Mənə qurban əti ala bilərsən?..

Fotolar: Meydan TV

Rövşən Hacıbəyli

Qurban kəsilən məkanlardan hər il reportaj hazırlayan Sevinc Vaqifqızının əvəzinə

Bayram oldu, heç bilmirəm neyləyim… Yox, bunlar keçmişdə qalıb, indi heç kim bu sualı özünə vermir, bayram gələndə adamlar nə edəcəyini dəqiq bilir, imkanlılar da, heç bir imkanı olmayanlar da. Qurban bayramında açılan kəsim məntəqələrinin yerini artıq hamı tanıyır. Qabaqkı illərdən fərqli olaraq bir neçə ildir, hökumət qurban işini də nəzarətə götürüb. Bu bayramda səyyar kəsim məntəqələri yaradır, rayon icra hakimiyyətləri ilə birgə işi təşkil edir. Ancaq bu məntəqələrdə həmişə cox ciddi, qanqaraldıcı narazılıqlar olur. İşin təşkili sıfır səviyyəsindədir. Adamların rahatlığı üçün heç bir şərait yaradılmayıb. Məsələn, kölgəlik, oturacaqlar, sıra nömrəsi və s. Bunlar olmadığından növbəlilik prinsipi gözlənilmir, qurbanlıq qoyun alan adamlar hamıdan qabağa düşüb qurbanını birinci kəsdirmək istəyir. Bu məntəqələrə bayram ovqatı ilə gələnlər bir neçə saata əldə etdiyi qurban ətini götürüb qanıqara halda evə yollanır. Şübhə yoxdur ki, evə çatıb onu səbirsizliklə gözləyənlərin də qanını qaraldacaq…

Rövşən Hacıbəyli
Mənbə: Meydan TV

Qayda-qanun yaratmağa məsul olan qurumların nümayəndələri başıpozuqluğun əsas səbəbkarlarıdır. Onlar növbəni pozur, tanışlarını, yaxın adamlarını növbəsiz içəri buraxırlar. Vətəndaşlar məsul şəxslərdən birinin söyüş söyməsi ilə bağlı gənc polisə şikayət etmişdilər. Polis həmin şəxsə irad bildirəndə o adam əvvəlcə yazıq görkəm alıb söyüş söymədiyini dedi, ancaq bəzi başqa məsul şəxslərin bu adamı müdafiə etməsi, polisin üstünə getməsi onun da ayağının altına daş qoydu. Gənc polis protokol yazacağını deyəndə o, “hara istəyirsən, nə istəyirsən, yaz” dedi. Bu arada bəzi polislər də gənc yoldaşlarını qınadılar, yəni az aşım, ağrımaz başım, ya da ənənəvi, çoxumuza xas “nəyinə lazımdır” iradı… Sag olsun gənci, geri çəkilmədi…

Ancaq burada qayda-qanun yaratmağa çalışan polis əməkdaşı da var idi. Düzdür, o, istefada olan polis idi, buna baxmayaraq, sözünü deyirdi, əsas iradı da qanunsuzluğa imkan verən, bəzən də onun iştirakçısı olan polislərə, həm də başqa məsul şəxslərə idi. Məsul şəxslər onu sakitləşdirmək üçün (onun etirazına qoşulub bəzi başqaları da səsini çıxarırdı) növbədənkənar içəri buraxmağa bir neçə yol cəhd eləsələr də, razı olmadı, növbəsini gözlədi… Həm də qanunsuzluq edənlərdən şikayət edəcəyinə, onların cəzalandırılacağına nail olacağını dedi.

Qurban kəsməyə gələn vətəndaşlardan biri başıpozuqluqdan, növbəsiz girənlərdən məsul şəxsə şikayətləndi:

– Bizimkilərdə mədəniyyət nə vaxt olacaq?
– Olmayacaq. Heç vaxt olmayıb, olmayacaq da...

Yeri gəlmişkən, bizdə mədəniyyət olmadığını deyən həmin bu məsul şəxs növbəni pozanlardan, tanışlarını növbəsiz içəri buraxanlardan, eyni zamanda içəridə guya qayda-qanun yaradanlardan biri idi. Arada adamların üstünə qışqırır, sanki atasının obyektidir sayaq, kəsimi dayandıracağını deyib qəssablardan da işi dayandırmağı tələb edirdi. Düzdür, heç fikir verən də yox idi. İnsafən, onu da deyək ki, iş heç vaxt dayanmadı. Dayanmaq böyük itki demək idi. Qurbanın biri 10 manata kəsilir, 10 manata doğranırdı. Ətin kiloqramı 20 manatdan hesablanırdı. Məsələn, 14 kiloqramlıq qoyun alan adam 300 manat ödəyirdi. 280 manat ətin pulu, 10 manat kəsim, 10 manat da doğramaq. 20 kiloqramlıq qoç alıcıya 420 manata başa gəlirdi. Yeri gəlmişkən, burada qurbanlığa yararsız 3-4 aylıq quzular da (8-10 kiloqramlıq) satılırdı. Ancaq bütün bunlar Azərbaycan Qida Təhlükəsi(zliyi) Agentliyi əməkdaşlarının diqqətindən kənarda idi.

Hər il Yasamalda, “İdeal” şadlıq evinin yanında yaradılan bu səyyar kəsim yerindən bir neçə dəfə yazı hazırlamışam, əsas iradlardan biri antisanitariya, kəsilən qurbanların qanının açıq şəkildə Eksperimental Xəstəxananın həyətinə axıdılması olub. Nəhayət, bu il vəziyyəti nisbətən düzəldiblər, indi qanlı su açıq şəkildə yox, plastik borular vasitəsilə Eksperimental Xəstəxananın ərazisində olan ağzı açıq kanalizasiyaya axıdılır…

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) səyyar laboratoriyası da çadırın yanında dayanmışdı. Məqsəd aydındır: kəsilən heyvanların sağlam olub-olmamasını yoxlamaq. Müşahidə apardığımız 3 saat ərzində orda heç bir laborator müayinə aparılmadı. Çəkilişə gələn jurnalistlər – MİR, AzTV, Baku TV, ATV əməkdaşları həmin səyyar laboratoriyadan da kadr götürürdülər, çəkilişdən qabaq laboratoriyada olanlar ağ xalat geyinir, masa arxasına keçir, analiz aparmaq görüntüsü yaradırdılar. Çəkiliş qurtaran kimi xalatları soyunurdular… Düz də edirdilər, antisanitariya olan yerdə ağ xalatlar çirklənə bilərdi, gün ərzində hələ çox çəkilişlər olacaqdı, xalatı təmiz saxlamaq gərək idi…

Bundan başqa, çəkiliş gələndə harasa zəng vurub “müəllim”i çağırırdılar, o da gəlib müsahibə verib gedirdi. Yaxşı ki, çox uzağa getmirdi, yeni çəkiliş qrupu gələndə təzədən “müəllim”ə zəng vurulurdu və o, təxminən yarım saata hadisə yerində olurdu.

Kəsim məntəqəsinin qarşısında təkcə qurban kəsənlər yox, qurbandan pay uman ahıllar, cavanlar və uşaqları da var idi. Qurban kəsməyə hazırlaşan bir kişiyə yaşlı qadın yaxınlaşıb ciyər (içalat) istədi, kişi konkret cavab verdi: “başqasınındı”. Görünür, kiməsə söz veribmiş. Başqa bir orta yaşlı qadın qurban növbəsini gözləyən kişiyə yaxınlaşıb dedi:
“Uşaqlarım neçə aydır ət yemir, mənə qurban əti ala bilərsən?”.

Kişi heç nə demədi, sadəcə, çadırın yanında yerini dəyişdi…

Qurban bayramınız mübarək, kəsənin də, kəsməyənin də, yeyənin də yeməyənin də…

Ana səhifəTövsiyəMənə qurban əti ala bilərsən?..