“Mərmər soyuğu” filminin çəkilişləri başa çatıb

Çəkiliş meydançası, Foto: “Azərbaycanfilm” kinostudiyası

Film uğursuz rəssam və sevgilisinin qarışıq sevgi münasibətlərindən bəhs edir

“Mərmər soyuğu” tammetrajlı bədii filminin çəkilişləri başa çatıb.

Bu barədə Meydan TV-yə “Azərbaycanfilm” kinostudiyasının PR meneceri Lətif Lətifsoy məlumat verib.
“Mərmər soyuğu” Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” Kinostudiyası, “İctimai TV” və “Arizona Productions” (Fransa) şirkətlərinin birgə istehsalıdır.

Film uğursuz rəssam (Elşən Əsgərov) və sevgilisinin (Natavan Abbaslı) qarışıq münasibətlərindən bəhs edir.
Uzun sürən həbs həyatından sonra evə qayıdan ata (Qurban İsmayılov) ən radikal yollarla oğlunun həyatını yoluna qoymağa çalışır.

Ekran əsərinin ssenari müəllifləri Asif Rüstəmov və holland həmkarı Roelof Jan Minneboo, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, rəssamı Rafiq Nəsirov, geyim rəssamı Şahin Həsənli, qrim rəssamı Elbrus Vahidov, kreativ prodüseri İradə Bağırzadə, baş prodüseri isə Fariz Əhmədovdur.

Baş rollarda Elşən Əsgərov, Natəvan Abbaslı və Xalq artisti Qurban İsmayılov çıxış edib.

“Mərmər soyuğu” filmi, Foto: “Azərbaycanfilm” kinostudiyası

Filmin 2022-ci ilin ikinci yarısında tamaşaçıya təqdim edilməsi planlaşdırılır.

“Mərmər soyuğu” rejissor Asif Rüstəmovun ikinci tammetrajlı filmidir.

Daha öncə ərsəyə gətirdiyi ilk tammetrajlı bədii filmi “Axınla aşağı”nın dünya premyerası 2014-cü ildə “Karlovy Vary” Beynəlxalq Film Festivalının müsabiqə bölümündə baş tutmuşdu.

Film daha sonra bir çox prestijli festivala dəvət alaraq, müxtəlif nominasiyalar üzrə mükafatlara layiq görülüb.

Ana səhifəMədəniyyət“Mərmər soyuğu” filminin çəkilişləri başa çatıb