Mərminin dağıtdığı evdə yaşayan ailə…

Aslanovlar ailəsi bir az külək, möhkəm yağıntı olanda evi tərk etməli olurlar

Source:


Aslanovlar ailəsi bir az külək, möhkəm yağıntı olanda evi tərk etməli olurlar

“İldə 1-2 dəfə gəlib baxırlar, “burda yaşamaq təhlükəlidir, çıxın burdan, bir gün yatdığınız yerdə başınıza dağılar”, – deyib, gedirlər”.

Qazax rayonunun Böyük Cəfərli kəndi Ermənistanla sərhəddən təxminən 200 metr aralıda yerləşir. Kənd sakini Vidadi Aslanovun evindən o tərəfə yaşayış evi yoxdur. 26 il əvvəl evin yaxınlığına düşən mərmi onu qəzalı vəziyyətə salıb. Təxminən eyni müddətdir ki, ailə aidiyyəti qurumlara müraciət edir, ancaq faydası yoxdur.

Yağış yağanda, külək əsəndə çölə qaçırıq

Qəzalı evdə yaşayan ailənin tərkibi altı nəfərdən ibarətdir. Ailənin xanımı Rasimə Abdullayeva deyir, vaxtilə düşən mərmi evi tamamilə dağıdıbmış:

“Evin skeleti qalmışdı. Küçədə yaşayırdıq, uzun müddət gördük hökumət qurumları hərəkətə keçmir, özümüz əlimizə daş, torpaq düşdükcə ora-burasını düzəldib girdik içərisinə… Ancaq ev özülündən qəzalıdır axı… Nə qədər düzəltsək də, ört-basdır etsək də, divarlar, tavanlar aralanır. Bu zülmdə övladlarımızı böyütdük, bir az külək, əsəndə, yağış yağanda çölə qaçırıq. Çünki ev hər an başımıza uça bilər”.

Rasimə Abdullayeva deyir ki, evə aradabir rayondakı Fövqəladə Hallar Komissiyasından baş çəkirlər. Hər dəfə də ailəyə qəzalı evdə yaşamağın acı nəticələrindən danışıb gedirlər.

Gətirib həyətə bir az daş, bir az şifer tökdülər

Qazax Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, hazırda rayon ərazisində yaşayan şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün işlər görülür. Gələcəkdə imkan yaranarsa, Yuxarı Cəfərli kəndindəki Aslanovlar ailəsinin də məsələsinə baxıla bilər. Bundan əlavə, qurumdan bildirilib ki, 2012-ci ildə Ərazilərin Bərpa Agentliyi bu ailəyə tikinti materialları verib. Lakin ailə üzvləri deyir, agentlik tamamilə dağılmış evin bərpası üçün bir maşın daş və bir neçə şifer verib:

“6 il əvvəl gətirdilər həyətə bir az şifer, bir az daş töküb getdilər. Bununla ev tikmək olar?.. . Bununla heç otağın birini də düzəltmək mümkün deyil. Üstəlik, ev özülündən sökülməli, yenisi tikilməlidir. İmkanımız yoxdur. İşləyənimiz yoxdur. Bir oğlum əsgərlikdən qayıtdı, getdi Bakıda işləsin, pul yollasın, evi düzəldək, orda da iş bağlandı, suyu süzülə-süzülə qayıdıb gəldi kəndə… Onun-bunun kartof sahəsində işləyir, yığdığı kartofun tonuna görə 2 manat alır, evə gətirdiyi qazancı heç ərzağımızı görmür. Bir oğlum əlildir, 47 manat pensiya alır, heç dərmanlarına çatmır. Qaynatamın 230 manat təqaüdü ilə dolanırıq. 5-10 qoyunumuz var, mövsümdə yununu, ətini satırıq, birtəhər başımızı saxlayırıq. Bizim özüldən ev tikmək imkanımız yoxdur. İstədiyimiz də odur ki, dövlətimiz bizə sahib çıxsın”.

Bu yaxınlarda ailə yenə yerli icra hakimiyyətinə və Mehriban Əliyevaya müraciət edib.

Ana səhifəBölgəMərminin dağıtdığı evdə yaşayan ailə…