədd edilib. Belə ki, məhkəmə şübhəli şəxslərin gizlənmək və potensial şahidlərin gözünü qorxutmaq ehtimallarına dair prokurorluğun arqumentlərini əsaslı sayıb.
Şahidlərdən bəziləri şübhəlilərə yaxın şəxslərlərdir.
Rus vətəndaşı Viktor Solovyovun 5 yanvarda qətlə yetirilməsi insidenti ilə əlaqədar başlıca şübəlilər – Çkadua və Pakelianidir.
İttihama əsasən, Solovyov bir qadınla Zugdididən Mestiaya (Svaneti) gedərkən Pakeliani tərəfindən odlu silahdan açılan atəşlə qətlə yetirilib.
Daxili İşlər Nazirliyi və Prokurorluq birgə açıqlama yayıblar ki, şübhəlilər Solovyovun cansız bədənini çaya ataraq cinayət hadisəsini gizlətməyə cəhd göstəriblər.
Qətl hadisə baş verdikdən bəri həm ittiham, həm də müdafiə tərəfi işin hallarına dair ziddiyyətli mövqelər təqdim ediblər.
Prokurorluq Solovyovun qətlində motivin banditizm olduğu versiyasını irəli sürür.
Bunun əksinə olaraq, müdafiə tərəfi qətldən əvvəl narkotiklə əlaqəli cinayət baş verdiyini iddia edir.
“Azadlıq” radiosuna əsasən, Pakelianinin vəkili Laşa Xoştaria məhkəmədə bildirib ki, mərhum və onu müşayiət edən qadın narkotacirdir və onların telefonlarında narkotikin qanunsuz saxlanılmasına dair materiallar olub. Bu isə tərəflər arasında qarşıdurmaya səbəb olub.
Şübhəlilərin vəkilləri müvəkillərinin zərərçəkənlərin telefonlarını oğurlamaq niyyətində olduğunu inkar ediblər.
Xoştarianın sözlərinə görə, onun müvəkkili telefonu qanunsuz narkotiklərin potensial yerinə dair məlumatı əldə etmək məqsədilə tələb edib.
“Mtavari” xəbər agentliyinin məlumatına görə, Xoştaria deyib ki, Solovyovu müşayiət edən qadın mübahisə mövzusu olan telefonları özü və mərhum tərəfindən törədilmiş potensial narkotiklə əlaqədar cinayətin sübutlarını aradan qaldırmaq məqsədilə məhv edib.
Məhkəməyə sədrlik edən hakim Şota Biçia prosesdə təsdiq edib ki, Pakeliani ilkin dindirmədə narkotiklərlə bağlı məsələyə toxunub.
IPN xəbər agentliyinə görə, Biçia belə deyib: “Təqsirləndirilən şəxslərdən birinin dindirməsinə dair protokolda onların narkotik vasitələrin saxlandığı yerlər barədə informasiya əldə etmək və həmin narkotik vasitələri götürmək istəməsi qeyd edilib. Bu istək növbəti əməllərə təkan verib”.
“Mən özümü müdafiə edirdim”
“Azadlıq” radiosu yazır ki, məhkəmə iclasında ittiham tərəfi Pakelianidən Solovyova niyə atəş açdığını soruşub.
O isə cavabında bildirib ki, “mən özümü müdafiə edirdim”.
Prokuror Davit Papava deyib ki, ittiham tərəfində təqsirləndirilən şəxslərin cinayət hadisəsinə aidiyyətini sübut edən dəlillər, o cümlədən Pakelianin tapançası, eləcə də sursat və “yandırılmış və məhv edilmiş” telefon mövcuddur.
Papava bildirib ki, cinayəti narkotiklə əlaqələndirən hallar “hazırda” müəyyən edilməyib.
Həmçinin əlavə edib ki, işdə Pakelianinin özünümüdafiə məqsədilə hərəkət etdiyini göstərən heç bir sübut yoxdur.
O, eyni zamanda, əlavə edib ki, mərhum Solovyovun əlində bıçaq olub, lakin onu dərhal cibindən ikinci şübhəli Bezhan Çkadua çıxarıb.
“Azadlıq” radiosu xəbər verir ki, Pakelianinin və Çkaduanın narkotiklərlə əlaqədar əvvəlki məhkumluqları mövcuddur və onlar hazırda şərti azadlıqdadır.
Tutulduqdan Pakelianin üstündən kiçik miqdarda metadon aşkar edilib və buna görə o 500 lari (180 dollar) miqdarında cərimələnib.
Qətl hadisəsi barədə ilkin məlumatlar məhdud olsa da, daha sonra Gürcüstanda yaşayan rus bloger Nikolay Levçiç tərəfindən idarə edilən “Telegram” kanalında qətlə yetirilmiş zərərçəkən kimi Viktor Solovyovun şəxsiyyəti müəyyənləşdirilib.
O həmçinin Solovyovu müşayiət edən qadının ailəsi tərəfindən verildiyi iddia edilən konfrantasiyanın versiyasını dərc edib.
Həmin versiyaya əsasən konfrantasiya şübhəlilər Solovyov və onu müşayiət edən qadının yolunu kəsdikdən və onların fotolarını çəkdiklərini zənn edərək telefonları tələb etməsindən sonra baş verib.
Hadisə nə vaxt və necə baş verib?
OC Media yazır ki, hadisə 2025-ci il yanvarın 5-də baş verib.
Daxili İşlər Nazirliyi şübhəli şəxslərin tutulmasının hadisə baş verdikdən sonra – 6 yanvar tarixində ictimaiyyətə bəyan edib.
Qurum bildirib ki, hadisə ilə bağlı iki nəfər saxlanılıb.
Nazirlik deyib ki, hücum edən şəxslər əvvəlcə onların telefonlarını oğurlayıb, kişini güllələrək öldürüb və sonra onun cansız bədənini Nakra çayına atıblar.
Qətlə yetirilən Solovyovla avtomobildə birgə hərəkət edən qadın deyib ki, onlar Mestia şəhərində yerləşən Tetnuldi istirahət mərkəzinə gedərkən yolüstü qar şəkilləri çəkmək üçün dayanıblar.
Onun sözlərinə görə, bu vaxt Subaro markalı avtomobildə olan şəxslər onların yaxınlığında saxlayaraq köməyə ehtiyac olub-olmadığını soruşublar və onlar da kömək təklifinə yox cavabı veriblər.
Qadının sözlərinə görə sonra onlar yenidən avtomobillə hərəkət edərkən həmin Subaru markalı avtomobil yolun ortasında qarşılarını kəsib.
“Vitya [Solovyov] həmin avotomobilin onların qarşısını kəsdiyini görəndə sandıqçadan bıçağı çıxartmağı və ona verməyi istəyib. O, maşından düşərək nə baş verdiyini soruşub”, – deyə qadın bildirib.
“Onlar hava nasosu istədilər; o da götürüb verdi. Daha sonra nəsə konflikt baş verdi”, – deyərək qadın əlavə edib ki, həmin kişilər şəkillərinin çəkildiyini düşünərək onlardan telefonlarını istəyiblər.
Alina ləqəbli istifadəçi həmin Telegram postuna şərh yazaraq Solovyovu müşayiət edən qadının özü olduğunu iddia edib. Lakin daha sonra həmin şərh silinib.
İstifadəçi iddia edib ki, avtomobildə üç telefon var idi – biri ona, ikisi isə Solovyova məxsus idi.
O qeyd edib ki, hücum edən şəxslərdən biri maşına gəldi və Solovyovun hər iki telefonunu götürdü.
Alina daha sonra bildirib ki, iki güllə səsi eşitməzdən əvvəl Solovyov hücum edən şəxslərə ona toxunmamağı deyib.
O, atəşi kimin açdığını müəyyənləşdirə bilmədiyini və daha sonra isə Solovyovu görmədiyini qeyd edib.
Alina deyib ki, hücum edən şəxslərdən biri bir müddət onun yanında qalaraq silahla onu hədələyib. Onlar onun da telefonunu tələb ediblər. Lakin o, telefonunu gizlədə bilib.
Alina əlavə olaraq aydınlaşdırıb ki, Solovyovun avtomobilindən götürdüyü bıçaq “adi iş bıçağı olub və o sandıqçada həmin bıçağı hər ehtimala saxlayırmış”.
O vurğulayıb ki, Solovyov bıçağı təhlükəsizlik səbəbləri ilə saxlayıb və heç kimi hədələməyib.
Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Mediadan oxuya bilərsiniz.