Mən Anamı istəyirəm!

Ən çox xoşladığım hakimiyətin mənbəyi, xalqın suverenliyi və dövlətin ali məqsədi nağılı idi.

Source:

12 noyabr Konstitusiya günüdür. Əvvəllər bu günü bayram edərdik, uşaqlar məktəbə, fəhlələr işə getməzdi, istirahət edərdilər. İndi belə deyil, bu gün bayram sayılmır, təqvimdə adi bir gündür.


Əvvələr Konstitusiyamıza tez-tez Ana Qanun deyərdik. Gerçəkdən Konstitusiya bizim anamız idi, o, bizim üçün qardaş-bacılar – hüquq və azadlıqlar doğmuşdu: bərabərlik hüququ, yaşamaq hüququ, azadlıq hüququ, mülkiyyət hüququ, şəxsi toxunulmazlıq hüququ, təhlükəsiz yaşamaq hüququ, fikir və söz azadlığı, vicdan azadlığı, sərbəst toplaşmaq azadlığı, məlumat azadlığı, seçki hüququ, birləşmək hüququ, azad sahibkarlıq hüququ, daha nələr, nələr…


Hə, unutmadan, Konstitusiya Anamız bizi başqa qardaş-bacılarımızın (başqa hüquq və azadlıqlarımızın) naqisliyindən qorumaq üçün 9 ay əlavə ağrı-əzab çəkib, yüksək keyfiyyətli hüquqi yardım almaq, hüquq və azadlıqların məhkəmə təminatı kimi əkiz hüquqlar da doğmuşdu bizimçün. Bir neçə gün yaşadılar əkiz qardaşlarımız. Çətin doğuş prosesində aldıqları travma nəticəsində br-iki gün sonra həlak oldular. Heç onlara doğum şəhadətnaməsi də alınmadı. O zaman – onlar öləndə mənim 13 yaşım vardı, nə baş verdiyin anlamırdım, heç ağlamamışdım da. Bəlkə ağlasaydım, Allah babaya yalvarsaydım bəlkə də birini bağışlayardı mənim göz yaşlarıma. İndi hər gün qoşa məzarları üstə gül aparıram. Amma nə faydası?!


Onların ölümünə görə, Anamızın 41-ci övladı sağlamlığın qoruması və tibbi yardım almaq hüququ adlı qardaşımı qınayıram. Mənim bu adda qardaşım (hüququm) yoxdur!

Bacılarım (azadlıqlarım) içərisində ən çox sərbəst toplaşmaq azadlığıı sevirdim. İndi də sevirəm, amma ona bir az da küskünəm. Anam onu zorla sevmədiyi qocaya ərə verdi, indi o məlun qocanın icazəsi olmadan heç birimiz sərbəst toplaşmaq bacımızla görüşə bilmirik. İcazəsiz görüşsək bizi ya həbsə atarlar, ya da 1000 manat cərimə edərlər. Demişdim axı, əkiz qardaşlarım yüksək keyfiyyətli hüquqi yardım almaq, hüquq və azadlıqların məhkəmə təminatı hüququ uşaqkən vəfat ediblər. Onlarsız özümü çox aciz və gücsüz sayıram, açığı bir az da qorxuram.


Əvvəllər Anamız bizə hər axşam nağıllar danışardı. Ən çox xoşladığım hakimiyətin mənbəyi, xalqın suverenliyi və dövlətin ali məqsədi nağılı idi. Hər gecə yatmazdan qabaq Anam o nağılı danışmasaydı, gözümə yuxu getməzdi. Bu nağıllara elə aludə olmuşdum ki, bəzən qardaş-bacılarıma da yalvar-yaxar edərdim ki, o nağılları danışsınlar. Amma heç biri danışmazdı, bircə, 42 yaşlı (42-ci maddə) qardaşım təhsil hüququndan başqa. Çox həvəslə danışırdı o, bəzən Anamızın danışdıqlarından da artıq danışırdı bu barədə. Daha bu nağıllara inanmıram mən! Yoxsa, böyük həvəslə sizə də danışardım.


Nə isə, başınızı ağrıtmayım.

Mən Anamı istəyirəm, Konstitusiya Anamı!

Ana səhifəMənim FikrimcəMən Anamı istəyirəm!