Yox, söhbət həbsimə səbəb olan hadisədən getmir. Heç hörmətli Pənah Hüseynin “Cinayətimiz məğlubiyyətimizdir” tipli fəlsəfi yanaşması haqqında da deyil. Bu dəfə həqiqətən törətdiyim, lakin cəzasını çəkmədiyim bir suç haqqında danışacağam.
* * *
1987-ci il idi. O zaman hələ S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti adlanan indiki BDU-nun I kursunu bitirəndən sonra bizi hərbi xidmətə çağırdılar. Əyani şöbədən əsgər aparmağa yalnız 1989-cu ildə, məh hərbi xidməti bitirəndən sonra son qoyuldu. O zaman isə yalnız 2 güzəşt vardı: əyani şöbənin tələbələri payız çağırışına cəlb olunmurdular və kursu tam bitirsinlər deyə – iyunun son günlərində semestr imtahanları bitəndən sonra əsgər aparılırdılar. Məni də iyunun 29-da Biləcəri çağırış məntəqəsinə dəvət etmişdilər. Artıq ertəsi gün Tbilisidə, sovet silahlı qüvvələrinin 1 saylı alayında idim. Bu alay təlim üçün nəzərdə tutulmuşdu, rusca uçebka deyilirdi. Yeni çağırışçılar burada 5-6 ay təlim keçir, sonra isə Zaqafqaziya hərbi dairəsinin hissələrinə göndərilirdilər. Yaşayanlar bilir, təlim alayında hərbi xidmət çox ağır keçir. Səhərdən axşama qədər təpik döyürsən, nüvə və kimyəvi silahdan müdafiəyəqədər müxtəlif müdafiə üsullarını mənimsəyirsən, sutkanın işıqlı və qaranlıq vaxtlarında avtomat silahlardan və hərbi texnikadan (bizdə bu BMP-2 döyüş maşını idi) atəş açmağı öyrənirsən, hücum və müdafiə taktikasına yiyələnirsən və s. və. i.a.
Mənim üçün isə bu təlimlər daha da ağır keçdi.
Niyəsini izah etmək üçün haşiyə çıxmalı olacağam.
Orta məktəbin 9-cu sinfinin sonlarında 2 dəfə ayağım möhkəm burxulmuşdu. Bir dəfə məktəbin pilləkənlərini qaça-qaça enərkən, ikinci dəfə isə yaşıdlarım arasında çempion olduğum hündürlüyə tullanmaq məşqi edərkən. Məktəbdə dərslər bitəndən 10-15 gün sonra axsamağa başladım. Lənkəranda neçə həkimə müraciət etdimsə, faydası olmadı. 5 aydan çox axsaya-axsaya gəzdim. Yalnız növbəti dərs ilinin noyabr tətilində valideynlərim məni Bakıya apardılar. Burada təsərrüfat hesablı poliklinikada (bakılılar “platnaya poliklinika” deyiridilər) Səfərov soyadlı həkim topuğuma ani nəzər salmaqla “damar dartılması” diaqnozu qoydu və bir həftə ərzində tam müalicə etdi. Artıq hündürlüyə də tullana bilirdim, futbol və voleybol oynaya da. Təkcə dabanlı ayaqqabı geyinmirdim. Belə ayaqqabıda bir qədər gəzən kimi topuğumda yorğunluq və küt ağrı hiss edirdim. Lakin əsgərlikdə başqa seçimim yox idi, hamıya sapoq vermişdilər.
Hərbi xidmətə başlamağımdan təxminən bir ay sonra – iyulun 27-də səhra yürüşünə (polevoy vıxod) çıxdıq. Yandırıcı günəşin altında saatlarla və kilometrlərlə eniş-yoxuşlu yol getdik. Su qabları artıq ilk vaxtlarda, hava hələ tam qızmamış boşalmışdı. Qalan saatlarda dodaqlarımız susuzluqdan çat vermişdi. Axşçamüstü bir gölün sahilinə çatdıq, çimməyə icazə verdilər. O qədər susaşmışdıq ki, əsgərlərin bir çoxu edilən xəbərdarlığa rəğmən, gölün suyundan işdilər. Mən də düz iki qurtum vurdum. Təxminən bir saat sonra maşınla içməli su gətirildi, təşnəmizi söndürdük. Əsgərlər istisnasız olaraq, bərbad gündə idilər. Kimisini isti, kimisini günəş vurmuşdu, hamısının ayağı döyənək idi, qanayanlar belə vardı. Bakıdan olan bir əsgərdə isə ruhi pozuntu əlamətləri meydana gəldi. Təcili hospitala apardılar və onu daha görmədim. Mənim isə ayağımda qəfil ağrı peyda oldu, axsamağa başladım.
Yürüşdən günlər keçdi, ağrı isə keçmirdi. Bədbəxtlikdən zahirən ayağımda hər şey qaydasında idi. Nə yara vardı, nə şiş, nə də başqa əlamət. Həkimə gedirdim, məzəmmətlə başını bulayıb “simulyasiya eləmə” deyirdi. Əsəb məni boğurdu, anlatmaq istəyirdim ki, hərbi xidmətdən yayınmaq naminə simulyantlıq edəcək qədər aciz deyiləm. Ancaq inanmayacaqlarını bilirdim. 3 aydan artıq belə davam etdi. Evə də bu haqda yazmırdım. Əvvəla fikirləşirdim ki, bilib nə edəcəklər, yalnız rahatlıqları pozulacaq. Digər tərəfdən də bizlər əsgərlikdən evə şikayət yazmağın utancverici hərəkət olması ruhunda formalaşmış gənclik idik. Əslində düzgün olan bu yanaşma mənim nümunəmdə keçərli deyildi. Axı mənim şikayətim hərbi xidmətdən deyil, səhhətimdən idi. Cahillik…
Noyabrın ortalarında məni tibbi hissəyə çağırdılar. Burada tanımadığım bir podpolkovnik məni xidmətim, səhhətim barədə sorğu-suala tutdu. Şəxsimə qarşı bu diqqətdən təəccübələnərək suallara cavab verdim, ayağımdakı ağrıdan şikayətləndim. Podpolkovnik tibbi hissənin rəisi ilə ayağıma baxdılar. Rəis yenə də zəhləmi tökən kinayə ilə qımışdı. Yəni ki, görürsünüz də, heç nə yoxdur. Podpolkovnik bir söz demədən çıxıb getdi. Noyabrın 26-da isə məni yenidən tibbi hissiəyə çağırdılar və Hərbi diarənin mərkəzi hospitalına köçürdülər. Yalnız bir müddət sonra, hospitalda evlə telefonla danışarkən baş vermiş dəyişikliyin səbəbini öyrəndim. Sən demə, hospitalın rəisi, milliyyətcə yunan olan Pavel Qaragözov bir müddət Lənkəranda xidmət keçib, dayımla yaxın münasibətləri olub. Bir gün dayım ona zəng edib, hal-əhval tutublar, sözarası mənim haqqımda deyib. Sonra da az öncə yazdığım hadisələr baş verib, evdə mənim axsadığımı biliblər. Telefonda etiraf edəndə ki, 4 aydır axsayıram, üstümə xeyli danlaq, töhmət yağdı.
Beləcə, 1-ci alayda təlim müddətimiz artıq başa çatmaq və hərbi hissələrə paylanmaq üzrə ikən hospitala aparıldım. Amma nədənsə arxamca gələn və Mıza kimi qəribə soyadlı podpolkovnikin rəis müavini olduğu infeksion bölməyə köçürmüşdlər burada isə sadəcə istirahət edirdim, ayağımla maraqlanan yox idi. Yalnız bir aydan sa çox vaxt keçəndən sonra, 1988-ci ilin yanvarında topuğum şişməyə başladı ki, bu da böyük sevincimə səbəb oldu. Əvvəla, simulyant olmadığım sübuta yetdi, ikincisi də həkimlər tərəfindən problemimə diqqət yetiriləcəyinə ümid yarandı. Yanvarın sonunda xüsusi kimossiya rentgen və digər müayinələrdən sonra topuğuma maye yığılması haqqında diaqnoz qoydu və əməliyyat olunmam barədə rəy verdi. Bu səbəbdən də fevralın 1-də məni infeksion bölmədən çıxarıb hərbi hissəyə göndərdilər, fevralın 4-də isə cərrahiyyə bölməsinə gəlməyi tapşırdılar.
Qoyulan diaqnoz mənə o qədər də inandırıcı gəlmədi. Axı hələ əvvəlki xəsarətim zamanı çoxlu yanlış diaqnozlarla üzşləşmişdim, o cümlədən də əməliyyatın zəruriliyi haqqında.
1-ci alaya gəldikdə öyrəndim ki, hərbi xidmətimi davam etdirmək üçün məni Biləcəriyə göndərmək nəzərdə tutulub. Oradan da Azərbaycanda yerləşən hərbi hissələrdən birinə təyin olunmalı idim. Bu müsbət xəbər hospitala qayıtmaq planıma yenidən baxmağa sövq etdi. Axı Biləcəridən Bakıya, doktor Səfərovun yanına getmək olardı. Biləndə ki, Biləcəriyə təkbaşına, kimsənin müşayiəti olmadan gedəcəyəm, qəti qərar gəldim. Alayın qərargahında hospitala qayıtmaq göstərişi barədə heç bir söz deməyib hərbi biletimi, yol vəsiqəsini və digər sənədləri aldım. Fevralın 2-də Tbilisi-Bakı qatarına oturub yola düşdüm.
Yol vərəqəsini alandan bir cəhət diqqətimi cəlb etmişdi: yola düşmək və Biləcəriyə getməli olduğum tarixlər (2 və 3 fevral) rəqəmlə yazılmışdı. Ehtimalımın əksinə olaraq mötərizədə hərflərlə təkrar edilməmişdi. Bu faktı fiksə edəndən beynimə girmişdi ki, tarixlərin hərəsinin önünə “1” rəqəmi əlavə etməklə, onları 12 və 13 fevrala döndərmək, beləcə Bakıda 10 gün artıq qalmaq mümkündür. Bu müddət isə başqa xoş məqamlarla bərabər, tam müalicə üçün kifayət edə bilərdi. Ehtiyatlılıq isə pıçıldayırdı ki, hökuməti belə asanlıqla aldatmaq olmaz, hansısa yolla əməlim üzə çıxa bilər. O zaman isə başım çox ağrıyacaqdı. Zarafat deyil, 3 gündən artıq hərbi xidmətdən yayınmağın cinayət sayıldığı və “disbat” adlanan cərimə batayonu ilə cəzalandırıldığı halda, 10 gün ortadan qeyb olacaqdım. Uzun düşüncələrdən sonra risk etməyi qərara aldım. Özümə onunla haqq qazandırdım ki, yanlış diaqnozla əməliyyat etsəydilər, hərbi xidmətə tamamilə yararsız hala salına bilərdim. İndi isə cəmi 10 gün yayınıram.
Elə Bakıya çatan kimi qohumlargildə bir qədər istirahət edib, təğyiri-libas oldum, yəni mülki paltar geyib, doktor Səfərovun qəbuluna getdim. Onun qoyduğu diaqnoz – ya dişdən, ya da qidadan keçən infeksiya – məndə qəti şübhə doğurmadı. Çünki dərhal o dəhşətli 27 iyul günündə göldən içdiyim iki qurtum suyu xatırladım.
10 gün müddətində ambulator müalicə olundum. Onu da deyim ki, bu müddət müalicəyə tam yetmədi, hərbi xidmət yerimdə yenə davam etdi. Bununla belə, ağrım xeyli azalmışdı, yalnız çox diqqətlə baxdıqda ayağımı çəkdiyim sezilirdi. Ali məktəblərdə qış tətili bitəndən sonra tələbə yoldaşlarımla görüşmək üçün universitetə də baş çəkdim. Dəhlizdə durub tənəffüsü gözləyərkən dekanımız Yaqub Mahmudovla rastlaşdım və aramızda belə bir dialoq oldu:
– Sən bizim tələbəmiz deyilsən?
– Bəli, Yaqub müəllim.
– Dərsə niyə girməmisən?
– Mən əsgərlikdəyəm, məzumiyyətə gəlmişəm.
– Həə… Lap yaxşı. Amma, bala, məzuniyyətini elə buralarda keçirmə, qohum-əqrabana da bir baş çək!
Fələkdən, daha doğrusu, sovet ordusundan çaldığım 10 gün bir göz qırpımında keçdi. Fevralın 1-də əynimdə hərbi forma, ürəyimdə təlaş, “gözlərimdə min bir sual” səhər tezdən, qatardan indicə düşmüş kimi Biləcəri çağırış məntəqəsinə yollandım. Burada yol vərəqəsini aldılar, baxdılar və heç nədən şübhələnmədilər. Bununla belə, yeni xidmət yerinə təyinat alıb oradan çıxana qədər səksəkəli idim. Hər dəqiqə əməlimin üstünün açılacağını gözləyirdim. Lakin heç bir şey baş vermədi və işlətdiyim suç cəzasız qaldı.
* * *
Biləcəridən məni Gəncə diviziyasına, oradan da Xankəndinə, adı sonralar tariximizə qara hərflərlə yazılmış 366-cı alaya göndərdilər. Axşam saatlarında alayın qərargahına daxil olarkən həmin gün şəhərdə baş tutmuş mitinq haqqında söhbətləri eşitdim. Fevralın 13-də Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana verilməsi tələbi ilə ilk mitinq keçirilmişdi.