“Asif Yusifli ona aidiyyatı olmasa da, bütün məbləği ödəyib və hələ 1200 manat əlavə verdiklərini deyiblər, onu da ödəyib”
İyulun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Asif Yusifli və Təhsil Nazirliyinin keçmiş əməkdaşı Rafiq Hüseynovun məhkəməsi başlayıb.
AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ əlili Asif Yusifli 2014-cü il noyabrın 25-də həbs edilib. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320-ci (sənədlərin saxtalaşdırılması) maddələri ilə təqsirləndirilir. Yusifli ittihamı qəbul etmir və həbsdə saxlanmasını sifariş hesab edir.
Vəkil Fəxrəddin Mehtiyev “Amerikanın Səsi”nə müsahibəsində bildirib ki, bu gün məhkəmə istintaqı başlayıb. Məhkəmədə zərərçəkmiş şəxs ifadə verib.
“Zərərçəkmiş bildirdi ki, Asif Yusifliyə qarşı heç bir tələbi yoxdur. Maddi ziyan tam ödənilib və ərizəsini geri götürüb”, deyə vəkil qeyd edib.
2009-cu ildə zərəçəkmiş şəxs övladının Ukraynada ali təhsilini davam etdirməsi üçün təhsil haqqı olaraq Asif Yusifliyə 6 500 manat verib, Asif Yusifli də həmin vəsaiti bu işlərlə fiziki şəxs kimi məşğul olan tanışı, Təhsil Nazirliyinin keçmiş əməkdaşı Rafiq Hüseynova verib. Rafiq Hüseynov məhkəmədə təsdiq edib ki, 6 500 manatı alıb. Sonra iş düzəlmədiyindən söz verib ki, həmin məbləği qaytaracaq. 2010-cu ildə Rafiq Hüseynov başqa məsələlərlə bağlı həbs edilib və məbləği qaytara bilməyib. Bu zaman Asif Yusifli pulu özünün qaytaracağına söz verib. 1500 manat qaytarıb və sonra o, avtomobil qəzasına düşüb, məbləğin ödənilməsi gecikdirilib. Beləliklə, zərərçəkmiş şikayət edib.
“İstintaq bunu dələduzluq kimi tövsif edib. Halbuki, burada dələduzluqdan söhbət gedə bilməz. Tam mülki işdir. Sadəcə məbləğin ödənilməsi gecikdirilib. Dələduzluğun əlamətləri yoxdur. Çünki aldatma, birgə fəaliyyət, sui-istifadə halları yoxdur. İndi isə Asif Yusifli ona aidiyyatı olmasa da, bütün məbləği ödəyib və hələ 1200 manat əlavə verdiklərini deyiblər, onu da ödəyib”, deyə vəkil qeyd edib.
O, cinayət işinə xitam verilməsi və Asif Yusifli barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət verib.
“Çox təəssüf ki, məhkəmə vəsatəti təmin etmədi. Hesab edirlər ki, istintaq yekunlaşana qədər həbs qətimkan tədbiri dəyişdirilə bilməz. Onun həbsdə saxlanılmasına heç bir zərurət yoxdur. Asif Yusifli birinci qrup müharibə əlilidir. Əməlində cinayət tərkibi olmadığnı və şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, onun həbsdə saxlanılması yolverilməzdir”, deyə Mehdiyev bildirib.
Asif Yusifli ifadəsində ona qarşı cinayət işinin qaldırılmasının və həbsdə saxlanılmasının siyasi fəaliyyəti ilə bağlı olduğunu deyib.
“İndiyədək olan proses göstərir ki, bu, sırf qərəzli aparılan işdir və nəticə də ona uyğun ola bilər”, deyə o qeyd edib.