Mehman Əliyev “ASAN xidmət”in sədr müavinindən cavab gözləyir

“Bu cür xidmət hökumətə neçəyə başa gəlib, hökumət də, xidmət özü də bu barədə susur.”

Source:

“Bu cür xidmət hökumətə neçəyə başa gəlib, hökumət də, xidmət özü də bu barədə susur.”

Azərbaycan Respublikası prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ülvi Mehdiyev iyulun 17-də Azvision.az portalındakı bəyanatında “Turan İA”nin direktoru Mehman Əliyevin ünvanına ittihamlar səsləndirib.

Ülvi Mehdiyev “ASAN xidmət”in USAİD tərəfindən yaradıldığını yalan adlandırıb və Mehman Əliyevdən üzr istənilməsini tələb edib.

“Turan İA” direktoru Mehman Əliyev Ülvi Mehdiyevə cavab məktubunda yazır: “Mən “ASAN xidmət”in USAİD-a məxsus olduğunu deməmişəm. Əgər cənab Mehdiyev mənim bunu deməyimlə bağlı sübut təqdim etməsə, o zaman özü üzr istəməli olacaq. Mən demişəm ki, “ASAN xidmət”  xarici donorların və təşkilatların yardımı ilə yaradılıb. USAİD  hökumət təşkilatı kimi belə layihələrdə iştirak edir. Söylədiklərimdən imtina etmirəm. USAİD-in adı bu qurum tərəfindən maliyyələşdirilən QHT və KİV-lərin ünvanına son ittihamlarla əlaqədar çəkilib. Odur ki, “ASAN xidmət”  beynəlxalq strukturların yardımına nümunə kimi göstərilib”.

M.Əliyev yazır ki, 1992-ci ildən ABŞ Beynəlxalq İnkişaf Agentliyi  (USAID) ölkə institutları və xalqın yaşayışı çərçivəsində müsbət, davamlı dəyişikliyin həyata keçirilməsi üçün texniki yardım və kadr hazırlığı şəklində Azərbaycana 300 milyon dollardan çox vəsait ayırıb. Həmin vəsaitin böyük hissəsi Azərbaycanın rəsmi qurumları ilə əməkdaşlıq şəraitində həyata keçirilib. 2014-cü ildə ABŞ ölkəyə $15,5 milyon yardım ayırıb”.

M.Əliyev Azərbaycan hökumətinin qrantlar və beynəlxalq donorların layihələri mövzusunda danışmağı sevmədiyini, bu layihələri islahatları və yenilikləri öz şəxsi təşəbbüsü kimi təqdim edərək reallaşdırdığını bildirir.

““ASAN xidmət”in də bu sistemin bir hissəsi kimi danışmağı sevmir. Məsələn, bu xidmət öz saytında bildirir ki, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard 2014-cü il aprelin 22-də “ASAN xidmət” ilə tanış olub. Lakin sayt Mardın aprelin 24-də keçirdiyi konfrans barədə  məlumat vermir. Belə ki, həmin tədbirdə Mard bildirib ki, Avropa İttifaqının “ASAN Xidmət” ilə birlikdə həyata keçirdiyi və əhaliyə dövlət xidmətlərinin göstərilməsi üzrə 300 min avro məbləğində birgə layihə başa çatıb. Bu vəsaitin nəyə sərf olunduğunu bilmək maraqlı olardı…” – deyə Mehman Əliyev yazır.

“Turan İA” direktoru cavab məktubunda bildirib ki, BMT İnkişaf Proqramı  “ASAN xidmət”in yaradılmasında da iştirak edib: “Bu, başlanğıcı 1998-ci ildə qoyulan qlobal elektron hökumət layihəsinin tərkib hissəsidir”.

““BMT İnkişaf proqramı Azərbaycan”-dan Turan-a bildirilib ki,  “ASAN xidmət”in təlim hissəsini bu təşkilat həyata keçirib. Bu cür xidmət hökumətə neçəyə başa gəlib, hökumət də, xidmət özü də bu barədə susur. Qeyd etmək lazımdır ki, “ASAN xidmət” 2010-cu ilin oktyabrında Dünya Bankının 2011-2014-cü illərdə Azərbaycanla strateji əməkdaşlıq proqramı təsdiqləndikdən sonra yaranıb – M.Əliyev belə yazır.

Agentlik direktoru bildirib ki, DB-nin proqramı iki əsas istiqaməti əhatə edir: sosial xidmət sahələrinin effektivliyinin artırılması və işgüzar ab-havanın yaxşılaşdırılması yolu ilə qeyri-neft sektorunun gücləndirilməsi. Ümumilikdə, sənəddə 19 sahə üzrə layihə və proqramlara toxunulur. O zaman Azərbaycan hökuməti strategiyanın reallaşması üçün 1 mlrd. dollar maliyyə yardımı istəmişdi, halbuki, öncə söhbət daha ciddi məbləğdən gedirdi. Xahiş yerinə yetirilib. Bu strategiya çərçivəsində layihələrə müxtəlif beynəlxalq institutlar cəlb edilib: Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İttifaqı və s.

O, dövlət sənədlərinin alınmasının sadələşdirilməsi sisteminin demokratik ölkələrdə çoxdan mövcud olduğunu vurğulayaraq yazır: “Cənubi Qafqazda belə xidmət ilk dəfə 2011-ci ildə Gürcüstanda beynəlxalq institutların yardımı ilə tətbiq edilib. Məhz bu ölkənin təcrübəsi və beynəlxalq qurumların yardımı “ASAN xidmət”in yaradılmasına gətirib çıxarıb. İctimaiyyət üçün özünü şəffaflıq təcəssümü kimi təqdim edən “ASAN xidmət”in yaranma tarixini bilmək maraqlı olardı”.

M.Əliyev məktubunu Ülvi Mehdiyevə xitabən belə bitirir: “Biz layihənin təşəbbüsçüsünün kim olması (prezidentin qərarı barədə bilirik), bu xidmətin yaradılmasında hansı beynəlxalq qurumların və ölkələrin iştirak etməsi, nə qədər vəsaitin hansı mənbələrdən və hansı məqsədlə ayrılması barədə ətraflı məlumatın verilməsini xidmətdən və şəxsən cənab Ülvi Mehdiyevdən gözləyirik. Biz qoyulan suallara qaneedici cavablar gözləyirik”.

Ana səhifəXəbərlərMehman Əliyev “ASAN xidmət”in sədr müavinindən cavab gözləyir