Mediaya xərclənən büdcə pulları: Azərbaycan prezidenti mətbuatı necə satın alır?

2010-2015-ci illərdə ölkə başçısı İlham Əliyev dövlət büdcə gəlirlərinin 76 mln manatını mətbuata ayırıb.

Source:
İlham Əliyev
İlham Əliyev

2010-2015-ci illərdə ölkə başçısı İlham Əliyev dövlət büdcə gəlirlərinin 76 mln manatını mətbuata ayırıb. Bu məbləğ dövlət büdcəsinin 0.07 faizini təşkil edib.

“KİVDF sədri Vüqar Səfərli vasitəsilə biz ölkə prezidentindən xahiş etmək niyyətindəyik ki, media orqanlarına ayrılan vəsait müəyyən qədər qaldırılsın ki, biz onun vasitəsilə bir sıra məsrəfləri qarşılaya bilək”. Bunu milli valyuta devalvasiyaya uğrayandan sonra, ”Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu musavat.com saytına müsahibəsində deyib.

Bir il ərzində qəzetin KİVDF-dən 120 min manat aldığını qeyd edən baş redaktor bildirib ki, ötən il bu məbləğ 150 min dollara bərabər olub: “Bu gün isə həmin məbləğ 80 min dollar məbləğində alıcılıq qabiliyyətinə malikdir. Bu, iki dəfə itki deməkdir”.

Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, 2010-2015-cü illərdə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 76 milyon manat Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) vasitəsilə mətbuata ayrılıb. Bu rəqəm qeyd olunan illər üzrə dövlət büdcə gəlirlərinin 0.07 faizini təşkil edib.

Bu illər ərzində 19.6 mln manat qəzetlərin maliyyələşdirilməsi, 56.4 mln manat isə mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması proqramı çərçivəsində tikilən yaşayış binalarının inşasına ayrılıb.

KİVDF – prezidentin maliyyələşdirdiyi fond

İlham Əliyev 2008-ci il iyulun 31-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılmasına dair sərəncam imzaladı. Fondun nizamnaməsində qeyd olunur ki, qurumun əsas məqsədi söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, jurnalistlərin sosial müdafiəsini gücləndirməkdir.

Fondun qəbul etdiyi qaydalara əsasən, qəzetlər KİVDF-nin elan etdiyi müsabiqə şərtlərinə uyğun layihə təqdim edir və il ərzində iki dəfə olmaqla 35-ə qədər qəzetə fonddan vəsait ayrılır.

2010-cu ildən 2015-ci ilədək “Yeni Musavat” qəzeti KİVDF-dən layihə çərçivəsində 570 min, “Azadlıq” qəzeti isə 2014-cü ilədək 240 min manat yardım alıb.

KİVDF-dən qəbul olunan vəsaitlər
KİVDF-dən qəbul olunan vəsaitlər

Fondun illik hesabatlarından məlum olur ki, KİVDF əsasən Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan  maliyyələşir. “Büdcə sistemi haqqında” Qanuna görə, Prezidentin Ehtiyat Fondunun həcmi dövlət büdcəsi gəlirlərinin 2 faizindən çox olmamaqla müəyyən olunur. Bu fonda transfer olunan məbləğ parlamentin ratifikasiyası olmadan, prezidentin verdiyi sərəncamlar üzrə xərclənir.

155 mənzilin  80 – i qəzet redaktorları və  jurnalistlərə verilib

2010-cu ildə  İlham Əliyev  Azərbaycan mətbuatı işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında sərəncam imzaladı. Sərəncama əsasən,  dövlət vəsaiti hesabına 17 mərtəbəli, iki bloklu, 156 mənzilli bina tikildi. 2013-cü il iyulun 22-də Milli Mətbuat Günü münasibətilə bu binadan qəzet redaktorları da daxil olmaqla, 155 jurnalistə mənzil hədiyyə olundu. Mənzillərin 80 – i qəzetlərin payına düşdü. 2015-ci il dekabrın 24-də, prezidentin ad günündə mənzillərə “kupça” verildi. Mənzil hədiyyə alan jurnalistlər arasında “Yeni Müsavat” qəzetinin 3, “Azadlıq” qəzetinin 2 əməkdaşı olub.

KİVDF-nin 2013-cü ilə dair hesabatında qeyd olunur ki, təhvil verilən binanın inşasına 22 milyon, 396 min, 316  manat xərclənib.

2013- cü ildə prezident jurnalistlər üçün ikinci binanın tikintisi ilə bağlı sərəncam imzaladı.  Contact.az  Dövlət Satınalmaları Agentliyinə istinadən yazıb ki, iki il ərzində üç bloklu 255 mənzillik binanın inşasına 34 mln manat ayrılıb.

KİVDF sədri Vüqar Səfərli ötən il musavat.com-a deyib ki, ikinci bina 2016-cı ildə istifadəyə veriləcək: “Dünyanın heç bir yerində jurnalistlərə pulsuz ev verilməsi halı yoxdur. Jurnalistlərə 2013-cü ildə verilən mənzillər tam təmirli olub, gələn il də jurnalistlərə veriləcək mənzillər tam təmirli olacaq”.

Tiraj itkisi: “Yeni Müsavat” 50, “Azadlıq” 25 faiz

Qəzetlərin ilin yekununda dərc olunan nüsxələrini müqayisələndirəndə məlum olur ki,  həm “Yeni Müsavat”,  həm  də “Azadlıq” qəzetləri 2010-cu ildən 2013-cü ilə qədər tiraj stabilliyini qoruyub saxlayıb. Hətta qəzetlərin çap sayında nisbətən artım da olub. 2013-cü ildən başlayaraq, kəskin tiraj enişi müşahidə olunub.

“Yeni Müsavat” qəzeti 2010-cu ildən  2015-ci ilə 50 faiz, “Azadlıq” qəzeti isə 25 faiz tiraj itkisi ilə çıxıb.  Dövlət büdcəsindən maliyyə dəstəyi alan “Yeni Müsavat”ın tirajı 2014-cü ildən etibarən dəstək almayan “Azadlıq” qəzetinin tirajından daha çox düşüb.

YM və Azadlıq qəzetlərinin tiraj diaqramı
YM və Azadlıq qəzetlərinin tiraj diaqramı

“Satışdan gələn 70 min manat gəlirimizi “Qasid” firması hələ də verməyib. Çapa olan borcumuz 20 min manatı keçib. İşçilərimizin bəziləri hələ altı ay əvvəlin maaşını alır”- “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli Meydan TV – yə deyib. Redaktor həmçinin əlavə edib ki, qəzetin gəlirləri siyasi sifariş əsasında verilmir: “Məqsəd qəzeti tamamilə çökdürməkdir”.

Redaktor hesab edir ki, qəzetlərin büdcədən yardım alması xəbər siyasətinə də təsir edir: “KİVDF-nin layihələri haqqında araşdırma hazırlamışdım. Amma  “Azadlıq” qəzeti onu dərc etmədi. Çünki həmin vaxt biz də KİVDF-dən qrant alırdıq.”

“Bu, rüşvət kimi qiymətləndirilməlidir”

Jurnalist Şahvələd Çobanoğluya görə, icra hakimiyyətinin mətbuata pul ayırması ölkə Konstitusiyasının prinsiplərinə, söz azadlığı standartlarına, demokratik ənənələrə ziddir: “Bu, rüşvət kimi qiymətləndirilməlidir”.

Ş.Çobanoğlu qeyd etdi ki, dünya təcrübəsində mətbuata dəstək anlayışı var, amma bu, Azərbaycanda olduğundan fərqlidir: “Bir çox ölkələrdə pulsuz abunə kampaniyası var. Gənclər abunə yazılacağı qəzeti özləri seçir, abunənin pulu isə büdcədən ödənilir. Pulun kimə çatacağını oxucular, xalq müəyyən edir”.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsinin Cənubi Qafqaz redaktoru Dave Bloss hesab edir ki, ancaq dövlət televiziyası, radio və qəzeti büdcədən maliyyələşə bilər: “ABŞ-da “İctimai” televiziyanı çıxmaq şərtilə belə bir təcrübə yoxdur”.

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, mətbuata ayrılan 76  milyon manat kifayət qədər böyük məbləğdir: “Dövlət xaricdə təhsil alan 1 tələbəyə 45-50 min manat xərcləyir. 76 milyon manata xarici ölkələrə 1500-1600 tələbə göndərmək olardı”.

Media azadlığı indeksi cədvəli
Media azadlığı indeksi cədvəli

Azərbaycanda media azadlığının vəziyyəti ilə bağlı  beynəlxalq jurnalist təşkilatları monitorinqlər həyata keçirir. Sərhədsiz Repartyorlar təşkilatının 2014-cü ildə media azadlığı indeksinə dair hazırladığı hesabata əsasən Azərbaycan 180 ölkə arasında 160-cı, 2015-ci ildə iki pillə geriləyərək 162-ci yerdə  olub.  Azərbaycan  Cənubi Qafqaz ölkələri arasında media azadlığı indeksinə görə Gürcüstan və Ermənistandan  çox geri qalır.

KİVDF- İnfoqrafika
Ana səhifəXəbərlərMediaya xərclənən büdcə pulları: Azərbaycan prezidenti mətbuatı necə satın alır?