Məhkəmə “Arqument.az” saytının blokunun aradan qaldırılması işinə baxıb

Bundan əlavə prosesdə nazirliyin nümayəndələri iştirak etsə də, etibarnamələri yox idi.

Source:


“Nazirlik saytı bloklamadığı haqda məktub göndərib, amma bloklayıb”

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində sentyabrın 27-də “Arqument.az” saytının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı iddiasına baxılıb.

Proses hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilib. Məhkəmədə nazirliyin Elektron Təhlükəsizlik Mərkəzinin rəhbəri Faiq Fərmanovun çağırılması haqda vəsatət qaldırılıb.

Bu barədə Meydan TV-yə danışan saytın baş redaktoru Şəmşad Ağa bildirib ki, onların Faiq Fərmanova sualları var. O qeyd edib ki, nazirlik saytı bloklamadığı haqda məktub göndərdiyi halda, sayta blok qoyub:

“Bu baxımdan yaranan anlaşılmazlıqla bağlı suallarımız vardı. Hakim Elçin Məmmədov bildirdi ki, işi tam öyrənməyib, araşdırmalı məsələlər var. Bu səbəblərdən proses oktyabrın 22-ə qədər təxirə salındı. Bundan əlavə prosesdə nazirliyin nümayəndələri iştirak etsə də, etibarnamələri yox idi. Hakimə bildirdik ki, etibarnamələri yoxdursa, məhkəməyə hansı səlahiyyətlə qatılıblar? Hakim özü də onlara irad bildirdi”.

"Arqument.az" saytına giriş 8 aprel, 2019-cu il tarixdə məhdudlaşdırılıb. Yalnız vpn-lə də giriş mümkün olsa da, sonra DDOS hücumlar edilərək saytın bazası zədələnib.

Son illərdə meydan.tv, azadliq.org, azadliq.info, azerbaycansaati.tv, criminal.az, bastainfo.com, abzas.net, arqument.az, az24saat.org, xural.com, anaxeber.az, monitortv.info saytları bloklanıb. 2017-ci il mayın 12-də Səbail Rayon Məhkəməsinin qərarıyla Azadlıq Radiosunun, “Azadlıq” qəzetinin, Meydan TV-nin, ölkə xaricindən yayımlanan Turan TV-nin və “Azərbaycan saatı” televiziya proqramının saytları bloklanıb.

Məhkəmə qərarları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.

2017-ci il martın 10-da Milli Məclisin plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və “Telekommunikasiya haqqında” qanunlara dəyişikliklə internet resurslarının dövlət qurumu tərəfindən rəsmi qaydada bloklanma qaydaları qəbul edilib.

Ana səhifəSiyasətMəhkəmə “Arqument.az” saytının blokunun aradan qaldırılması işinə baxıb