Məcburi köçkünlər etiraz edir: “Uşaqlarımız soyuqdan qırılır”

“Bura heç kimin dədəsinin anarxiyası deyil. Qoy çəkiliş eləsin. Donur, ölür nəvələrimiz”.

Məktəbin qarşısına toplaşan valideynlər mərkəzi istilik sisteminin verilməməsinə görə etiraz edir.

Şuşa rayon 7 nömrəli məktəbin şagirdləri dərslərdə üst geyimi, tibbi maska ilə otururlar. 

“Uşaq bağçası düzəltmisənsə, istiliyini ver. Məktəb tikmisənsə, istiliyini ver. Əgər istilik verə bilməyəksənsə, bu camaatı burada niyə qırırsan?”

Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yaşayış kompleksində noyabrın 15-dən gözlənilən mərkəzi istilik sistemi işə düşməyib. 

“Elə bil ki, 810 ailəni gətirib töküblər Harami düzünə. Deyiblər ki, yiyəsiz qalın burada. Nə bir işlə təmin edir, nə bir şey. Uşaqları yorğan-döşəyə büküb, səhərə kimi oturub onlara baxmışam. Kiminsə imkanı varsa, bir yerdən 1 manat qazanıb gətirə bilirsə, xoş onun halına ki, istiliyə pul vura bilir. Olmayanlar isə pis vəziyyətdə yaşayır. Biz azərbaycanlı deyilik? Belə olmaz axı. Özləri yaxşı şəraitdə, isti evlərində yatıblar. Belə dövlət olar?!”

“Mənim şikayətim onların hamısındandır. Biri deyir ki, istilik verməlidir, biri deyir, qaz verməlidir, o biri deyir, filankəsin filankəsə borcu var. Mənə nə dəxli var ki, kiminsə kimə borcu var? Gəlirlər mənim yanıma, mən də onların pulunu verirəm. Pul vermirəmsə, desin ki, niyə pulumu vermirsən? Sənin istiliyini kəsirəm. Bütün dünyaya qaz verən Azərbaycanın balalarını yığıb burada qırırlar”.

“Baxın, burada yanğın olub. Qızdırıcı qoşublar, yanıb. Qaçqınkom deyir ki, “Azəristiliktəchizat” baxır, “Azəristiliktəchizat” da deyir Qaçqınkom baxır. O atır bunun üstünə, bu da onun. Biz də burada qırılırıq”.

2019-cu ildə ölkə başçısı İlham Əliyevin iştirakı ilə açılışı edilən yaşayış kompleksində 2 qazanxana istifadəyə verilib. Sakinlər danışır ki, ilk iki il ərzində istilik problemi yaşamayıblar. Ta ki, ötən ilin noyabrınadək.

“İki il bizə demədilər ki, istiliyi ödə. Üçüncü il gəldilər ki, ödəyin. Biz də dedik ki, ödəmirik, dövlət pulsuz verir. Ondan sonra dedilər ki, adama 20 manatdan pul yığın, verin qaz idarəsinə, sizin istiliyinizi versinlər. Biz də 810 ailə 20 manatdan yığdıq…”

“Azəristiliktəchizat”-ın mətbuat xidmətinin rəhbəri Elvin Basqallı bildirib ki, binalara istilik verilməsi ilə bağlı qurum məsuliyyət daşımır.

“Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün olan yaşayış qəsəbəsindəki qazanxanalar “Azəristiliktəchizat” ASC-nin balansında deyil. Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin balansındadır. Dövlət Komitəsi arzu edərsə ki, həmin qazanxanalar “Azəristiliktəchizat” ASC tərəfindən idarə edilsin… Burada artıq fərq var. Qazanxananın idarə edilməsi başqa, balansa verilməsi digər bir fikri ifadə edir. “Azəristiliktəchizat” ASC tərəfindən idarə edilməsinin istəyərsə, bununla bağlı bizim quruma müraciət edə bilərlər”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev isə deyir ki, komitənin məsələ ilə bağlı müraciətləri nəticəsiz qalıb. “Azəristiliktəchizat” binaların istismara hazırlıq aktına imza atsa da, qazanxanaları balansına götürməyib. Kompleksdə ötən illərdə istiliyin necə təmin olunması, sakinlərdən nə üçün ödəniş toplanılması ilə bağlı suallarımız komitə tərəfindən cavablandırılmayıb.

“Girirəm sinifə, uşağa deyirəm ki, paltonu geyin, otur. O, palto ilə dərs keçə bilməz. Bunların hamısını mən bilirəm, amma bu istilik məktəbin əlində deyil. Qazanxana təhvil verilməyib. Balansda yoxdur o qazanxana”-məktəbin direktoru Elçin Dadaşov deyir.

Qurumların məsuliyyəti bir-birinin üzərinə atdığı vaxtda məktəbdə sinifləri elektrikli qızdırıcılarla isitməyə çalışırlar. Valideynlər artıq uşaqlarını dərsə yollamaqda tərəddüd edirlər.

Ana səhifəVideoMəcburi köçkünlər etiraz edir: “Uşaqlarımız soyuqdan qırılır”