“Məhsulların qiyməti 20-30 faiz artacaq” (VİDEO)

Paytaxt əhalisi bahaçılıqdan daim giley edir. Artıq Rusiyanın Avropa və ABŞ-dan məhsul idxalına qadağa qoymasının Azərbaycana da yeni bahalaşma dalğası gətirəcəyi praqnozlaşdırılır. Rusiya bazarlarına əsasən meyvə-tərəvəz idxal edən fermerlər artıq bu fürsətdən yararlanmaq niyyətinə düşüblər. Nəticədə ölkə daxilində bəzi məhsulların qiymətində bahalaşma müşahidə olunmağa başlayıb. Bir həftə öncə ilə müqaisədə kartofun, pomidorun, xiyarın və bəzi meyvələrin qiyməti 40, qarpızın qiyməti isə 70 faiz bahalaşıb. Paytaxt bazarlarında satıcılar isə alverin yaxşı getməməsindən, alıcı azlığından giley edir.

“Bütün qiymətlər münasibdi, əvvəlki kimi, heç bir artım yoxdu. Əksinə aşağıdır ki, yuxarı deyil”

“Bizdə qiymətlər düşüb, indi qiymətlər ucuzdur”

“Badımcan 50 qəpik, mən fikirləşirəm ki, bu badımcan Bakıda 50 qəpiyə satılırsa, kəndli yazıq bundan nə qazanır?!”.

“Üzümdü, gavalıdı, şaftalıdı, bunların hamısı münasib qiymətdədi”.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə hesab edir ki, ölkədə bir çox məhsulların qiyməti azı 20-30 faiz bahalaşacaq. Qadağa nəticəsində Rusiya bazarlarında yaranan 46 milyard dollarlıq boşluqdan faydalanmaq istəyən ölkələrin özündə ciddi problemlər yarana bilər. Belə ki, yerli fermerlər daha baha qiymətə satmaq üçün Rusiya bazarlarına üz tutduqca, onların öz ölkələrindəki bazarı bahalı Avropa məhsulları zəbt edəcək.

“Əslində isə bundan yalnız istehlakçılar əziyyət çəkəcək. Artıq Azərbaycanda bu baş verib. Yəni bu gün sərhəd rayonlarında, Quba-Xaçmazda topdansatış qiyməti 8 qəpik olan pomidor artıq 30 qəpiyə qalxıb. Bu da onunla əlaqəlidir ki, qısa bir müddətdə o bölgənin fermerləri, tədarükçülər Rusiyaya mal-məhsul ixracını başlayıblar. Əlbəttə bu qiymətə çox ciddi təsir edəcək, artıracaq”.

Azərbaycan ötən illərdə Rusiyaya 50 milyon dollar həcmində kartof, 40 milyon dollarlıq pomidor-xiyar və 140 milyon dəyərində meyvə ixrac edib. Bu il Rusiyaya ixracın həcminin artacağı qaçılmazdır, bahalı məhsulların ölkəyə idxalı da.

Ana səhifəVideo“Məhsulların qiyməti 20-30 faiz artacaq” (VİDEO)