Deputatlığa namizədin şikayəti təmin olunmadı
İctimai fəal Bəxtiyar Hacıyev parlament seçkilərində namizəd olduğu 29 saylı Səbail seçki dairəsinin nəticələrinin ləğvi tələbilə məhkəmədə iddia qaldırıb. Gənc fəal bildirir ki, bu dairənin əhatə etdiyi 23 məntəqədə çox ciddi qanun pozuntularına yol verilib. Məsələn, səsvermə gününün sonunda əksər məntəqələrdə seçki komissiyalarının tərtib edib, möhürlədiyi, imzaladığı protokollarda göstərilən rəqəmlərlə Dairə Seçki Komissiyasının (DSK) yekun protokolunda, Mərkəzi Seçki Komissiyasının (MSK) saytında göstərilən rəqəmlər kəskin fərqlənir. DSK-nın yekun protokolunda və MSK-nın saytında xüsusən həmin dairədən qalib olan namizəd Nigar Arpadaraiyə yazılan səslər MnSK-nın protokolundakından xeyli çoxdur.
Fevralın 21-də Bakı Apelyasiya Məhkəməsində hakim Elmira Nağıyevanın sədrliyilə şikayətinə baxılarkən B.Hacıyev həmin protokolları təqdim edib. Hər bir məntəqə üzrə rəqəmləri müqayisəli şəkildə təhlil edən gənc fəal onları bir-bir açıqlayıb. Məsələn, 1 saylı məntəqədə tərtib olunmuş protokolda Nigar Arpadaraiyə 114 səs verildiyi yazılıb, DSK yekun protokolunda və MSK-nın saytında bu rəqəm 214-dür. 2 saylı məntəqənin protokolunda Arpadarainin səslərinin sayı 35 olduğu halda, sonradan DSK-nın protokolunda və MSK-nın saytında rəqəm 76-ya qalxıb. 5 saylı məntəqədə qalib namizədin 53 səsi olub, amma DSK-nın protokolunda və MSK-nın saytında 192 yazılıb.
B.Hacıyev 7, 9, 11, 13, 15, 17, 18, 22, 23, 24, 27, 28, 29 saylı məntəqələrlə bağlı da oxşar vəziyyəti konkret rəqəmlərlə açıqlayıb. Bu dairənin 31 və 32-ci məntəqələrinə gəlincə, ictimai fəal bildirib ki, bunlar hərbi hissələrdir. O, həmin məntəqələrdə təşviqat aparmaq üçün seçki komissiyasına müraciət etsə də, icazə verilməyib.
“31 və 32 saylı məntəqələr hərbi hissə ərazisində yerləşdiyinə görə orada müşahidə aparmaq, seçki günü protokolları əldə etmək imkanımız olmayıb. Seçki axşamı DSK-dan bu protokolları istəsək də, “qapalı məkan olduğuna görə oradakı protokolları verə bilmərik” deyildi. Protokollar yalnız fevralın 12-də təqdim edildi. MSK-nın saytında dərc olunan protokoldan belə çıxır ki, bu hərbi hissələrin birində 540, o birində 1300 seçici var, hamısı da bir nəfər kimi seçkidə iştirak edib. Heç bir etibarsız, heç bir korlanmış bülleten olmayıb. 1840 nəfərdən 1768-i Nigar Arpadaraiyə verilib. Heç bir namizədin təşviqat aparmadığı və hərbi hissəyə buraxılmadığı məntəqələrin birində 94, o birində 97 faiz səs 20 namizəd arasından yalnız Arpadarainin xeyrinə yazılıb”, – B.Hacıyev bildirib.
O əlavə edib ki, seçki məntəqələrində qutulara topa-topa bülletenlərin atılması, eyni adamların bir neçə məntəqədə səs verməsi, səslərin sayılması prosesində bülletenlərin yerə dağıdılması, bu zaman onların üstünə əlavə bülletenlərin atılması və s. pozuntular olub. Həmin pozuntuları təsdiqləyən video-görüntülər də var. B.Hacıyev o görüntüləri məhkəməyə təqdim edib. Hakimlər də diskə baxaraq, baş verənləri görüblər. Lakin sonda onları sübut kimi qəbul etməkdən imtina ediblər. Bildiriblər ki, bu çəkiliş razılıq alınmadan lentə alınıb, ona görə də sübut kimi qəbul olunmur.
Məhkəmədə MSK-nı Ramiz İbrahimov təmsil edib. O bildirib ki, B.Hacıyevin şikayətinə obyektiv şəkildə baxılıb, 6 məntəqənin nəticələri ləğv olunub. Digər məntəqələrin ləğvi üçün əsas olmayıb. Məntəqələrin protokollarının DSK-nın yekun protokolu və MSK-nın saytında yayımlanan protokollarla uyğun gəlməməsinə münasibət bildirən R.İbrahimov deyib ki, bununla əlaqədar Məntəqə Seçki Komissiyalarının üzvlərinin izahatlarını alıblar. Komissiya üzvləri deyib ki, B.Hacıyevdəki protokollarda olan imzalar onlara məxsus deyil: “Komissiya üzvləri dedilər ki, bir çox protokollarda ancaq Bəxtiyar Hacıyevin özünə aid rəqəmləri yazıb veriblər ona”.
B.Hacıyev MSK nümayəndəsinin nəzərinə çatdırıb ki, birincisi, o protokollarda möhür var. İkincisi, MnSK üzvləri o rəqəmləri protokola yazanda rəqəmləri səsləndiriblər və bu barədə də video var.
B.Hacıyev onu da bildirib ki, 29 saylı dairənin cəmi 7 məntəqəsində məntəqə protokollarıyla DSK-nın yekun protokolundakı rəqəmlər üst-üstə düşüb. O 7 məntəqədə də N.Arpadarai cəmi 157 səs alıb.
“Bunu necə izah edə bilərsiz ki, 7 məntəqədə təxminən 8600 seçici arasında 23 gün təbliğat-təşviqat aparandan sonra cəmi 157 səs alan adam hərbi hissədə heç bir təbliğat aparmadan 1768 səs alır?”, – deyə B.Hacıyev MSK nümayəndəsindən soruşub.
R.İbrahimov belə cavab verib: “Kimə səs vermək seçicinin öz işidir…”
Təxminən iki saat davam edən məhkəmə prosesindən sonra Elmira Nağıyeva, Həmid Həmidov və Vidadi Məmmədovdan ibarət hakimlər kollegiyası B.Hacıyevin şikayətinin təmin olunmadığını elan edib.
B.Hacıyev fevralın 22-də apelyasiya məhkəməsinin qərarını alıb, Ali Məhkəməyə şikayət verəcəyini söyləyib.