Nazir sön bir ildə görülən işlərdən danışıb
Mədəniyyət Nazirliyi ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib.
“Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçririlən tədbirdə mədəniyyət naziri Anar Kərimov il ərzində görülmüş işlər haqqında danışıb.
Bildirib ki, ilin əvvəlində doqquz hədəfdən ibarət plan hazırlanıb.
Bunlar: Mədəniyyət sahəsində və idarəetmə sistemində islahatların aparılması; Mədəniyyət və yaradıcılığın inkişafı, məzmunun zənginləşdirilməsi; Yeni mədəni dəyərlərin yaradılması; Yaradıcı sənayelərin inkişafı; Mədəni irsin qorunması, bərpası və inkişafı; Mədəniyyətin Qarabağa qaytarılması, işğaldan azad edilmiş ərazilərdə mədəni irsin və infrastrukturun bərpası; “Nizami Gəncəvi ili” ilə bağlı yerli və beynəlxalq səviyyədə tədbir və layihələrin keçirilməsi; Azərbaycan mədəniyyətinin dünyada təbliğinin gücləndirilməsi, beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi; Azərbaycan mədəniyyətinin ölkə daxilində təbliği, məqsədilə layihə və tədbirlərin keçirilməsi; COVİD-19 pandemiyası ilə əlaqədar mədəniyyət sahəsində yaranan çağırışların həll edilməsidir.
Nazir kinematoqrafiya sahəsində əldə olunan uğurlardan danışıb. Gənc rejissorların iyirmidən artıq beynəlxalq kinofestivalda iştirak edərək, müxtəlif mükafatlar qazandığını vurğulayıb. Həmçinin keçirilən müsabiqə, festival və islahatlar haqqında məlumat verib.
Kino sahəsində görülən işləri mühüm sayıb:
“Azərbaycan Film Komissiyasının yaradılması, “Azərbaycanfilm” kinostudiyasında islahatlar, həmçinin təmir işləri, XII Bakı Beynəlxalq Qısametrajlı Filmlər Festivalı, VI ANİMAFİLM Beynəlxalq Animasiya Filməri Festivalı, DOKU-BAKU Beynəlxalq Beynəlxalq Sənədli Film Festivalı, “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” Film Layihəsi Müsabiqəsi, “Böyük qayısıdış” Qısametrajlı Film Layihəsi müsabiqəsi kino sahəsi üçün görülən vacib işlərdəndir”.
Nazir həmçinin musiqi sahəsində əldə olunan uğurlara toxunub. XVI Beynəlxalq Bakı Caz Festivalı, XII Qəbələ Musiqi Festivalı, İkinci Qarabağ müharibəsi qələbəsinə həsr olunmuş bəstəkarlıq müsabiqəsini qeyd edib.
Teatr sahəsində də 2021-ci ildə yaddaqalan tədbirlərin olduğunu bildirib.
4.4 Qısa Tamaşalar Festivalını diqqətə çatdırıb. Həmçinin 7-ci Bakı Beynəlxalq Kitab Sərgisi, Müstəqil Komissiya vasitəsilə nəşrlətin satınalınması müsabiqəsini vurğulayıb.
Görülən işlər siyahısında Azərbaycan Film Fondu Arxivindən 100-ə yaxın filmin bərpası işləri də var.
Nazir çıxışı zamanı Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam, Tərtər, Laçın və Kəlbəcərdə aparılan monitoriqlərdən danışıb. Bildirib ki, 403 dövlət qeydiyyatında olan tarixi-mədəniyyət abidəsinə baxış keçirilib. Bundan başqa, dövlət qeydiyyatında olmayan 162 tarixi, memarlıq, arxeoloji mənşəli obyektlər müəyyən edilib.
864 mədəniyyət müəssisəsindən 462 kitabxana, 348 klub, 20 muzey, 26 uşaq musiqi məktəbi, 1 kinoteatr, 3 kinoklub, 2 teatr, 2 qalereya haqqında məlumatlar toplanıb, təsnifatlandırılıb. Nazir abidə və müəssisələrin 95-nin dağıdıldığını diqqətə çatdırıb.
Şuşada yerləşən 45 abidənin üzərinə məlumat lövhələri quraşdırılıb, həmçinin abidələrin elektron xəritələri hazırlanıb. Bu il ölkədə 110 mədəniyyət abidəsinin pasportu və abidələrin mühafizə zonası üzrə 72 layihə təsdiq edilib.
Anar Kərimov Ağdam, Cəbrayıl və Füzulidə İşğal və Zəfər muzeyləri, memorial komplekslərin layihələndirilməsi prosesinin davam etdiyini diqqətə çatdırıb.
Əlavə edib ki, bu il yaradılan Qarabağ Kitab Fondunda artıq 60 minə yaxın kitab toplanıb. Fondun yaradılmasında məqsəd Qarabağdakı kitabxanaları kitabla təmin etməkdir.
Görülən işlər siyahısında həmçinin Şuşada Bülbülün ev-muzeyinin bərpası, “Vaqif poeziya günləri”nin bərpası, Xarı Bülbül Festivalı, Milli Musiqi Günü münasibətilə Şuşada XIII Üzeyir Hacıbəyli Musiqi Festivalının keçirilməsi də var.
Nazir çıxışı zamanı bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin yaradılması nəzərdə tutulur.