Medvedev yeni regionların ilhaq anonsunu verdi: “Rusiyaya qoşula bilərlər”

Dmitri Medvedev. Foto: Max kolomychenko/shutterstock

Siyasi şərhçi: “Məncə, Medvedev Ukrayna ərazilərini nəzərdə tutur”

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiyada yeni regionların yaranacağını istisna etməyib.

Bu barədə o, dekabrın 14-də “Vahid Rusiya” Partiyasının qurultayında çıxışı zamanı danışıb.

Məlumatı TASS agentliyi yayıb.

Medvedevin sözlərinə görə, yeni regionlar da Rusiyaya qoşula bilər.

“Bu, tamamilə mümkündür”, – Rusiya Təhlükəsizlik Şurasının sədr müavini belə deyib.

“Əslində, bu təcrübə (Donbas və Novorossiyanın ilhaqı – red.) gələcəkdə də faydalı ola bilər, əgər tezliklə ölkəmizdə yeni, lakin çox yaxın regionlar yaranarsa. Bu, tamamilə mümkündür”, – o qeyd edib.

2022-ci il sentyabrın 23-27-də Ukrayna ərazisi olan Donetsk və Luqansk, həmçinin Zaporojye və Xerson vilayətləri referendumla Rusiyanın tərkibinə daxil edilib.

Ukrayna və Qərb dövlətləri isə referendumu tanımayıblar, bunu Rusiyanın növbəti işğalçı siyasəti kimi qiymətləndiriblər.

Bundan əvvəl isə Krım və Sevastopol 2014-cü ilin martında Rusiya tərəfindən ilhaq edilib.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavinin yeni açıqlaması isə bir sıra postsovet ölkələrində, xüsusən də, Moldovada müzakirələrə səbəb olub.

Bəs Medvedevin “yeni regionlar”la bağlı çağırışı nədən xəbər verir?

Siyasi şərhçi Şahin Cəfərli Meydan TV-yə deyir ki, Medvedevin bu açıqlaması, əsasən də, Ukrayna əraziləri ilə bağlıdır:

Siyasi təhlilçi Şahin Cəfərli
Source: Meydan TV

“Məncə, Medvedevin açıqlaması Ukrayna ilə bağlıdır. Söhbət Ukraynanın yeni regionlarının işğalından gedir. Yəni hazırda Rusiya ordusu Donbas cəbhəsində irəliləyir və Ukraynanın Dnepr vilayətinin inzibati sərhədlərinə yaxınlaşırlar. Sirr deyil ki, Rusiya bu hücumları uğurla davam etdirə bilərsə, onda Dnepr vilayətinə də soxulması tamamilə mümkündür. Eyni zamanda, Rusiyanın Ukraynanın strateji əhəmiyyəti yüksək olan ərazilərində, xüsusən də, Odessa vilayəti üzərində də iddiası var. Məqsəd Ukraynanı dənizdən təcrid etməkdir. Yəni imkanı və gücü olsa, Ukraynanın yeni regionlarını da işğal etməyə cəhd göstərəcək. Məncə, Medvedev bütün bunları nəzərdə tutub”.

Medvedevin bu açıqlaması ilə bağlı Moldovada yaranan narahatlıqlara gəlincə, siyasi şərhçi hesab edir ki, Rusiyanın postsovet məkanı ilə bağlı iddiaları davam edir:

“Aydındır ki, Rusiyanın, xüsusən, Moldova ilə bağlı iddiaları da davam edir. Moldovada prezident seçkilərinə və referenduma ciddi müdaxilə etdilər, amma istəklərinə nail olmadılar. Gələn il Moldovada parlament seçkiləri keçiriləcək. Şübhəsiz, Rusiya o seçkilərə də Moldova daxilində özünəyaxın qüvvələrlə çox fəal işləyəcək və çalışacaq ki, rusiyayönümlü qüvvələr parlamentdə çoxluğa nail olsunlar. Moldovada əslində parlamentar sistemdir və qanunverici orqanda hansı qüvvə çoxluqdadırsa, hökuməti də o formalaşdırır. Bu baxımdan Rusiyanın Moldovadakı parlament seçkilərinə müdaxilə edəcəyi də şübhə doğurmur”.

“Bir sözlə, postsovet məkanı Putin rejimi üçün həyati maraq zonasıdır və bu proseslərə Rusiya hər zaman müdaxilə edib, Putin rejimi ayaqda qaldığı müddətdə də bu müdaxilələr davam edəcək”, – deyə Cəfərli vurğulayıb.

Rusiya-Ukrayna müharibəsinin qısa xronikası

Rusiya Ukraynaya qarşı 2022-ci il fevralın 24-də müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Yüzlərlə rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunub.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən 27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Ukrayna və Qərb ölkələri isə referendumu saxta adlandırıb

Ana səhifəDünyaMedvedev yeni regionların ilhaq anonsunu verdi: “Rusiyaya qoşula bilərlər”