Məhkəmə Azər Qasımlını da həbsdə saxladı

Azər Qasımlı, Foto: Meydan Tv

Həbs qətimkan tədbiri dəyişdirilmədi

Siyasi Menecment İnstitutunun rəhbəri, politoloq Azər Qasımlının həbs olunması barədə Yasamal Rayon Məhkəməsinin qərarından vəkilləri apelyasiya şikayəti vermişdi. Şikayətə dekabrın 13-də Bakı Apelyasiya Məhkəməsində baxılıb.

Məhkəmədə vəkil Fəxrəddim Mehdiyev bildirib ki, Azər Qasımlının həbsdə saxlanması üçün maddi və prosessual əsaslar yoxdur.

Vəkil Azər Qasımlının cinayət törətmədiyini vurğulayıb. Müdafiəçinin sözlərinə görə, Azər Qasımlının yaşayış yeri məlumdur, nüfuzlu şəxsdir, hətta onunla bağlı istintaq aparılırsa belə, həbsdə saxlanması vacib deyil. Alternativ qətimkan tədbiri seçilməklə də istintaq aparıla bilər. Vəkil çıxışının sonunda Azər Qasımlı haqqında Yasamal Rayon Məhkəməsinin qərarının ləğvini istəyib.

Azər Qasımlı özü də məhkəmədə iştirak edib və deyib ki, onun həbsi siyasi sifarişdir:

“Hədə-qorxu ilə tələb etmə ittihamı isə absurddur və növbəti saxtakarlıq nümunəsidir”.

Politoloq əlavə edib ki, Azərbaycanda həqiqəti dilə gətirən, ləyaqətli insanların yeri həbsxanadır.

Müstəntiq isə buna etiraz edib.

Bakı Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı bildirib ki, Apelyasiya məhkəməsindən başqa nəticə gözləmirdilər:

“Çünki ölkədə müstəqil məhkəmə sistemi yoxdur və hakimlər onlara sifariş verilən qərarları elan edirlər”.

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb.

Azər Qasımlı Cinayət Məcəlləsinin 182.2.3 (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə ittiham edilir. 

Dekabrın 9-da Yasamal Rayon Məhkəməsində hakim Orxan Məmmədlinin sədrliyilə onun haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Məhkəmədə Azər Qasımlının istintaq dövründə həbsdə saxlanması üçün müstəntiqin vəsatətinə və prokurorun təqdimatına baxılıb.

Azər Qasımlı həbsinin siyasi motivli olduğunu bildirərək deyib ki, həqiqətləri dilə gətirdiyinə, insanları aydınlandıran fikirlər səsləndirdiyinə görə cəzalandırılır.

Lakin hakim Orxan Məmmədli Azər Qasımlı haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərar verib.

Ana səhifəSiyasətMəhkəmə Azər Qasımlını da həbsdə saxladı