Onun şagirdə xəsarət yetirməsi sübuta yetirilib
Lənkəranda yeniyetmə qızın icra başçısının müavini tərəfindən döyülməsi təsdiqlənib.
Baş Prokurorluğun məlumatında bildirilir ki, Lənkəran Rayon Prokurorluğunda aparılan araşdırma zamanı rayonun icra başçısının müavini Rasilə Arifqızı və V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyinin direktoru Yeganə Əsgərova həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq tətbiq ediblər.
Keçirilmiş məhkəmə-tibb ekspertizasının rəyinə əsasən, şagirdin bədənində dərəcələri təyin edilməyən xəsarətlər aşkarlanıb.
Araşdırma zamanı müəyyən edilib ki, Rasilə Arifqızı iyulun 14-də saat 9 radələrində şagird Günel Əliyevanı (şərti olaraq) öz xidməti sürücüsü vasitəsilə attestat verilməsi bəhanəsi ilə evinə gətirdib.
Sonra da məktəbin direktoru Yeganə Əskərova ilə birgə şagirdin iradəsinə zidd olaraq mobil telefonunu əlindən alıb, şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurublar.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.
Eyni zamanda, icra başçısının müavini Rasilə Arifqızı və məktəb direktoru Yeganə Əskərovanın barələrində qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün Lənkəran Rayon İcra Hakimiyyəti və Lənkəran-Astara Regional Təhsil İdarəsinə müvafiq təqdimatlar göndərilib.
Bir gün öncə Rasilə Əliyeva yeniyetmənin evində döyülməsi faktını təkzib etmişdi:
“Vəzifədəyəm deyə yapışılası adam mənəm? Axı mənim də səhhətim və evimdə ağır əməliyyatdan çıxmış xəstəm var. Aliyənin anası çox şey iddia edə bilər. Yalan məlumatlardır. Onun anası haçandan ortaya çıxdı? O, heç bilmir ki, qızı kimlə yaşayır və onu kim saxlayır. Onun qızı əxlaqsızdır və biabırçı videoları var. Şagirdlərin adından ona-buna videolar atıb. Belə qızın məktəbdə qalıb oxuması düzgün deyil. Mənim qızımla da rəfiqə deyil və ola bilməz. O, hansı ailədə böyüyüb, bilinmir. Aliyənin xalası kimdi, onu əvvəl kim saxlayıb, gedin onları araşdırın”.
Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun müvafiq əmri ilə Rasilə Arifqızı tutduğu vəzifədən uzaqlaşdırılıb.