Əməkdar artist Mehriban Xanlarova Azərbaycan Dövlət Akademik Milli Dram Teatrındakı işindən çıxarılıb.
Aktrisa Meydan TV-yə bildirib ki, teatrın direktoru İlham Əsgərov onu bədii rəhbər Mehriban Ələkbərzadə ilə aralarındakı konflikt səbəbindən işdən uzaqlaşdırıb.
Xanlarovanın sözlərinə görə, uzun müddət teatrda bədii rəhbər və kollektivi arasında gərginlik olub:
“Mehriban Ələkbərzadə teatrda başımıza oyun açır. Birinin üstünə qışqırır, birinin əlindən vurur. Üstəlik də deyir ki, mən vura bilərəm. Mənə deyir ki, peşə əxlaqsızlığı edirsən. Desin görək, hansı peşə əxlaqsızlığından danşır. Sanki 1937-ci ildir, biz də repressiyaya məruz qalırıq”.
Mehriban Xanlarova deyir ki, teatrdakı vəziyyətlə bağlı Mədəniyyət Nazirliyinə şikayət etsə də, problemin həlli üçün konkret addım atılmayıb:
“Nazir teatra gəldi, bizi dinlədilər, həll olunacağını bildirdilər, amma nəticə olmadı. Mənim işdən çıxarılma qərarım bədii rəhbərin təsiri ilə verilib. Mehriban Ələkbərzadənin arxasında Prezident Administrasiyasında Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva dayanır, çünki onlar rəfiqədirlər”.
Aktrisa həmçinin bildirib ki, digər aktyorlar işlərini itirmək qorxusundan susurlar. O, isə işdən çıxarılacağını qabaqcadan bildiyi üçün noyabrın 23-də ərizəsini özü yazıb:
“Mən dövlət çevrilişi etmirəm, istəyirəm ki, teatrda azadlığımı qoruyum. Bundan sonra küçədə limon sataram, küçə süpürərəm, amma sənətimə qoyulan hörmətə görə Mədəniyyət Nazirliyinə getmərəm”.
Məsələ ilə əlaqədar qarşı tərəf hələlik şərh verməyib.
Bu hal ilk deyil, müxtəlif illərdə zaman-zaman Akademik Milli Dram Teatrında kollektiv və rəhbərlik arasında fikir ayrılıqları və qalmaqallar olub.