Məhv edilən mülki cəmiyyət

Ölkədə cərəyan edən proseslər nə standart elmi nəzəriyyələrə, nə də normal məntiqə sığır

Source:


Ölkədə cərəyan edən proseslər nə standart elmi nəzəriyyələrə, nə də normal məntiqə sığır

Hazırda Azərbaycan cəmiyyətində vəziyyətindən gileylənməyən sıravi vətəndaş tapmaq çox çətindir. Cəmiyyətin bütün təbəqələri müxtəlif problemlərin bitib-tükənmədiyini açıq şəkildə olmasa da, bu və ya digər formada ifadə edir. Çünki bu gün ölkədə cərəyan edən proseslər nə standart elmi nəzəriyyələrə, nə də normal məntiqə sığır.

Bir tərəfdən, ölkədə avtoritar tendensiyalar artmaqda və hakimiyyətin bir əldə cəmlənməsi prosesi güclənməkdədir. Digər tərəfdən isə insan haqları ilə bağlı məsələlər cəmiyyətin düşüncəsinə daha çox hakim kəsilir. Söz azadlığının pozulması adi bir hala çevrilib. Jurnalistlər və ictimai fəallar üzərində qurulan teatrlaşdırılmış məhkəmə prosesləri ancaq bir əsnəyə xidmət edir – güclü hakimiyyət barədə miflərin formalaşdırılmasına. Maraqlıdır ki, iqtidar bu məqsədinə çox vaxt nail olur və “gücə pərəstiş” şəxsiyyətlərarası münasibətlərin tənzimlənməsində başlıca amilə çevrilir.Buna baxmayaraq, son 20  ildə Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının bütün təzyiqlərə rəğmən yaşamaq hüququ əldə etdiyi də göz önündədir. Məhz vətəndaş cəmiyyətinin mövcud olması hakimiyyətə ölkəyə tam nəzarəti əldə etmək imkanı vermədi. Hakimiyyətin vətəndaş azadlıqları məfhumunun özünə belə düşmən kəsilməsi bu sektoru da ölümcül vəziyyətə saldı və nəticədə cəmiyyət inersiya ilə fəaliyyət göstərmək məcburiyyətində qaldı.

İctimai rəydə belə bir fikir də formalaşıb ki, bu gün Azərbaycan vətəndaşlarının müasir şüur səviyyəsi ölkədə demokratik cəmiyyət qurmağa imkan vermir. Avtoritar rejim bunda maraqlıdır. İnsan haqlarının qorunması əvəzinə, gücdən istifadə edən hakimiyyət vətəndaşların öz hüquqları uğrunda mübarizə apara bilməməsindən maksimum faydalanır. Azərbaycan iqtidarına tolerantlıq məfhumu yaddır. Lakin cəmiyyət özü də hələlik tolerantlığı həzm edə bilmir. Demokratiya anlayışı, insan haqları, fikir müxtəlifliyi çoxu üçün ona dəxili olmayan məsələ kimi qiymətləndirilir. İnsan haqlarının addımbaşı pozulmasına baxmayaraq, insanlar elementar hüquqları uğrunda mübarizə aparmaq istəmirlər. Cəzasızlıq şəraitində sərt və amansız idarəetməyə qarşı mübarizə aparmaq son dərəcə çətindir, amma passivlik nümayiş etdirmək də çıxış yolu deyil.

Bu gün Azərbaycanda vətəndaşlıqdan danışmaq dəbdədir. Amma söhbət daha çox ritorik “vətənpərvərlik”dən gedir. Vətəndaş cəmiyyətinin başlıca atributları isə unudulur. Cəmiyyəti inandırmağa çalışırlar ki, ölkədə demokratik proseslər aparılır. Əslində isə 2005-ci ildən başlayaraq, vətəndaş institutları şüurlu surətdə məhv edilir.

Bu prosesin bizi hara aparıb çıxaracağını təsəvvür edirikmi? Hazırkı mənzərəni diqqətlə müşahidə etdikdə yeni dövrə keçid Avropa fəlsəfəsinin “insan insanın canavarıdır” nəzəriyyəsini xatırlamamaq mümkün deyil. Azərbaycanda demokratik təsisatların məhv edilməsi, vətəndaş cəmiyyəti institutlarının boğulması və liberal düşüncənin beyinlərdən silinməsi ölkəni Şimali Koreyaya çevirməkdədir.

Vətəndaş cəmiyyəti quruculuğunda ABŞ və digər inkişaf etmiş Qərb ölkələrinin təcrübəsindən bəhrələnmək olar. Xüsusilə, orada xalq-hökmdar, hökmdar-xalq münasibətləri bizim üçün örnək ola bilər. Əbəs yerə deməyiblər ki, “hər bir xalq öz başçısına layiqdir”. Heç bir təşkilat onu təşkil edən üzvlərdən yaxşı ola bilməz.Yaranmış vəziyyət üçün kimin – başçının, siyasi sistemin, yaxud hamının birlikdə və hər kəsin ayrılıqda daha çox məsuliyyət daşıması sualına da cavab tapılmalıdır. Yaxud bu cür düşüncələrə dayanaraq, yalnız diktatoru devirmək və yeni eranın başlandığını elan etməklə ədalət və firavanlığa çatmaq mümkündürmü?

Demokratiya nəzəriyyəsi bu suala birmənalı cavab verir. Yəni, sistem insanları formalaşdırmır, əksinə, onların mənəviyyatı, düşüncə tərzi, qarşılıqlı münasibətləri, istehsal üsulu, siyasi sistemi və hökmdarın tipini müəyyənləşdirir. Dövlət – forma, cəmiyyət isə məzmundur. Səhvə yol verdiyimiz daha bir məqama diqqət yetirsək, görərik ki, demokratiyanı qurmağın mümkünsüzlüyü məhz “bizim səyimiz olmadan” anlayışı ilə bağlıdır. Eyni zamanda, demokratik ölkə hökumət fərmanları ilə idarə olunmur, onu “mülki cəmiyyət” idarə edir, daha dəqiq desək, o, öz-özünə idarə olunur. Elə bu səbəbə də ölkədə mülki cəmiyyətin məhv edilməsi hakimiyyətin başlıca vəzifəsidir. Hakimiyyət demokratik islahatlar əvəzinə vətəndaş cəmiyyətini məhv etməklə məşğul oldu. Bunun isə sonu bəllidir…

Ana səhifəAnalitikaMəhv edilən mülki cəmiyyət