Yadigar Sadıqlı: “Qorxaqlığın etirafı da bir cəsarət tələb edir”
Müsavat Partiyasının başqanı Arif Hacılının müavini, hazırda həbsdə olan Yadigar Sadıqlı Meydan TV-nin ona ünvanladığı sualları cavablandırıb.
–
Həbsxanadakı vəziyyət, sizə münasibət necədir? Səhhətinizdə hər hansı problem varmı?
– Yarım əsr öncə yaradılmış 14 saylı cəzaçəkmə müəssisəsinin çağdaş tələblər baxımından xeyli nöqsanları var. Ən ciddi problem təbii şəraiti ilə bağlıdır. Burada azacıq külək qalxan kimi ətrafı tozanaq bürüyür. Yaxınlıqda yerləşən daş karxanası da vəziyyəti lap mürəkkəbləşdirir. Yağışdan sonra bir neçə gün ərzində tozanaq olmur. Sonra eyni hal təkrarlanır. Buradakı məhbuslar üçün ən arzuolunmaz xəbər hava proqnozunda külək, xüsusilə şimal küləyinin əsəcəyi xəbəridir. Qədim Romanın adını unutduğum bir siyasətçisinin “Karfogen mütləq dağılmalıdır” ifadəsinə nəzirə olaraq, mən də “14 saylı CÇM mütləq dağıdılmalıdır” deyə bilərəm. Davranışdan və səhhətimdən şikayətim yoxdur.
–
Əvvəlki müsahibələrinizdə bildirmişdiniz ki, hakimiyyət sizi siyasi fəaliyyətinizə görə həbs edib. Necə düşünürsünüz, fəaliyyətiniz partiyanın digər təşkilatlarının fəaliyyətindən kəskin fərqlənirdimi və bu fərq daha çox nədə özünü büruzə verirdi?
– Doğrusu, bu sualı heç sevmirəm. Nə qədər çalışıram, özünü tərif forması alır. O səbəbdən, icazə verin, cavablandırmayım. Təkcə onu deyim ki, məni niyə həbs etdikləri deyil, niyə bu qədər gec həbs etdikləri təəccüblüdür.
–
Yəqin ki, qəzetləri izləmək imkanınız olur. Həbsxanadan baxanda ölkədəki vəziyyəti necə qiymətləndirirsiniz?
– Ölkə üzərindəki avtoritarizm alaqaranlığı getdikcə totalitarizm zülməti ilə əvəz olunur. Xarici siyasətdə də milli mənafelərimizin ziddinə olaraq, Rusiya ilə sürətli yaxınlaşma baş verir. Buradan görünən mənzərə bax, belə, ürəkaçan deyil.
–
Dostlarınızın və ümumiyyətlə, ictimaiyyətin sizin həbsinizə verdikləri reaksiyadan razısınızmı?
– Tamamilə. Hər kəsə təşəkkür edirəm.
–
Müsavat Partiyasının sonuncu qurultayından sonra həbsxanadan göndəriyiniz müraciətinizdə partiyanı demokratik seçkilər keçirdiyi üçün təbrik etmisiniz. Lakin seçki sonrası partiyadan 2 nəfər, ən son isə Müsavat Partiyasının Gənclər Təşkilatının sədri də istefa verdi. Başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun tərəfdarları isə seçkidə pozuntular olduğunu və bu pozuntular araşdırılmasa, Arif Hacılını başqan kimi tanımayacaqlarını açıqladılar. Bütün bunlardan sonra partiyanızın demokratik seçkilər keçirməsinə sizdə hər hansı bir şübhələr yarandımı?
– Xeyr. Bildiyimə görə, kameralar önündə gedən və internetdə birbaşa yayımlanan səsvermə və sayım prosesinə ciddi iradlar yoxdur. Qurultaya hazırlıq mərhələsi ilə bağlı deyilənləri isə əsaslı saymıram. Çoxlu arqumetnlər gətirə bilərəm. Lakin ən əsasını yazacağam. Birincisi, əgər bu qədər açıq ədalətsizliklər və kobud pozuntular olsaydı, başqanlığa namizədlər qurultayaqədərki dövrdə etiraz səslərini ucaldardılar. Halbuki, bunun əksi baş verib. Hamı razılıq edib. İkincisi, hörmətli Qubad bəyi dəstəkləyənlər siyahısında kifayət qədər başqan müavinlərinin, Divan, Məclis və xüsusən də Mərkəzi Nəzarət Təftiş Komissiyası (MNTK) üzvlərinin olduğu görünür. On bir MNTK üzvündən altısı, yarıdan çoxu Qubad bəyi dəstəkləyib. Bunun özü istənilən pozuntu və saxtakarlığın qarşısını almaq üçün yetərlidir. Halbuki, qurultaya hazırlıq mərhələsində yerli təşkilatların konfrans və ümumi yığıncaqlarının nəticələri və ya bu nəticələrin ləğv edilməsi ilə bağlı bircə şikayət belə edilməyib. Bundan əlavə, müsavatçıların böyük əksəriyyəti kimi dəstəklədiklərindən asılı olmayaraq, ilk növbədə, düzgünlüyün, ədalətin tərəfindədirlər. Əminəm ki, pozuntu halları aşkarlanardısa, özüm də daxil olmaqla, Arif Hacılını dəstəkləmiş bir çoxu haqlı etirazları müdafiə edərdik.
Mənə ən çox acı verən odur ki, bu gün saxtakarlıqlardan danışanlar ictimaiyyətdə Müsavatdaxili münasibətlər haqqında təhrif olunmuş təsəvvür yaradırlar. Belə təsəvvür yaranır ki, sanki mərkəzdəki bosslar yerli təşkilatların sədrlərinə göstəriş verirlər, onlar da öz növbəsində yerli müsavatçılara kimi istəyirlər, qurultaya nümayəndə seçdirirlər. Belə deyil axı! Siyasi təbliğat üçün deyil, tam səmimiyyətlə deyirəm. Müsavat Azərbaycanda ən demokratik təşkilatdır və belə proseslərin getməsi mümkün deyil. Bu nəticələrə, bu mühitə nail olmaq üçün İsa Qəmbər və Hikmət Hacızadə başda olmaqla, illərlə zəhmət çəkmişik. Həbsdəyəm deyə, informasiyasız deyiləm və ya birtərəfli informasiya almıram. Bir neçə gün öncə rayon müsavatçılarından birinin fikrini öyrənə bildim. Təşkilatları qurultayda üç nəfərlə təmsil olunub. Sədr Qubad bəyə, digər 2 nəfər isə Arif bəyə səs verib. Bizim Lənkaran təşkilatından mən də daxil olmaqla, 7 nəfər nümayəndə seçilmişdi. Arif bəyi dəstəkləməyimə baxmayaraq, bir nəfər Qubad bəyə səs verəcəyini bildirmiş, bir nəfər də hələ seçimini etməmişdi. Qurultayda kimi seçdi, indi də bilmirəm. Müsavatda belə bir mühit formalaşıb. Əhliman Abbasın da istefasına münasibət bildirmək istəyirəm. Təəssüf ki, Müsavat Gənlər Təşkilatının sədr seçkilərində mən də onun namizədliyini dəstəkləmişdim. Bizdə xaricdə təhsil məsələsi çox fetişləşdirilir. Əhliman Abbas nümunəsi göstərdi ki, xaricdə təhsil insanı hələ mürid təfəkküründən uzaqlaşdırıb, dəyərlər adamına çevirmir. Verdiyim yanlış məsləhətə görə, gənc müsavatçılardan üzr istəyirəm.
–
Ümumiyyətlə, necə hesab edirsiniz, bu davamlı istefalar Müsavat Partiyasında hər hansı bir parçalanma yarada bilərmi?
– Müəyyən fikirlərin olacağını əvvəldən proqnozlaşdırmaq mümkün idi. İndi də bəzilərinin bu istefaların parçalanma həddində görüntüsünü yaratmaq istəkləri açıq hiss olunur. Lakin müsavatçıların böyük əksəriyyətinin şəxslərə deyil, dəyərlərə bağlı olmasından əminəm. Müsavatın 8-ci qurultayı demokratiyaya böyük töhfə və cəmiyyətə örnək verdi. Buna görə bəzi itkilərə də qatlaşmaq olar və bu itkilər əldə olunan nailiyyətlərə kölgə sala bilməz.
–
“Nida”çıların prezidentə müraciət ünvanlaması haqda nə düşünürsünüz?
– Mənim görüşlərimə görə, belə müraciətlərin qırmızı hüdudları var. Siyasi dönüklük, etmədiyin cinayətin etirafı və s. hallar belə hüdudlardır. Onları keçmədən, müraciət edib, etməmək hər kəsin öz seçimidir. Nidaçıların müraciəti də hüdudlar çərçivəsindədir.
–
Azadlıqda olanlar arasında həmişə belə bir fikir var ki, siyasi səbəblərdən həbs olunanlara həbsxanada prezidentə müraciət etmək, əfv yazmaq üçün inanılmaz təzyiqlər olunur…Sizə əfv ərizəsilə bağlı təsirlər, yaxud təzyiqlər olurmu?
– Əfv müraciəti yazmağa məcbur etmək üçün kiminsə döyülüb, söyüldüyünü, ac-susuz saxlandığını, karserə salındığını eşitməmişəm. Söhbətlər aparılır, psixoloji fəndlər tətbiq edilir, mümkündür ki, maddiyatla bağlı şirrnikləndirici təkliflər olsun. Amma hər şey etik və konkret formada olur. Mənə sözün əsl mənasında əfv ərizəsi yazmaq heç vaxt təklif olunmayıb. Hələ məhkəmədən öncə hakmiyyətə yönəlik kiçik bir reverans təklifində bulunmuşdular, əvəzində də şərti cəza alacağım vəd olunmuşdu. İmtina edəndən sonra da işgəncəyə və ya kobudluğa məruz qalmadım.
–
Müxalifətin fəaliyyətini necə qiymətləndirirsiniz?
– Bütün müxalifətin fəaliyyətinə müəyyən səbəblərdən qiymət vermək istəmirəm. Müsavatda isə prezident seçkilərindən sonrakı dövr, digər tərəfdən də qurultayöncəsi olduğu üçün sönüklük hiss olunurdu. Ümid edirəm ki, qurultaydan sonra bütün strukturlar formalaşan kimi, partiyanın fəallığı artan xətlə irəliləyəcək.
–
Tarixin bütün dövrlərində həbsdə olan ziyalılar, siyasətçilər adətən, həbsdən ən az bir kitabla çıxırlar. Artıq bir müddətdir ki, sizin həbsxanadan yazdığınız köşələri oxuyuruq. Bəs həbsdə yaşadıqlarınız haqda kitab yazmağı düşünürsünüzmü?
– Bu xüsusda öncə Meydan Tv-yə mənə meydan verdiyi üçün təşəkkür edirəm. Kitab yazacağım isə istisna deyil. Hər halda, gündəlik aparıram. Yazdığım köşələr də gələcəkdə kitab üçün yardımçı ola bilər.
–
Həbsxanada yolunu gözlədiyiniz, lakin hələ də sizi ziyarət etməyən biri varmı?
– Həbsxanada kefi istəyən gəlib, görüş ala bilməz. O səbəbdən görüşmək istədiyim, amma görə bilmədiyim xeyli insanlar var. Sualınız isə mənə bir şeyi xatırlatdı. Sosial şəbəkələrdə bəzi tanıdıqlarım var idi, öz cəsarətsizliklərinə və vətəndaş laqeydliklərinə onunla haqq qazandırırdılar ki, guya, müxalifət liderlərinə inanmırlar, onları qaraguruh hesab edirlər. 1992-də gəlmişdilər və.s və i.a. Yazırdılar ki, mənə şəxsən inanırlar, əgər mən Müsavat başqanı olsam, kütləvi surətdə Müsavata yazılacaqlar. Prezidentliyə namizəd olsam, sandıq başında keşik çəkib, saxtakarlığa imkan verməyəcəklər. Bir qədər şişirdirəm, amma aşağı-yuxarı belə idi. Həbs olunanda isə burax o adamların həbsxanaya və ya məhkəməyə gəlməklərini, bu günə qədər heç bir kitab da göndərməyiblər ki, oxuyub, fikrimizi saxlayaq. Əslində, bu insanlar sualınızdakı kateqoriyaya aid deyillər. Çünki belə olacağını bilirdim və yollarını da heç zaman gözləməmişəm. Sadəcə, yazdım ki, bəlkə oxudular və fiksə etdiyimi anladılar. Bir daha sübut etdilər ki, bəhanələri elə bəhanədir. Qorxaqlığın etirafı da bir cəsarət tələb edir.