Ekspert qərarı qanunsuz sayır, baş redaktor şikayət verəcəyini deyir
Medianın İnkişafı Agentliyinin müraciəti əsasında “dia.az” saytının fəaliyyətinin dayandırılmasına qərar verilib.
Bu qərarı Bakı Apelyasiya Məhkəməsində Aytən Oruczadənin sədrliyilə, Xəyalə Cəmilova və Rəşid Səmədovdan ibarət hakimlər kollegiyası çıxarıb.
Medianın İnkişafı Agentliyinin iddiası əsasında cəmi bir məhkəmə iclası keçirilib.
Noyabrın 14-də keçirilən həmin iclasda cavabdeh tərəf – “dia.az” saytının rəhbəri Məhəmməd Zamanov (Ərsoy) iştirak etməyib.
Məhəmməd Ərsoyun sözlərinə görə, o, öncədən məhkəməni xəbərdar edib ki, noyabrın 14-nə təyin edilmiş iclasda iştirak edə bilməyəcək.
Bu səbəbdən məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş edib, lakin buna əhəmiyyət verilməyib.
Sayt rəhbəri Bakı Apelyasiya Məhkəməsinin qərarını qanunsuz və əsassız sayır.
O, Ali Məhkəməyə kassasiya şikayəti verəcəyini bildirib.
Medianın İnkişafı Agentliyi saytın fəaliyyətinin dayandırılması barədə iddiasını onunla əsaslandırıb ki, saytın sahibi “Media haqqında” Qanuna görə, 6 ay ərzində Media Reyestrində qeydiyyatdan keçmək üçün müraciət etməyib.
Media hüququ üzrə ekspert Xalid Ağaliyev də qərarı əsassız sayır.
O həmçinin məhkəmənin saytın fəaliyyətinin dayandırılması haqda iddianı tələsik təmin etməsinə diqqət çəkir.
Deyir ki, 5-10 dəqiqəlik formal iclaslar vasitəsilə mediaya qarşı ən sərt müdaxilələr tətbiq edən məhkəmə təcrübəsi təəssüf doğurur.
“Bir media orqanının fəaliyyətinə belə asanlıqla xitam verilməməlidir. Belə asanlıqla məhkəmə qərarının çıxarılması izaholunmazdır. Bu, ifadə, media azadlığı hüququnun aşkar pozuntusudur. Belə mürtəce təcrübələrin ağrısını gec-tez dövlət, cəmiyyət çəkir”, – hüquqşünas vurğulayıb.
Onun sözlərinə görə, Media Reyestrində qeydiyyatdan keçmək istəyən, lakin imtina cavabı alan bir sıra saytların rəhbərləri uzun müddətdir ki, imtina cavabına görə Medianın İnkişafı Agentliyini məhkəməyə verib. Lakin onların şikayəti ilə bağlı bir ildir ki, qərar verilmir:
“Məsələn, az24saat onlayn media resursu ötən ilin noyabrında məhkəməyə şikayət etmişdi. Həmin iş üzrə 1 il ərzində yekun qərar verilməyib. “Mingəçevir işıqları” qəzetinin məhkəmə işi də eləcə, bir ildir qərar verilməsini gözləyir…”.
“Mingəçevir işıqları” qəzetinin rəhbəri Fərman Nəbiyev də ekspertin dediklərini təsdiqləyib.
“Qəzetimizi Media Reyestrinə daxil etmədiyi üçün Media Agentliyini bir il əvvəl məhkəməyə vermişik. Hələ ki, səs-səmir yoxdur”, – Fərman Nəbiyevin sözləridir.