Mehman Əliyev: Mətbuat xidmətlərinin səmərəli işləməsində dövlətin marağı yoxdur

“Bütövlükdə mətbuat xidmətləri vəzifələrinin öhdəsindən çox aşağı səviyyədə gəlirlər”.

Source: Foto: arxiv


Arif Əliyev: “Mətbuat xidmətlərinin fəaliyyəti daha çox nazirliyin rəhbərliyindən asılı olur”

Milli Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil edən deputat Siyavuş Novruzov bəzi nazirliklərin aparatlarının şişirdilmiş sayıb. Onun fikrincə, mətbuat xidməti ancaq zəruri qurumlarda olmalıdır:

“Karantin dövründə də gördük ki, nazir qalıb kənarda, bunun mətbuat xidməti xalqa əlləzinə oxuyur. Əgər xalqın qarşısına çıxmağa üzü yoxdursa və ya qabiliyyəti çatmırsa, getsin otursun evdə. Nazirin vəzifəsi ictimaiyyət qarşısına çıxmaq və onu birbaşa məlumatlandırmaqdır”.

Ancaq Siyavuş Novruzov konkret ad çəkmədiyindən məsələyə ümumi yanaşaraq mətbuat xidmətlərinin vacibliyinin olub-olmaması sualına aydınlıq gətirməyə cəhd etdik.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev hakim partiyanı təmsil edən deputatla razılaşmır. Mehman Əliyev deyir ki, mətbuat xidmətinin əsas vəzifəsi təmsil etdiyi qurumla media arasında vasitəçi olmaqdır:

“Mətbuat xidməti ilk növbədə təmsil etdiyi dövlət qurumunun fəaliyyətini işıqlandırmalıdır, ikinci isə medianı maraqlandıran informasiya ilə təmin etməkdir. Nəticə olaraq mətbuat xidməti ictimai maraqları təmin etməlidir. Ona görə bütün dövlət orqanlarının mətbuat xidmətləri olmalıdır”.

Mehman Əliyevin sözlərinə görə, Azərbaycan hökumətində mətbuat xidmətləri işləmir və bu problem illərdir davam edir. Onun sözlərinə görə, başda prezidentin mətbuat xidməti olmaqla heç bir komitənin və nazirliyin mətbuat xidməti öz vəzifəsini yerinə yetirmir:

_36405.width-1024.jpg
Mehman Əliyev

“İndiki vəziyyət bu gün yaranmayıb. Biz 1998 və 2003-cü illərdə mətbuat xidmətlərinin media ilə işləmək mexanizmi haqqında təklif vermişdik, amma nəzərə alınmadı. Sadəcə, olaraq dövlətin onların səmərəli işləməsində marağı yoxdur”.

Pressklub.az saytının rəhbəri Arif Əliyev Siyavuş Novruzovla bir məqamda razılaşır ki, bir çox nazirlər mətbuat xidmətlərinin arxasında gizlənirlər.

“Hətta onlar mətbuat xidmətlərinə normal işləməyə də imkan vermirlər. Jurnalistlər üçün informasiya əldə etmək çətinliyinin əsas səbəblərindən biri də odur”.

Amma Arif Əliyev hesab edir ki, mətbuat xidmətləri lazımdır.

O xatırladıb ki, mətbuat xidməti media ilə dövlət qurumu arasında birbaşa əlaqə yaradır, konkret olaraq, bu qurum medianın gündəmə çıxartdığı məsələləri araşdırıb təhlil edərək təşkilatın rəhbərliyinə çatdırır. Həm də təmsil etdiyi orqanın siyasətini cəmiyyətə təqdim edir.

Arif Əliyev Azərbaycan dövlət orqanlarının mətbuat xidmətlərinin fəaliyyətini çox qəribə adlandırıb:

Arif Əliyev
Arif Əliyev

“Bütövlükdə mətbuat xidmətləri vəzifələrinin öhdəsindən çox aşağı səviyyədə gəlirlər. Belə baxdıqda, düşünmək olar ki, bu, ümumi dövlət siyasətidir, yəni onlar qapalı olsun. Ayrı-ayrılıqda götürdükdə bəziləri müəyyən dövrlərdə yaxşı işləyirlər. Məsələn, Xarici İşlər Nazirliyinin, Vegilər Nazirliyinin mətbuat xidmətləri. Deməli, mətbuat xidmətlərinin işi haqda vahid siyasət, əsasnamə, yaxud əlaqələndirmə yoxdur. Fəaliyyət daha çox nazirliyin rəhbərliyindən asılı məsələ olur. Nazir, komitə rəhbəri istəsə, bu qurum açıq olar, yaxud əksinə, senzora da çevrilər. Təxminən 10 dövlət orqanından üçünün mətbuat xidməti normal fəaliyyət göstərir. Dövlət orqanları bilməlidir ki, bunlar təkcə korrupsiya ilə məşğul deyillər, həm də lazımlı, mühüm fəaliyyətlər də var”.

Ana səhifəSiyasətMehman Əliyev: Mətbuat xidmətlərinin səmərəli işləməsində dövlətin marağı yoxdur