”Az24saat.org” saytı rəsmi dayandırıldı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Elektron Təhlükəsizlik Xidməti avqustun 6-da “az24saat.org” saytına girişin məhdudlaşdırılması üçün Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib.
Avqustun 7-də hakim Şahin Abdullayevin sədrliyi ilə ilkin məhkəmə iclasında sayta girişin məhdudlaşdırılması ilə bağlı qərar qəbul olunub.
Məlumatı Meydan TV-yə saytın baş redaktoru Vüqar Qurdqanlı verib.
Onun sözlərinə görə, məhkəmə etirazın hazırlanması üçün əlavə vaxtın verilməsinə dair vəsatəti təmin etməyib. Qərarın sayta 3 gün sonra təqdim olunacağı bildirilib.
Avqustun 6-da saat 00:15-də “24saat.org” saytının elektron poçtuna Elektron Təhlükəsizlik Xidmətinin direktoru Faiq Fərmanov tərəfindən xəbərdarlıq məktubu daxil olub. Xəbərdarlıqda prezidentin köməkçisi Əli Həsənovun adının çəkildiyi 4 yazının 8 saat ərzində silinməsi tələb edilib.
Baş redaktor Vüqar Qurdqanlı bildirib ki, tələb qanunsuz və anlaşılmaz olduğu üçün yazılar silinməyib:
“Çünki xəbərdarlıqda yazıların “az24saat.org.az” domenli saytdan siinməsi tələb edilir. Sözügedən saytın isə mənə aiddiyatı yoxdur. Bizim saytımız “az24saat.org” adlanır. Bu səbəbdən xəbərdarlıqda qeyd edilən – “Prezidentin köməkçisi Əli Həsənov AZTV-yə sədr göndərilə bilər”, “Mətbuat şurası Əli Həsənovun ad gününə Qurultay hədiyyə etdi”, “İlham Əliyevə yanlış məlumat verən şəxs ƏLİ HƏSƏNOVDUR?” və “APA-nı kim, niyə bağladı?” başlıqlı məqalələr saytdan silinmədi. Xəbərdarlıqda böhtan, yalan və qərəzli ifadələrə yol verildiyi iddia edilsə də, sözügedən yazılar informasiya və analiz xarakterli məqalələrdir”.
2017-ci ilin mayın 12-də isə Səbail Rayon Məhkəməsinin qərarıyla Azadlıq Radiosunun azadliq.org, “Azadlıq” qəzetinin azadliq.info, MeydanTV-nin meydan.tv, ölkə xaricindən yayımlanan Turan TV-nin turan.tv və “Azərbaycan saatı” televiziya proqramının azerbaycansaati.org saytları bloklanıb.
Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.
2017-ci ilin martın 10-da Milli Məclisin plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və “Telekommunikasiya haqqında” qanunlara dəyişikliklə internet resurslarının dövlət qurumu tərəfindən rəsmi qaydada bloklanma qaydaları qəbul edilib.