Mədəniyyət naziri: “Musiqi məktəblərində korrupsiya halları var”

Musiqi məktəbi.

Anar Kərimov bir ildən artıqdır ki, yoxlamaların aparıldığını deyir

Beynəlxalq Muğam Mərkəzində “İncəsənət məktəblərində islahat prosesləri: nailiyyətlər və məqsədlər” mövzusunda müşavirə keçirilib.

Müşavirədə mədəniyyət naziri Anar Kərimov, ölkə üzrə uşaq musiqi, həmçinin incəsənət məktəblərinin direktorları və nümayəndələri iştirak ediblər.

Musiqi məktəblərində ciddi korrupsiya pozuntuları

Nazir müşavirədən öncə jurnalistlərə açıqlamasında bir ildən çoxdur ki, regionlardakı mədəniyyət müəssisələrində yoxlamaların aparıldığını deyib.

O bildirib ki, yoxlamalar nəticəsində musiqi məktəblərində ciddi korrupsiya pozuntuları aşkarlanıb:

“Sirr deyil ki, bu pozuntular içərisində korrupsiya halları var. Musiqi məktəblərində nəzarət sisteminin olmaması, “ölü canlar” və digər bu kimi pozuntu halları aşkarlanıb. Bu pozuntular musiqi məktəblərinin fəaliyyətinə mənfi təsir göstərir”.

Müəllim və şagirdlərin davamiyyəti elektron cihazlarla izləniləcək

Nazir həmçinin bildirib ki, 210 uşaq musiqi və incəsənət məktəblərində müəllim və şagirdlərin davamiyyətinə nəzarət etmək məqsədilə barmaq izlərinı oxuyan xüsusi cihazlar quraşdırılıb.

Onun sözlərinə görə, bu yolla tədris aparılmadığı təqdirdə maaş verilməsi hallarının qarşısı alınacaq:

“Uşaq musiqi və incəsənət məktəblərində elektron sistemin tətbiq edilməsi vacib məsələdir. Bir şagirdin formal olaraq bir neçə məktəbdə təhsil alması və yaxud da hansısa bir müəllimin bir neçə məktəbdə dərs deməsi mümkün olmayacaq”.

Musiqi müəllimlərinin attestasiyası aparılacaq

Nazir çıxışında onu da deyib ki, musiqi və incəsənət məktəblərində şagirdlərin qəbulunda da yeni sistem üçün hazırlıqlar aparılır. Eyni zamanda, hazırda musiqi və incəsənət məktəblərində dərs deyən müəllimlərin iki mərhələli şəkildə attestasiyası da aparılacaq.

Nazir 2022-ci ilin sonuna kimi attestasiyanın birinci mərhələsinin keçirilməsinin planlaşdırıldığını deyib.

Mədəniyyət naziri Anar Kərimov hələ 2021-ci ilin dekabrında demişdi ki, musiqi məktəblərində qeyri-şəffaf prosedurlar mövcuddur.

Nazir musiqi müəllimlərinin işə qəbulu prosesinin Dövlət İmtahan Mərkəzinin (DİM) səlahiyyətinə verilməsi təklifini irəli sürmüşdü:

“Bu istiqamətdə yeni bir yol xəritəsi cızmaq istəyirik. Müəllimlərin işə qəbulu ilə bağlı müəyyən meyarlar, metodologiya tətbiq edilsin. İstəyirik ki, bu prosesə ixtisaslaşmış qurumları, həmçinin Dövlət İmtahan Mərkəzini cəlb edək. Mədəniyyət Nazirliyi isə prosesdən kənarda dayansın”.

Anar Kərimov
Foto: Azertac

2022-ci ilin iyulunda Baş Prokrurorluğun mətbuat xidməti Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2021-ci il və 2022-ci ilin birinci yarısında Mədəniyyət Nazirliyinin müraciəti əsasında 11 halda araşdırma aparılması ilə bağlı məlumat yaymışdı.

Bildirilirdi ki, Mədəniyyət Nazirliyinin müxtəlif rayonlarda yerləşən müəssisələrinin rəhbərlərinə qarşı cinayət işləri başlanıb.

Nəticədə Bakı, Bərdə, Şamaxı, Ağcabədi və Kürdəmir rayonları ərazisində yerləşən mədəniyyət müəssisələrinin rəhbər vəzifəli şəxslərinin əsasən dələduzluq, mənimsəmə və israfetmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı cinayətləri törətmələri faktlarına dair 8 cinayət işi başlanıb.

2022-ci il oktyabrın 6-da Meydan TV-yə anoloji şikayət daxil olub.

Ağcabədi rayonu Hindarx qəsəbə Uşaq Musiqi Məktəbinin direktor müavini, tar müəllimi Zöhrab Hüseynov iddiasında məktəbin direktoru İlkin Ağalarovu korrupsiyada ittiham edib.

Ekspert Nabatəli Qulamoğlu isə bildirmişdi ki, məktəblərdən yığılan pulların əsas hissəsi direktorlar tərəfindən icra başçılarına verilir.

Ana səhifəMədəniyyətMədəniyyət naziri: “Musiqi məktəblərində korrupsiya halları var”